Vüqar Rəhimzadə: "Azərbaycan xalqı heç kəsin qarşısında baş əyməyən xalq olduğunu bir daha təsdiqlədi"

GÜNDƏM 26 okt 2021, 15:23
“Son bir ilin ən qürurverici anlarından biri budur ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Allaha şükürlər olsun ki, artıq torpaqlarımızın işğal günlərini deyil, işğaldan azad olunduqları tarixləri qeyd edirik. Tarixi Zəfərimizin birinci ildönümünün tamamına- 8 noyabr 2021-ci il tarixinə doğru irəlilədiyimiz hər gün bizim üçün Zəfər Günüdür. 

Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Qarabağın tacı Şuşamızın, bunlarla yanaşı,  5 qəsəbənin,  300-ə yaxın yaşayış məntəqəsinin,  strateji yüksəkliklərin, həmçinin Ağdamın, Kəlbəcərin, Laçının işğaldan azad olunduqları günləri də nəzərə alsaq 27 sentyabr tarixindən başlanan Zəfər  yolumuzun hər addımı bir Qələbə, qürur səhifəsidir. Prezident İlham Əliyevin Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə xüsusi qeyd etdiyi kimi, şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimiz bizim qəlbimizdə əbədi yaşayacaqlar. Azərbaycan xalqı, indiki  və gələcək nəsillər həmişə şəhidlərimizlə fəxr edəcəklər. Bu baxımdan Qubadlı rayonunun sakini,  Milli Qəhrəman Şükür Həmidovun həyat və döyüş yolu gənclərimiz  üçün nümunədir.”
  
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az- açıqlamasında bildirib.
  
V.Rəhimzadə qeyd edib ki, torpaqlarımızın işğaldan azad edildiyi tarixlər Zəfər səhifəmiz olmaqla yanaşı, hər bir ərazinin düşmən tapdağından təmizlənməsi digər torpaqlarımızın azadlığa qovuşmasına   yol açdı: “Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı. Bir neçə gündən sonra  Laçının cənub hissəsində yerləşən kəndlər  azad edildi.  Laçın dəhlizi nəzarətə götürüldü. Dövlət başçısının vurğuladığı kimi,  artıq müharibənin taleyi həll edilmişdi, baxmayaraq ki,  Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi. Vətən müharibəsinin  başlandığı ilk gündə 4 kəndin  işğaldan azad olunması xalqımızda  30 ilin torpaq həsrətinə son qoyulacağına böyük inam yaratdı və hər gün dövlət başçısı, Müzəffər Ali Baş Komandandan  zəfər xəbərlərini eşitməyə  ümidlərimizi artırdı. Zəfər yürüşünün uğurla davam etdirilməsi nəticəsində  noyabrın 8-də Şuşada 28 ildən sonra ilk dəfə Azərbaycanın dövlət bayrağı ucaldıldı. Möhtərəm Prezidentimizin bəyan etdiyi kimi,  düşmən Şuşanı erməniləşdirmək, bu müqəddəs məkandan Azərbaycan xalqının irsini silmək istəyirdi. Ancaq buna nail ola bilmədi.  Şuşa vandalizmə məruz qaldı,  tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı, ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini, Azərbaycanın milli ruhunu qorudu. Şuşa  bizi gözləyirdi, biz də gəlməli idik və artıq gəlmişik.

Təbii ki, bu ülvi məqsədə nail olmaq üçün Azərbaycan bütün sahələrdə gücləndi, qüdrətləndi, münaqişənin həlli məqsədilə möhkəm hüquqi baza yaradıldı. Dövlət başçısı ən yüksək beynəlxalq tribunalardan bəyan etdi ki, bizim imitasiya naminə danışıqlar aparmaq fikrimiz yoxdur.  Sülh danışıqları səmərə verməyəcəyi təqdirdə hərb yolu istisna edilmir. Ali Baş Komandanın  bu bəyanatı sözsüz ki,  ordumuzun gücünə, eyni zamanda,  beynəlxalq hüququn norma və prinsiplərinə söykənən siyasətimizə əsaslanırdı. Otuz ilin işğalına 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizlə son qoyduq.”

YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  işğaldan azad edilmiş torpaqlara səfərləri zamanı ictimaiyyət nümayəndələri ilə görüşlərinin, səmimi söhbətlərinin xalqımızda böyük rəğbət hissi yaratdığını xüsusi qeyd edib: “Prezident İlham Əliyev ictimaiyyət nümayəndələri ilə  hər bir görüşündə diqqəti  işğal dövründə  məcburi köçkünlərlə  görüşlərinə yönəldərək bildirir ki, o zaman  onlarda ümidlərin tükəndiyini görür,  bundan çox üzülürdüm.  Artıq hər kəs başa düşürdü ki, Ermənistan bu məsələni danışıqlar yolu ilə həll etmək istəmir.   “O görüşlər məndə bir daha o inamı gücləndirirdi ki, biz nəyin bahasına olursa-olsun torpağımıza qayıtmalıyıq” söyləyən dövlət başçısı böyük qürur hissi ilə vurğulayır  ki,  artıq o baxışlar, kədərli anlar yoxdur. Mənim üçün ən böyük mükafat keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur.”
 
“Artıq hər bir işğaldan azad olunmuş şəhərin, qəsəbənin, kəndin həyatında yeni dövr başlayıb” söyləyən Vüqar Rəhimzadə bildirib ki, bu torpaqlar erməni vandalizminin, vəhşiliyinin şahidləridir: “Bütün evlər, infrastruktur tamamilə dağıdılıb. Onların bərpası və yenidən qurulması üçün zaman lazımdır. Amma ölkəmizin iqtisadi və maliyyə imkanları bütün hədəflərə zamanında və yüksək səviyyədə çatmağa əsas verir. İşğaldan azad olunmuş şəhərlərin Baş planları hazırlanır, ictimaiyyətin müzakirəsinə təqdim edilir. Dövlət başçısı bütün şəhər və kəndlərin ən müasir şəkildə bərpa olunmasını, həmin rayonların tarixi keçmişinin Baş planda öz əksini tapmasını qarşıya əsas vəzifə kimi qoyub. Yol infrastrukturu yenilənir.  İşğaldan azad edilmiş 3 rayonda  beynəlxalq standartlara cavab verəcək  hava limanları inşa edilir. Artıq Qarabağın  dünyaya açılan hava qapısı kimi dəyərləndirilən  Füzuli Beynəlxalq Hava Limanı bu gün  istifadəyə verildi. Gələn il Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Möhtərəm Prezidentimiz İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna səfərləri çərçivəsində  yeni yarımstansiyanın açılışı oldu. Bu, işğaldan  azad edilmiş torpaqlarda sayca  yeddinci yarımstansiyadır. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını özündə əks etdirir. Dövlət başçısı görülən işlər fonunda bir daha Azərbaycan xalqının qurucu xalq olduğunu  dünyaya çatdırdı.”
   
YAP Xətai rayon təşkilatının sədri müharibə başa çatsa da, tarixi Qələbəmizi həzm edə bilməyən revanşist qüvvələrin baş qaldırdığına da diqqəti yönəldərək bir daha bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azəbaycanın gücünü, qüdrətini, nəyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycan həm döyüş, həm də informasiya meydanında işğalçı Ermənistana  öz gücünü göstərdi, tarixdə heç zaman unutmayacağı dərsi verdi. Heç kimin qarşısında  baş əyməyən  xalq olduğumuzu bir daha təsdiqlədik.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top