Gündəm Özəl

Bu halda obyekt sahiblərini 2 ildən 10 ilə qədər cəza gözləyir — Hüquqşünas

Bu halda obyekt sahiblərini 2 ildən 10 ilə qədər cəza gözləyir — Hüquqşünas

“Son günlər baş verən yanğın hadisələri ilə bağlı obyekt sahiblərinin və ya digər məsul şəxslərin məsuliyyət daşıyıb-daşımayacağına dair qəti fikir söyləmək hələ tezdir. İstintaq davam edir və prosesin əsas mərhələsi ekspertiza nəticələridir. Bu mərhələdə texniki sistemlərin düzgün quraşdırılıb-quraşdırılmadığı, yanğın siqnalizasiya və təhlükəsizlik avadanlıqlarının işlək vəziyyətdə olub-olmadığı, həmçinin təhlükəsizlik qaydalarına əməl edilib-edilmədiyi araşdırılır”.

Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Ramil Süleymanov deyib.

O qeyd edib ki, yalnız bu məlumatlar tam dəqiqləşəndən sonra günahın kimdə olduğu hüquqi müstəvidə qiymətləndiriləcək:

Bu halda obyekt sahiblərini 2 ildən 10 ilə qədər cəza gözləyir — Hüquqşünas

“Qanunvericilik bu məsələyə kifayət qədər açıq yanaşır. Əgər istintaq nəticəsində məlum olsa ki, obyekt sahibi, texniki məsullar və ya istismarçı qurum öz vəzifələrinə səhlənkar yanaşıb, təhlükəsizlik normaları pozulub və nəticədə şəxslər zərər görüb, bu zaman məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə qiymətləndirilə bilər. Maddəyə əsasən, yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində xəsarət yetirilməsi 2000–4000 manat cərimə, həmçinin 2 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Əgər hadisə insan ölümü ilə nəticələnibsə, cəza 3 ildən 6 ilədək, iki və daha çox şəxsin ölümü halında isə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmədir”.

Hüquqşünas əlavə edib ki, bu baxımdan prosesin ən kritik mərhələsi hüquqi deyil, faktoloji tərəfdir yəni təhlükəsizlik qaydalarının pozulub-pozulmadığını sübut edən obyektiv nəticələr:

“İctimaiyyət mövcud durumda emosional reaksiyaya deyil, hüquqi prosedurun yekununa əsaslanmalıdır. Çünki həm obyekt sahibi, həm də zərərçəkmiş tərəf üçün ədalətli qərar yalnız araşdırmanın tam şəffaf aparılması və nəticələrin rəsmi elanından sonra mümkün olacaq. Məsuliyyətin konkret kimə aid olduğu yalnız istintaq materialları açıqlanandan sonra dəqiq bilinəcək və hüquqi qiymət də məhz həmin rəy əsasında veriləcək. İndiki mərhələdə gözləmək, rəsmi məlumatlara istinad etmək və panikaya deyil, faktlara söykənmək ən sağlam yanaşmadır”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova