Rusiyada zaman-zaman Azərbaycana dil uzadanların sırasına daha biri qoşulub: neofaşist, Z-propaqandist və hərbi təlimatçı Yuri Yeviç.
Faşist düşüncəli bu kəs deyib ki, Rusiya “Kursk vilayətini azad edəndən sonra növbəti hədəfi Kiyev, Baltikyanı ölkələr və Azərbaycan olacaq. Ukrayna və Baltikyanı ölkələrin anti-Rusiya siyasəti fonunda onun iddiası müəyyən qədər maraqlı görünə bilər, amma Yeviçin Azərbaycanın adını çəkməsi bu adamın “fantastik təxəyülə” sahib olduğunu göstərir. Deyir ki, guya Azərbaycan Rusiyaya hücum etməyə hazırlaşdığı üçün “önləyici zərbə”nin endirilməsi zəruridir. Rus atalar sözündə deyildiyi kimi, “Axmaq həqiqəti damcı-damcı udar, yalanı qaşıq-qaşıq”. İndi bu Yeviç də yalanı o qədər qaşıqlayıb ki, ağzından üfunət tökülür. 
Amma o da nəzərə alınmalıdır ki, Rusiyada Azərbaycanla bağlı “ağzına gələni danışanlar”ın adətən konkret məqsədləri olur. Ya ermənilərlə işbirliyi var, ya Kremldən sifariş alıb, ya da Kremlə “pul qarşılığında istənilən ölkəni yaxşı söyə bilərəm” mesajını verməklə yuxarıların diqqətini çəkməyə çalışırlar. Yeviçin bunlardan hansı olduğunu demək çətin olsa da, axmaq olduğu şübhəsizdir.
Vasif Həsənli Demokrat.az xəbər portalının rəhbəri


