“Son zamanlar toy dəvətnamələrində “uşaqlarla gəlməməyinizi xahiş edirik” qeydinə daha tez-tez rast gəlinir. Bu, həm yeni nəsil cütlüklərin düşüncə tərzinin dəyişməsi, həm də məclisin daha səliqəli və rahat keçməsini istəmələri ilə bağlıdır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Səmayə Qurbanova deyib.
O qeyd edib ki, gənclər artıq toylarını daha idarəolunan, sakit və qonaqlar üçün komfortlu şəkildə təşkil etməyə çalışırlar:
“Uşaq məclisdə daim nəzarət tələb etdiyinə görə valideyn toydan zövq ala bilmir və qonaq kimi özünü rahat hiss etmir. Bəzi cütlüklər qonağa hörmət əlaməti olaraq belə qərar verirlər. Çünki uşaqlı qonaq həm yemək, həm musiqi, həm də məkan baxımından müəyyən çətinlik yaşayır və bu, onun məclisdə rahat iştirak etməsinə mane olur. Gənclər düşünürlər ki, toy qonağın istirahət etdiyi, özünü sərbəst hiss etdiyi bir gün olmalıdır. Uşaqla gələn valideyn isə nə musiqidən zövq ala bilir, nə də sosiallaşa bilir. Uşaqlarla gəlməyin xahişi qonağa daha rahat şərait yaratmaq kimi qəbul edilir. Yeni nəsildə toy anlayışı daha minimal, daha şəxsi və daha idarəolunan bir tədbir kimi formalaşır. Cütlüklər həm məclisin nizamını, həm foto-video çəkilişlərinin rahatlığını, həm də ümumi atmosferi qorumağa çalışırlar. Onların fikrincə, qonaqların diqqətini yayındıran amillərin az olması məclisin daha xoş keçməsinə kömək edir. Bu tendensiya göstərir ki, cəmiyyət tədricən ənənəvi “hamı gəlsin, uşaqlı-uşaqsız fərqi yoxdur” yanaşmasından uzaqlaşır. Yerini isə daha planlı, qonaq mərkəzli və rahatlıq yönümlü sosial davranış modeli tutur”.
Leyla Turan Demokrat.az


