Azərbaycanın 30 illik işğaldan sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi nəhəng bərpa proqramı təkcə ərazilərin dirçəldilməsi deyil, həm də regionun iqtisadi-sosial həyatının yeni model üzrə qurulması deməkdir. Bu model Qarabağı bütövlükdə Cənubi Qafqazın ən dinamik inkişaf mərkəzlərindən birinə çevirməyi hədəfləyir.
Bu modelin müəllifi isə qələbəmizin memarı olan Prezident İlham Əliyevdir. Məhz onun rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma prosesi ölkənin müasir inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. 
Əlaqələndirmə Qərargahı və “Böyük Qayıdış”
2020-ci il 24 noyabr tarixində - Vətən müharibəsinin başa çatmasından cəmi 2 həftə sonra Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə idarəetmənin mərkəzləşdirilmiş, çevik və koordinasiyalı şəkildə həyata keçirilməsi üçün Əlaqələndirmə Qərargahının yaradılması ilə bağlı Sərəncam imzaladı.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin rəhbərlik etdiyi bu qurum ötən beş il ərzində bərpa prosesinin bütün mərhələlərini vahid platformada birləşdirərək həm idarəetmə modelinin dayanıqlığını təmin etdi, həm də bölgədə paralel aparılan genişmiqyaslı layihələrin sinxronlaşdırılmasına şərait yaratdı. 
2022-ci il 16 noyabr tarixində təsdiqlənən “Böyük Qayıdışa dair I Dövlət Proqramı” isə artıq bu prosesə strateji məzmun və uzunmüddətli inkişaf vizyonu gətirdi. Proqram yalnız bərpa deyil, həm də yeni iqtisadi modelin qurulmasını hədəfləyərək azad edilmiş ərazilərdə müasir sənaye zonalarının, nəqliyyat-logistika qovşaqlarının və yaşıl enerji infrastrukturunun yaradılmasını vahid yol xəritəsinə çevirdi.
Bütün bu proseslərin fonunda minatəmizləmə, bərpa və yenidənqurma işlərinin intensivliyi xüsusi vurğulanmalıdır. Bu gün artıq 62 mindən çox insan azad edilmiş ərazilərdə yaşayır, çalışır və təhsil alır. Bu göstərici təkcə fiziki qayıdışın deyil, iqtisadi və sosial həyatın sürətlə normallaşmasının faktiki təsdiqidir.
Qarabağın yeni sənaye xəritəsi: Ağdam və Cəbrayıl nümunələri
Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, regionunun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. 
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük anbarlarının, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması müəyyənləşdirilib. Sənaye parkında hazırda 19 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Parkda hazırda 3 müəssisə fəaliyyət göstərir.
Sahibkarlar üçün güzəştlər
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər.
Üstəlik, onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.
Müasir hava limanları
Beş illik dövr ərzində Qarabağ və Şərqi Zəngəzurda nəqliyyat infrastrukturunun qurulması istiqamətində də çoxsaylı addımlar atılıb. Füzuli, Zəngilan və Laçında beynəlxalq standartlara cavab verən üç hava limanı inşa olunub. 
Laçın Beynəlxalq Hava Limanı isə dağlıq relyefə baxmayaraq mühəndislik baxımından ən mürəkkəb və unikal nümunələrdə biri hesab olunur. Onun təməli 16 avqust 2021-ci ildə qoyulub, açılışı isə 2025-ci il mayın 28-də baş tutub.
Yeni salınan avtomobil və dəmir yolları
Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı inkişafın və həyat səviyyəsinin təmin olunması ilə bağlı avtomobil yolları infrastrukturunun təmir və bərpası, yenidən qurulması, həmçinin yeni avtomobil yollarının tikintisi əsas prioritetlərdəndir. 60 layihə üzrə ümumi uzunluğu 3501,6 kilometr olan avtomobil yollarının tikintisi qismən icra olunub. Avtomobil yolları üzərində ümumi uzunluğu 69,1 kilometr olan 45 tunelin tikintisi aparılır. 
Qarabağın zəngin təbiəti və çoxşaxəli turizm potensialı
Qarabağ dünyanın az sayda bölgələrindəndir ki, burada ekoturizmdən qış turizminə, aqroturizmdən ekstremal turizmə, şərabçılıqdan sağlamlıq və kurort turizminə qədər bütün əsas istiqamətlərin inkişafı üçün ideal imkanlar mövcuddur.
İşğaldan sonrakı dövrdə bölgədə turizm infrastrukturunun yaradılması, turizm informasiya mərkəzləri, parklar, mehmanxanalar və istirahət komplekslərinin inşası həyata keçirilib. Görülən işlər nəticəsində, Qarabağ təkcə yerli deyil, eyni zamanda xarici turistlərin də üz tutduğu məkana çevrilir.
Yaşıl enerji zonası
İşğaldan azad edilmiş ərazilərlə bağlı iqtisadi inkişaf kursunda bu ərazilərin “yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur.
Dövlət başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli Sərəncam imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.
Ötən dövr ərzində görülən işlər nəticəsində ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz “yaşıl enerji” hesabına təmin edilib və tələbatdan artıq qalan həcm ölkə enerji sisteminə ötürülür. 
Azərbaycan modelinin mahiyyəti
Beş illik fəaliyyət göstərir ki, Qarabağın bərpası yalnız fiziki infrastrukturun tikintisi deyil. Bu, dövlətçilik fəlsəfəsinin təcəssümüdür. Azərbaycan təkcə dağıdılmış coğrafiyanı qaytarmır, həm də müasir planlaşdırma prinsiplərinə əsaslanan yeni həyat məkanı yaradır. Bu bölgə artıq ölkənin iqtisadi sisteminin ayrı bir seqmenti deyil — onun mühüm arteriyasına çevrilir.
Qarabağda görülən işlər Azərbaycanın gələcək onilliklərinə təsir edəcək strateji prosesdir. Sürətli bərpa işi, müasir şəhərsalma yanaşması, iqtisadi ekosistemin yenilənməsi, insanların qayıdışı və dövlət siyasətinin ahəngdar şəkildə həyata keçirilməsi Qarabağı tədricən ölkənin ən dinamik inkişaf zonası kimi formalaşdırır.
Dirçəlişdən gələcəyə doğru
Bu gün Qarabağa baxanda yalnız tikilən yolları, bərpa olunan şəhərləri və yüksələn binaları görmürük. Burada Azərbaycan dövlətinin iradəsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, iqtisadi gücün yenilənməsi, sosial həyatın yenidən qurulması və müasirliklə ənənənin birləşdiyi böyük bir transformasiya görünür.
Qarabağ artıq təkcə bərpa olunan ərazi deyil — Azərbaycanın gələcək inkişafının başlanğıc nöqtəsidir. Bu torpaqlarda baş verən hər proses ölkənin ümumi inkişafına yeni nəfəs verir və bir daha göstərir ki, Qarabağın dirçəlişi həm tarixə hörmət, həm də gələcəyə sərmayədir. (Bizim.Media)


