Gündəm Özəl

Əyləncə mərkəzlərində təhlükəsizlik qaydaları necə tənzimlənməlidir? — AÇIQLAMA

Əyləncə mərkəzlərində təhlükəsizlik qaydaları necə tənzimlənməlidir? — AÇIQLAMA

"Əyləncə mərkəzlərindəki hadisələr göstərir ki, xüsusilə əyləncə mərkəzlərində və interaktiv oyun sahələrində təhlükəsizlik tədbirləri nə qədər vacibdir. Hər bir əyləncə mərkəzində iştirakçıların təhlükəsizliyini təmin edən qaydaların tam şəkildə tətbiqi vacibdir".

Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev deyib.

O, bildirib ki, iştirakçılar, xüsusilə uşaqlar və yeniyetmələr həssas qruplar olduğuna görə, əyləncə mərkəzlərindən istifadə edərkən yaş məhdudiyyətləri və təhlükəsizlik qaydaları ciddi şəkildə izlənməlidir:

"Əyləncə mərkəzlərində istifadə olunan avadanlıqlar və qurğular mütəmadi olaraq yoxlanmalıdır. Əgər hər hansı avadanlıq zədələnibsə və ya təhlükə yarada bilirsə, dərhal təmir edilməli və ya istifadəsi dayandırılmalıdır. Əyləncə mərkəzlərində fəaliyyət göstərən işçilər təhlükəsizlik sahəsində müvafiq təlimlərdən keçməlidir".

Ekspert bildirib ki, iştirakçıların təhlükəsizlik qaydaları ilə tanış edilməsi işçilərin öhdəliyidir:

"Hər hansı təhlükəli vəziyyətdə nəzarətçilər operativ müdaxilə etməli və iştirakçılara necə kömək göstərməli olduqlarını bilməlidirlər. Ən önəmlisi isə, əyləncə mərkəzlərində çalışan nəzarətçilərin ilkin tibbi yardım bacarıqlarına malik olmasıdır. Təhlükə anında dərhal ilkin tibbi yardım göstərilməli və tibbi yardım xidmətinə məlumat verilməlidir. Bu səbəbdən əyləncə mərkəzlərində təhlükəsizlik tədbirləri kompleks şəkildə aparılmalıdır".

Onun sözlərinə görə, əyləncə mərkəzlərindən istifadə edən iştirakçılar əvvəlcədən qısa müddətli təlimlərdən keçirilməlidir:

"Bundan əlavə, azyaşlı uşaqların istifadə üçün nəzərdə tutulmuş yaş qrupuna aid olub-olmaları mütləq yoxlanmalıdır".

Qeyd edək ki, Bakıda qorxu evinə gedən qızın üzünə 11 tikiş atılıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova