Deputat: "Hadrutun işğaldan azad edilməsi ilə düşmən Azərbaycan ordusu qarşısında acizliyini büruzə verdi"

GÜNDƏM 13 okt 2021, 12:55
“Prezidentin işğaldan azad edilən bölgələrə səfərləri vacib və dəyərlidir. Dövlət başçısının işğaldan azad edilməsinin bir ili münasibətilə Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri də əhəmiyyətli hadisələrdən biri oldu. Mən də Xocavənd rayonunda oldum və dövlət başçısı ilə görüşdə iştirak etdim”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirib.

Prezidentin Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəri çərçivəsində rayon ictimaiyyəti ilə keçirdiyi görüşlə bağlı təəssüratlarından danışan deputat görüşü yüksək dəyərləndirib:

“Prezident rayon ictimaiyyəti ilə görüşdən əvvəl Hadrut-Cəbrayıl-Şükürbəyli və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış oldu, yeni “Hadrut” yarımstansiyasının təməlini qoydu. Həmçinin, Hadrut qəsəbəsinin tarixində ilk dəfə olaraq məscid binasının təməli qoyuldu. Daha sonra Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüş oldu. Görüşdə Prezident çıxış etdi və qəsəbənin işğal dövründə pis vəziyyətə salınmasından və işğaldan azad edilməsi istiqamətində aparılan hərbi əməliyyatlara toxundu. Hadrutun azad edildiyi döyüşləri dövlət başçısı çox yüksək qiymətləndirdi. Qəsəbə çətin relyefə malikdir, lakin Azərbaycan ordusu cəsarətli döyüş əməliyyatları apararaq, böyük şücaətlə Hadrutu işğaldan azad edib. Hadrutun işğaldan azad edilməsi ilə düşmən Azərbaycan ordusu qarşısında acizliyini büruzə verdi.

Prezident görüş zamanı planlardan, qəsəbənin yenidən qurulmasına, yolların çəkilməsinə, turizm mərkəzinin yaradılmasına toxundu. Prezident vurğuladı ki, ərazidə beynəlxalq mədəniyyət və turizm mərkəzinin yaradılması da planlara daxildir. Tuğ  kəndi təbiətin gözəllikləri ilə əhatə olunub, bundan başqa, orda tarixi abidələrimiz var. Səfər çox uğurlu oldu və gələcək planlar səsləndirildi. Mənim üçün doğma olan Xocavənddə rayonun, qəsəbənin gələcək planlarını eşitmək xoş oldu”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top