İtaliyanın ifrat sağçı Liqa Partiyasından olan Avropa Parlamentinin (AP) üzvü Roberto Vannaççinin açıqlaması qalmaqala səbəb olub.
Demokrat.az xəbər verir ki, siyasətçi olimpiya çempionu olan voleybolçu Paola Eqonunun fiziki xüsusiyyətlərinin əksər italyanlardan fərqli olduğunu deyib.
Vannaççi İtaliya ordusunda general ikən keçən il homoseksualizm əleyhinə və irqçi şərhlərin yer aldığı "The World Upside Down" kitabını nəşr etdirərək diqqətləri üzərinə çəkib və iyun ayında həddindən artıq sağçı LiqaPartiyasından Avropa Parlamenti deputatı seçilib. İndi isə o, voleybol komandasının qaradərili oyunçularından olan Eqonu haqqında dediyi sözlərlə qalmaqal yaradıb.
İtaliya qadın milli voleybol komandası finalda ABŞ-ı 3:0 məğlub edərək qızıl medal qazandıqdan sonra verdiyi açıqlamada Vannaççi deyib: "İtaliya voleybol komandasının qalib gəlməsinə çox şadam və başda Paola Eqonu olmaqla bütün idmançıları təbrik edirəm. O, çox istedadlı idmançıdır, mən onun italyanlığına heç vaxt şübhə etməmişəm, lakin bir daha qeyd etmək istərdim ki, onun fiziki xüsusiyyətləri italyanların əksəriyyətini təmsil etmir".
Vannaççi başqa bir şərhində Rusiya əsilli İtaliya millisinin oyunçusu Yekaterina Antropovanı təbrik etdiyini, lakin onun fiziki xüsusiyyətlərinin də tam italyan olmadığını bildirib.
İtaliyadakı Liqa Partiyasının koalisiya ortağı "Forza Italia"nın senatoru Mauritsio Qasparri İtaliya voleybol milli komandasının Olimpiya çempionu olduğu gün yalnız Vannaççinin komandanın önəmli oyunçusu Paola Eqonunu tənqid edə biləcəyini bildirib. O, həmkarının çıxışını "beyinsiz" olaraq xarakterizə edib.
Eyni partiyadan olan Tommaso Antonino Kalderone isə deyib: "İtalyan voleybol komandasının möhtəşəm uğur qazandığı gün Vannaççinin İtaliyanın fiziki xüsusiyyətləri ilə bağlı nəzəriyyələri ilə tam vaxtında gəldi. Bir müddət səssiz qala bilməzdi? Təşəkkürlər Eqonu, sağ olun qızlar".
Müxalifət partiyalarından olan Yaşıllar və Sol Alyansın (AVS) lideri Anselo Bonelli Vannaççiyə cavab verib və Olimpiya çempionatının çoxmillətli İtaliya milli komandasının uğuru olduğunu bildirib.
Bir çox italyan sosial şəbəkə istifadəçisi də bu şərhə görə Vannaççiyə reaksiya verib və keçmiş generalı sərt şəkildə tənqid edib.
İtalyan voleybolçu Eqonu daha əvvəl məruz qaldığı irqçi şərhlər və hücumlara görə 2022-ci ilin oktyabrında İtaliya milli komandasında çıxışına fasilə vermək istədiyini açıqlayıb. O, 2023-cü ilin fevralında İtaliyanın "irqçi ölkə" olduğunu deyib.
Jalə Demokrat.az


