Sabiq deputat Ukraynada yaşayan azərbaycanlılara çağırış etdi

QARABAĞ 12 okt 2021, 18:41
"Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti yüksək səviyyədədir. Ancaq burada yaşayan azərbaycanlılara ölkənin siyasi həyatında daha aktiv olmalarını tövsiyə edərdim".

Bunu "Report"a açıqlamasında Ukraynanın dövlət xadimi, Ali Radanın keçmiş deputatı Oleq Medunitsa deyib.

O qeyd edib ki, azərbaycanlılar siyasi partiyalara və Ukrayna ictimai hərəkatlarına qoşulub, yerli və milli seçkilərdə daha fəal iştirak etməlidirlər: "Bu, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafını asanlaşdırmaq üçün əhəmiyyətlidir. Hazırda Azərbaycanla Ukrayna arasında parlamentlərarası və hökumətlərarası qurumlar səmərəli işləyir".

O.Medunitsa bildirib ki, həm Ukraynada, həm də dünyada Azərbaycan diasporunun fəaliyyətini yaxından izləyir: "Ukraynada, eləcə də Avropa İttifaqı ölkələrində Azərbaycanla bağlı keçirilən tədbirlərə tez-tez dəvət alıram. Qeyd etmək istərdim ki, həmvətənləriniz Azərbaycanın hüquq və maraqlarının müdafiəsində çox fəaldırlar. Yüksək təşkilatçılıq səviyyəsində bir çox fərqli tədbir keçirirlər. Yaşadıqları ölkələrin siyasi, iqtisadi və idarəçilik elitaları ilə təmasdadırlar. Onlar arasında uğurlu iş adamları və siyasətçilər də var. Azərbaycanlılar son illərdə Ukraynanın inkişafına verdiyi töhfələrə görə burada xeyli hörmət qazanıblar. Ölkəmizin azadlığına və müstəqilliyinə dəstək verən azərbaycanlılara hər zaman minnətdarıq".

Sabiq deputat son illərdə Azərbaycanda aparılan islahatlardan da danışıb: "Prezident İlham Əliyevin başlatdığı islahatlar dövlətin güclənməsi ilə nəticələndi. Azərbaycan, şübhəsiz ki, Qafqazda regional liderdir. Prezident İlham Əliyev Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ənənələrinə sadiq qalaraq ölkəyə bu yüksək statusu qazandırdı. Xüsusilə cənab prezidentin qlobalmiqyaslı layihəsi olan TANAP Ukrayna və Avropalı müttəfiqlərimiz üçün vacibdir. Avropa bazarında təbii qazın qiymətləri tarixi zirvələrə çatdığı bir vaxtda bu, Azərbaycan üçün vacibdir. Prezidentin genişmiqyaslı islahatları təkcə iqtisadi yox, siyasi və hərbi qələbələr qazanmağa da imkan verdi".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top