“Azərbaycan bu günə qədər bir çox oxşar formatlarda ayrıca bir üzv kimi iştirak edib və bu, diplomatik baxımdan olduqca önəmli haldır. 5+1 formatları müxtəlif ölkələr tərəfindən tətbiq olunub – məsələn, Asiya ölkələrinin, Avropa İttifaqının, ABŞ-ın, Çinin 5+1 formatları mövcuddur. İndi isə artıq 5+1 formatında Azərbaycan modelindən söhbət gedir”.
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
O diqqətə çatdırıb ki, Azərbaycan bu geosiyasi və geoiqtisadi-coğrafi inteqrasiyada tamhüquqlu üzv kimi yer alır:
“Hazırda bütün dünyanın diqqəti Orta Asiya respublikalarına və Cənubi Qafqaza yönəlib. Çünki yeni logistika xətləri məhz bu regionlardan keçəcək və dünyanın yeni karvan yolları bu coğrafiyada formalaşacaq. Azərbaycan isə uzun illərdir logistika mərkəzinə çevrilmək üçün sistemli şəkildə çalışır. Azərbaycan həm Orta Asiya ölkələrinin enerji və digər resurslarının Qara dənizə və Aralıq dənizinə çıxarılmasında əsas logistik mərkəz rolunu oynayacaq. Bu, təkcə tranzit gəlirləri deyil, həm də iqtisadi dividendlər, investisiya axını, paylayıcı şirkətlərin formalaşması baxımından ciddi üstünlüklər gətirəcək. Bütün bunlar Azərbaycan üçün mühüm uğurdur və gələcəkdə bu formatda əsas moderator rolunda çıxış etmək üçün ölkəmizin real imkanları və fürsətləri var”.
Leyla Turan Demokrat.az


