Şuşanın möcüzəvi turizm potensialından REPORTAJ

TURİZM 18 okt 2021, 17:07
Şuşa – 30 illik həsrətin vüsala döndüyü, Azərbaycan əsgərinin tarix yazdığı və hərb tarixinin istiqamətini dəyişdirdiyi və əməliyyatla azad etdiyi, Zəfərin rəmzi, azadlığın simvolu olan şəhər.

30 il sonra hər bir azərbaycanlının köksündə yaraya çevrilən Şuşa arzusunun çin olduğu, yaralarımıza məlhəm olan şəhərə, şəhərimizə doğru yola düşəndə özümüzlə təkcə öz həsrətimizi yox, hər kəsin, Şuşaya getmək istəyən hər kəsin həsrətini aparırdıq. 

Gecə yarısı yola çıxırıq. Hər zülmət gecənin bir sabahı olduğu kimi, yola çıxdığımız gecənin də sübhü var və bu sübh azad olunmuş torpaqlarımıza, Şuşamıza açılacaq. Zəfər yoluna daxil olanda artıq günəşin şəfəqləri göy üzünə, həm də 30 il öz sahibi gözləyən və bunun sevincini yaşayan torpaqların üzərinə yayılmışdı. Yol boyu ətrafda darmadağın edilmiş evlər, daha doğrusu daş yığını uzanır.

30 illik zaman kəsimində iki müharibə - işğal və azadlıq görmüş bu torpaqlar erməni vandalizminin, həm də gerçək savaşın, azadlıq mübarizəsinin şahididir. Elə bizi Şuşaya aparan yolda düşünürəm.

- Bu torpaqlara yenidən həyat qayıdacaq, dövlət bunun üzərində işləyir, müharibədən ötən bir il ərzində ciddi işlər də görülüb. Lakin bu dağıntılardan məhz indi necə istifadə edə bilərik? 

Ağlıma iki versiya gəlir. Birincisi, erməni vandalizminin dünyaya nümayiş etdirilməsi üçün əcnəbilərin səfərlərinin təşkil edilməsidir, bununla bağlı da müəyyən işlər həyata keçirilir. İkincisi, müharibə - hərbi turizm ola bilər. Bütün dünyada geniş yayılmış turizmin bu növündən istifadə edə bilərik. Beləliklə, həm erməni vandalizmini nümayiş etdirə, həm də turizm sektoruna cari dövrdə fayda vermək olar. 

Müharibə turizmi XIX əsrdə meydana çıxmağa başladı, II Dünya müharibəsindən sonra daha da genişləndi. Turistlər müharibələrin getdiyi ərazilərə baş çəkməyi sevirlər. Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə qədər turizmin bu növündən də həm təbliğat, həm də gəlir baxımından yararlana bilər. Eyni addımı Şuşa da daxil olmaqla azad olunmuş bütün ərazilərdə həyata keçirmək mümkündür. Məsələn, dağıdılmış Ağdam bir şəhərin necə məhv edilə bildiyinin dəhşətli nümunəsidir, eləcə də digər şəhərlər.

Düşünürəm. Zəfər yolu isə bizi Şuşaya aparır. Şuşanın uzaqdan görünüşü olduqca əzəmətlidir. Sıldırım qayaların başında yerləşən şəhər alınmaz qala kimi ucalır. Azərbaycan əsgəri məhz sıldırımlarla dırmaşaraq, 30 ildir yolumuzu gözləyən Şuşamızı azad etdi. Bu, hərb tarixini dəyişdirən əməliyyatdır.

Yəhudi jurnalist Pyotr Lyukimson yazır: “İsrail ordusu indiyə qədər bu əməliyyatın təfərrüatını bilmir. İsrail Müdafiə Nazirliyindəki yüksəkrütbəli mənbə mənə belə dedi: Şuşa aşağıdan yuxarıya doğru azad olundu və bu, müasir hərb elminin bütün prinsiplərinə ziddir”.

Müasir hərb elminin bütün prinsiplərini alt-üst edən, ölkələrin öz hərbi strategiyasına yenidən baxmağa vadar edən bu əməliyyat Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan əsgərinin yazdığı zəfər tarixidir.

Əməliyyatın iştirakçılarından olan Xüsusi Təyinatlı Qüvvələrin üzvü, qazi Alik Məmmədovun dedikləri müəyyən qədər də olsa təsəvvür yaratmağa kömək edir:

“Yarım metr qarda 14 saat kəşfiyyatdan sonra, 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, limonka ilə döyüşə gedirdik. Bizi nə gözləyir bilirdik. 500 erməni dığasının biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi. Çünki onlar bizim oradan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımızın (XTQ komandanı Hikmət Mirzəyev) düzgün döyüş tapşırığı, dəqiq koordinatları olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dəqiqliyi ilə ölçülüb biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxmini desəm 40-a qədər erməniyə bıçaq salıb çıxartmışam həmin hücum anı. Onların arasına düşən təşviş belə General tərəfindən hesablanmışdı. Təşviş yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki biz onların formasında belə ola bilərdik”, - XTQ döyüşçüsü xatırlayır.

Uzaqdan Şuşanın sıldırım qayalıqlarına baxanda, yadıma həmin döyüşlər düşür və əslində bu da turizm potensialının bir hissəsidir. Bütün dünyanın hərbi çevrələrində müzakirə edilən bu əməliyyatı turistlər üçün maraqlı edə bilərik. Turistlər Azərbaycan əsgərinin dırmaşdığı sıldırım qayaları görmək, həmin döyüşləri düşüncələrində canlandırmağı çox istəyərlər. Bu gözləntini Şuşada qarşılaşdığım güllələrin tuş gəldiyi qayalıqlar da gücləndirir. Yaxın məsafədə gedən döyüşlər zamanı güllələrin dəlik açdığı daşlar, qayalar da buna şahidlik edir.

