“Son günlər yeniyetmələr arasında baş verən ağır cinayətlərin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu aqressiyanın kökündə birdən çox sosial faktorun olduğu görünür”.
Bunu sosioloq Yusif Nəbi Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, ilk olaraq ailə mühiti uşağın emosional fundamentini formalaşdıran əsas yerdir:
“Valideyn–övlad ünsiyyətinin zəifləməsi, diqqət və sevgi çatışmazlığı yeniyetməni aqressiv davranışlara meyilli edə bilər. Bəzən ailədaxili zorakılıq uşağın normal qəbul etdiyini sonradan davranış forması kimi tətbiq etməsinə səbəb olur. Cəmiyyətin gərgin ritmi və sosial-iqtisadi stress də gənclərdə aqressiyanın yığılmasına şərait yaradır. Uğur və status təzyiqi, özünü sübut ehtiyacı onları riskli davranışlara sövq edə bilir. Sosial şəbəkələrdə zorakı məzmunun populyarlaşması empatiyanı azaldır və aqressiyanı normallaşdırır”.
O əlavə edib ki, telefon və internet yeniyetməni real sosial münasibətlərdən uzaqlaşdırdıqca emosional bağlar zəifləyir:
“Virtual mühitdə aldıqcı təhqir, kibertəqib və qınaq psixoloji basqını artırır. Bu isə real həyatda aqressiv reaksiya ilə nəticələnə bilər. Məktəb mühiti də sosiallaşmanın mühüm hissəsidir və orada qiymətləndirmə, mobbing və rəqabət aqressiyanı gücləndirə bilir. Yekunda problem nə yalnız ailədə, nə yalnız cəmiyyətdə, nə də yalnız telefondadır. Bu faktorların kəsişməsi yeniyetməni zorakı davranışa daha açıq hala gətirir. Problemin həlli isə sistemli yanaşma, gənclə ünsiyyət və sosial dəstək mexanizmlərinin gücləndirilməsindən keçir”.
Leyla Turan Demokrat.az


