Politoloq: "Bu görüşdə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı son mövqe ortaya qoyulmalıdır"

GÜNDƏM 04 noy 2021, 16:44
“Rusiyanın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş ən son ilin əvvəlində -11 yanvarda Moskvada baş tutsa da, hadisələrin irəli aparılması baxımından növbəti belə bir görüşün keçirilməsi nəinki mümkündür, düşünürəm ki, hətta labüddür. Görüşün keçiriləcəyi ilə bağlı heç bir tərəfdən rəsmi məlumat mövcud deyil. Bu baxımdan, məsələni şərh etmək ehtimallara əsaslanır. Lakin onu da deyim ki, Prezident İlham Əliyevdən də, Ermənistanın Baş naziri Nikol Paşinyandan da görüşə hazır olduqları barədə fikirləri bir neçə dəfə eşitmişik”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq qeyd edib ki, görüşdə sərhədlərin müəyyənləşdirilməsi və nəqliyyat dəhlizləri ilə bağlı son - ortaq mövqe ortaya qoyulmalıdır:

“Rusiya XİN-in rəsmi nümayəndəsi Zaxarova da nəqliyyat əlaqələrinin açılması üzrə səylər göstərildiyini və problemin kompleks həllini Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sonrakı demarkasiyası prosesinin tezliklə işə salınmasında gördüklərini bildirmişdi. Yəni, kompleks həll, sülh müqaviləsinin imzalanması sadə olmayan, mürəkkəb prosesdir. Ən azından buna doğru aparan işlər həll olunmalı, hazırlıq prosesi başlamalıdır. Prosesə delimitasiya və demarkasiya işlərinin həll edilməsi istiqamətində müştərək komissiyanın formalaşdırılması ilə başlamaq olar. Hələ ki, bunların şahidi deyilik. 

Cənab Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı sülh müqaviləsi üzərində işləməyə başlamağa hazır olduğumuz haqqında bir daha aydın mövqe ortaya qoydu. Lakin onu da qeyd etdi ki, qarşı tərəfdən təklifimizə hələ cavab almamışıq. Bu ləngitmə onsuz da reallaşdırılacaq və baş tutacaq işlərin qarşısını almayacaq, sadəcə gecikdirərəcək ki, bu zaman itirən qarşı tərəf olacaq”. 

Politoloqun sözlərinə görə, bütün bunların fonunda sikkənin bir digər üzü də özünü daha qabarıq formada büruzə verməyə başlayıb:

“Belə ki, ABŞ tez-tez yüksək vəzifəli diplomatlarını Azərbaycan və regionun digər dövlətlərinə göndərir. Səfərlərin rəsmi formada məqsədinin Cənubi Qafqaz ölkələrində yürüdülən siyasətin koordinasiya edilməsinin müzakirəsi göstərilsə də, reallıq ondan ibarətdir ki, ABŞ “bu işdə mən də varam” deyir. Ən son bu gün Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri dəyişərək yenisi ilə əvəzlənməsi faktını da nəzərə alsaq, deməli, “mən də varam” deyənin biri də özünü çatdırdı. 

Son hadisələr görüşün sadəcə Rusiyanın vasitəçiliyi ilə deyil, bütövlükdə ATƏT-in Minsk Qrupuna üzv olan hər üç ölkənin qarşılıqlı səyləri nəticəsində baş tuta bilmə ehtimallarını da ağıla gətirir. ATƏT-in Minsk Qrupu ilə bağlı isə Azərbaycanın birmənalı mövqeyi bəllidir. Bu siyasi təsisat dayanıqlı sülhün təmin olunması və möhkəmləndirilməsi, əlaqələrin normallaşması üçün indi hər zaman olduğundan daha böyük şansların və zəminin olduğu reallığını nəzərə alaraq gələcək inkişaf perspektivlərinə və sülhə töhfə verməlidir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top