Nəhayət, Şuşadayıq və bu əzəmətli, azadlıq rəmzi olan şəhəri gəzirik.

Bir fikrə tam əmin oluram. Şuşanın hər küçəsi, hər dalanı, hər evi özündə turizm potensialı daşıyır.

Şuşa qalası, Şuşa mağarası, şəhərin məhəllələri, Pənahəli xanın sarayı, Molla Pənah Vaqifin məqbərəsi, Xurşidbanu Natəvanın evi, Bülbülün, Üzeyir Hacıbəylinin ev muzeyləri, eləcə də yüzlərlə tanınmış tarixi şəxsiyyətin vaxtilə yaşadığı evlər turizm üçün ən unikal məkanlardandır. Ermənistan işğal dövründə Şuşanı dağıdıb, talan etdi. Lakin şəhərin əvvəlki məşhurluğunu qaytara bilərik və hazırda dövlət bu istiqamətdə fəal işləyir.

Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı və onlarla başqa məscidlər dini turizm məkanları olaraq istifadə edilə bilər. İnsanlar həm ibadət edər, həm də əsrlər öncə inşa edilmiş məscidləri ziyarət edə bilərlər.


Turşsu yaylaqları, İsa bulağı, Səkili bulaq, Daşaltı bulağı, Soyuqbulaq, Şorbulaq, Saxsı bulaq, Əjdaha bulağı, Dəvəbatıran, Fındıqlı bulağı, Cıdır düzü və saydıqca bitməyən görməli yerlər Şuşanın sağlamlıq və mədəni turizm potensialının nə qədər geniş olduğunu göstərir.

Şuşada ümumilikdə 135-ə qədər tarixi abidə var. Bu abidələr tunc dövründən tutmuş XIX əsrə qədərki dövrə aiddir və erməni vandalizmi bir çox abidəni məhv etsə də, yenidən bərpa etmək, turistlərin istifadə etmək imkanları var.



Və ən əzəmətlisi Şuşanın dağlarıdır. Məşhur mahnıda deyildiyi kimi, “Şuşanın dağları başı dumanlı”.

Başı dumanlı bu dağlarda turizm sərvəti var. Bütün dünyada turizmin ən məşhur və tələbatlı növlərindən biri də dağ turizmidir. Turizmin bu növü bütün mövsümlərdə, istər yayda, istərsə qışda aktul olur. Başı dumanlı dağlarda turizmin bu növünün inkişafı üçün böyük potensial var. Bununla yanaşı, bu dağlarda alpinizmin inkişafı üçün da imkanlar var. Alpinizm qeyri-olimpiya idman növü olmaqla yanaşı, aktiv istirahət növüdür. Dünyanın müxtəlif yerlərində həvəskar alpinistlər turist olaraq ən maraqlı yerlərə səyahət edir, həm dağları gəzir, həm də alpinizmlə məşğul olurlar. Şuşanın dumanlı dağlarını alpinizm üçün də ən unikal məkanlardan birinə çevirə bilərik.

No description available.

Beləliklə, Şuşa turizmin bütün növləri üzrə - tarixi, dini, mədəni, sağlamlıq, hərbi, dağ və s. – böyük potensiala malikdir. Bu potensialın beynəlxalq səviyyədə təbliği əsas şərtlərdən biridir. Artıq bununla bağlı işlərin aparıldığını bilirik. Bu ilin may ayında Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçirilən “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisində Azərbaycanın, işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşa şəhərinin turizm potensialı təbliğ olundu. Bu təbliğatın davamlı olacağı şübhəsizdir. Və belə təbliğat növbəti illərdə Şuşaya turistlərin cəlb edilməsi imkanlarını genişləndirir. Turizm üçün ən vacib elementlərdən olan infrastrukturun qurulması istiqamətində də işlər həyata keçirilir. Xüsusilə Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Şuşanın turizm qapılarının açılmasında da mühüm rol oynayacaq. Təyyarə ilə hava limanına gələcək turistlər Zəfər yolu ilə rahat şəkildə Şuşaya gedə bilərlər. Və bu marşrutun Zəfər yolundan keçməsinin özü də Azərbaycanın tarixi qələbəsinin əyani nümayişi baxımından əhəmiyyətlidir. 

Dağların başında yerləşən Şuşa təkcə Qafqazın yox, həm də Türk Dünyasının incisi olacaq, buna əminik. Gerçək möcüzə olan şəhəri gəzdikcə doymaq olmur və insan hər daşına, hər qayasına toxunmaq, sığallamaq istəyir. Şuşa sanki bir xəzinədir.

Getmək istəməsək də, artıq vaxtdır. Möcüzə şəhərdən ayrılırıq, 30 il sonra gülə-gülə, fərəhlə və Şuşamıza ürək dolusu "hələlik" deyirik. Çünki yenidən qayıdacağıq, çünki artıq əziz Şuşamız azaddır və şəhər azadlığa qovuşmağın sevinci ilə yeni qonaqları qarşılamağa hazırdır, təkcə respublikanın başqa yerlərindən yox, bütün dünyadan.


Vasif Həsənli
“Demokrat.az” xəbər portalının baş redaktoru


Yazı Dövlət Turizm Agentliyi və Medianın İnkişafı Agentliyinin KİV nümayəndələri və peşəkar fotoqraflar üçün elan etdiyi müsabiqəyə təqdim olunur


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top