"Problem yalnız ibtidai siniflərdə deyil, digər fənlərdə də mövcuddur. Məktəblərdə 18 fənn tədris olunur: bacarıq yönlü fənlər (xarici dil, informatika, təsviri incəsənət, musiqi, texnologiya), sağlamlıq tələb edən fənlər (fiziki tərbiyə, çağırışaqədər hazırlıq) və digər əsas fənlər (riyaziyyat, Azərbaycan dili, ədəbiyyat, fizika, kimya, biologiya, coğrafiya, tarix və s.). Hazırkı sistemdə ali təhsilə hazırlıq daha çox diqqət mərkəzindədir, amma ibtidai siniflərdə tədris yalnız proqramı mənimsəmək məqsədilə aparılır və uşaqlar əsasən öz müəlliminin yanında repetitorluq edir".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
Onun sözlərinə görə, Azərbaycanda müəllimlərin peşə standartları yoxdur:
"Ali təhsil müəssisələrində hazırlanmış kadrların hansı standartlara cavab verməsi aydın deyil. İşə qəbul prosesində də ciddi problemlər mövcuddur. İbtidai sinif müəllimləri yalnız riyaziyyat və ana dili fənnlərindən imtahan verirlər, halbuki onlar yeddi fənni tədris edir. İşə qəbul imtahanı bir biznes layihəsinə çevrilib, müəllimlər imtahana hazırlaşmaq üçün əlavə kurslara və kitablara orta hesabla minlərlə manat xərcləyirlər".
O bildirib ki, müəllimlərin təlimlərinə böyük maliyyə vəsaiti ayrılır, lakin bu təlimlərin effektivliyi çox məhduddur:
"Məsələn, 2025-ci ildə ibtidai sinif müəllimlərinin riyaziyyat biliklərinin artırılması üçün milyonlarla manat xərclənib, amma nəticə göz qabağındadır. Müəllimlərin peşəkarlığı hələ də zəifdir, uşaqların tədrisində boşluqlar qalır. Bu vəziyyət həm müəllimlərin, həm də valideynlərin narazılığına səbəb olur".
Ekspert bildirib ki, problemin əsas səbəbi təhsil sistemində ciddi struktur boşluqlarıdır:
"Təhsil proqramları və qiymətləndirmə metodologiyaları uyğunsuzdur, müəllimlərin sertifikasiyası yetərli deyil, işə qəbulda isə yalnız məhdud fənlər nəzərə alınır. Nəticədə, ibtidai siniflərin təkmilləşdirilməsi üçün xərclənən böyük maliyyə resursları effektiv istifadə edilmir və sistem hələ də ciddi islahatlara ehtiyac duyur".
Əfsanə Kamal Demokrat.az


