“Nişanlanacağı barədə yayılan xəbərlər yalandır” — Qaraheybətdə şəhid olan Ceyhunun atası

GÜNDƏM 06 dek 2021, 22:30
Xızıdakı Qaraheybət aviasiya poliqonunda baş vermiş helikopter qəzasında həlak olan 14 hərbçidən 11-i II Şəhidlər xiyabanında, üçü isə doğulduğu bölgədə torpağa tapşırıldı.

Şəhid olan 14 hərbçidən biri də tibb xidməti kapitanı Ceyhun Əhmədxanovdur. Ölümündən sonra haqqında "iki gün sonra nişanı” olacaqdı deyə, ürəkləri dağlayan şəhidimiz. Amma sən demə, C.Əmədxanovun nişanlanacağı ilə bağlı məlumatlar doğru deyilmiş...

Ceyhun Əhmədxanovun atası Xanlar Əhmədxanov oğlu haqqında Modern.az-a danışıb.

X.Əhmədxanov deyib ki, Ceyhunun uşaqlıq arzusu həkim olmaq idi:

"Uşaqlıqda ən böyük arzusu həkim olmaq idi. Tibb Universitetində və Dövlət İdarəçilik Akademiyasında ali təhsil alıb. 33 yaşı var idi, ailə qurmamışdı. Kaş ailə qurmuş olaydı, kaş balası olaydı, heç olmasa, Ceyhunun qoxusunu ondan alaydım. İndi özümü ovunduracaq təsəlli də tapmıram.
Onun da ömrü bitdi, bizim də... Ailədə şən uşaq olsa da, ciddi görünüşlü idi.

Ağıllı, savadlı uşaq idi mənim balam. Həkim olmaq uşaqlıq arzusu idi. Vətənə olan sevgisindən isə hərbi həkim olmaq istədi. Arzuları o qədər idi... Bizim də ona sonsuz arzularımız var idi. Ceyhundan başqa bir övladım var, hər ikisini halal zəhmətimlə böyütmüşdüm. Heyif görmədim balamın bəhrəsini”.

Ceyhun Əhmədxanov hər gün olduğu kimi, səhər yuxudan oyanıb işə hazırlaşıb:

"Səhər-səhər anası işə gedib, arxasınca da Ceyhun gedib. Kefi yaxşı idi, təlimə gedəcəyini bilirdik. Nə biləydik, Ceyhunun son çıxışıdır evdən”.
X.Əhmədxanov deyir ki, oğlunun şəhid olmasını iş yoldaşları ondan əvvəl eşidiblər:

"Anasının, mənim iş yoldaşlarım Ceyhunun şəhid olduğunu bilib bizə deyə bilməyiblər. Qara xəbəri necə verməli olduqlarını bilməyiblər. Çox çətindir, Allah heç bir valideynə yaşatmasın bu dərdi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top