“Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamənin heç bir real əhəmiyyəti yoxdur. Bu sənədin hüquqi statusu Fransa hökumətinə tövsiyə xarakteri daşıyır. Yəni, müəyyən mənada, kağız parçasından başqa bir şey deyil”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Analitikin sözlərinə görə, həmin bədnam sənəddə yer alan və Azərbaycanın Xankəndi şəhərində Fransanın "humanitar ofis" inin açılması ilə bağlı çağırış da heç bir hüquqi əhəmiyyət daşımır.
“Çünki, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgə beynəlxalq hüquq normalarına görə, Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ona görə də, Fransa rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Xankəndi şəhərində heç vaxt hər hansı ofis aça bilməz. Yəni, Fransa Senatının məlum bədnam qətnaməsi siyasi və hüquqi məntiqdən həm uzaqdır, həm də əhəmiyyətsizdir”.
E.Xalidbəyli qeyd edib ki, Fransa Senatı bununla yalnız Ermənistanın və erməni diasporunun istəklərini yerinə yetirib. Eyni zamanda, bu sənəd Fransanın dövlət maraqlarına ciddi problemlər yarada bilər. 
Aynurə Pənahqızı Demokrat.az


