Prezidentin “CNN Türk” üzərindən vacib MESAJLARI...

SOSİAL MEDİA 15 avq 2021, 14:54
Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi həm də Rusiya və İranın ədalətli mövqeyindən asılıdır 

Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində rəsmi Bakının region dövlətləri - Rusiya və İranla bağlı gözləntilərini açıq şəkildə ifadə edib. Təbii ki, son vaxtlar baş verən proseslər fonunda Azərbaycanın Rusiyadan gözləntiləri daha çoxdur və Prezident ikitərəfli münasibətlərə, həmçinin regiondakı sülhə xələl gətirə biləcək davranışların üzərində xüsusi dayanmalı olub.

Məsələnin mahiyətinə keçməzdən öncə vurğulamaq vacibdir ki, Azərbaycan dövləti özünün xarici siyasətində həmişə regional əməkdaşlığa, təhlükəsizliyə və nəqliyyat-logistik infrastrukturun inkişafına üstünlük verib və reallıq budur ki, işğalçı Ermənistan istisna olmaqla, bütün digər qonşu dövlətlərlə strateji əməkdaşlıq qura bilib.

Ölkəmizin təşəbbüsü, yaxından iştirakı ilə formalaşan yeni əməkdaşlıq formatları regionın iqtisadi inkişafına, qarşlıqlı səmərəli əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verib və verməkdədir. Ən əsası çətin zamanlarda Azərbaycan ən etibarlı qonşu dövlət, strateji tərəfdaş olduğunu əməli olaraq sübut edib. Qlobal güclər  həm İran, həm də Rusiyaya qarşı təzyiq və təcrid siyasəti həyata keçirdikdə müstəqil siyasət yürüdən Azərbaycan bütün cəhdlərə rəğmən heç bir platformada bu siyasətə qoşulmayıb. Tam əksinə, İran və Rusiya ilə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini möhkəmləndirib. 

Azərbaycanın dəyişməyən, davamlı mehriban qonşu və etibarlı dostluq prinsipinə söykənən siyasətinə qonşu ölkələr olan Rusiya və İranın da hazırda analoji münasibət bəslədiyini əminliklə vurğulamaq mümkündürmü? Təəssüf ki, yox! 

Prezident İlham Əliyevin bütün sferalarda gerçəkləşdirdiyi uğurlu siyasət Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsinə gətirib çıxarıb.  30 il ərzində beynəlxalq birliyin ATƏT-in Minsk Qrupunun, BMT-nin həll edə bilmədiyi münaqişəni  Azərbaycan özü Qurtuluş savaşına başlayaraq həll edib, tarixi torpaqlarını azadlığa qovuşdurub. Nəticədə regionda yeni reallıq yaranıb. Müharibədən sonra region ölkələri olan Rusiyanın, İranın bu reallığa uyğun davranmaları, rəsmi Moskva və Tehranın öz ənənəvi siyasətini bir daha nəzərdən keçirəcəyi gözlənilirdi. Fəqət son vaxtlar Azərbaycan-Ermənistan sərhədində baş verənlər xoş olmayan mənzərə ortaya qoyur. 

Bu gün, xüsusilə 10 noyabr tarixli üçtərəfli Bəyanata imza atan, Qarabağda sülhməramlı missiya yerinə yetirən Rusiyanın davranışları qəbuledilməz forma almaqdadır. Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilməsi faktı ortada varsa, bu, 10 noyabr üçtərəfli Bəyanatına, qonşuluq münasibətlərinə, sülhməramlı missiyanın prinsiplərinə tam ziddir. Azərbaycanın rəsmi xarakter alan iradı məsələnin ciddiliyinə dəlalət edən xüsusdur və Moskvanın bu iraddan nəticə çıxarıb adekvat addımlar atması lazımdır. “Rusiyadan gözləntimiz odur ki, üçtərəfli Bəyanatın bütün müddəaları yerinə yetirilsin. Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın”-, deyə Prezident İlham Əliyev müsahibəsində vurğulayıb.

Rusiya öz imzasına hörmətlə yanaşmalı, üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsinə əməl etməlidir. Görünən odur ki, Rusiya öz səylərini bu istiqamətə yetərincə yönəltmir və bu baxımdan Azərbaycan Ermənistana təsir imkanlarına malik Rusiyadan imza atdığı Bəyanatın müddəalarına uyğun mövqe sərgiləməyi gözləyir. 

Azərbaycan Prezidenti müsahibəsində digər bir maraqlı məqama diqqət çəkib: “Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir. Həm də Ermənistanın yeni müdafiə naziri çox məsuliyyətsiz açıqlamalar verdi ki, əgər Azərbaycan tərəfi Ermənistan sərhədini bir santimetr pozsa, o zaman onlar atəş açacaqlar”.

Bu o deməkdir ki, Rusiya Ermənistan cəmiyyətinin belə müharibənin nəticələrini qəbul etdiyini də nəzərə almalı, bu ölkəni silahlandırmaqdan çəkinməlidir. Azərbaycanın narahatlıqlarının, iradlarının nəzərə alınmaması isə arzuedilməz nəticələr doğura bilər. Yaranmış reallığın geri dönüşü yoxdur: Azərbaycan işğalçıları əzəli torpaqlarından qovub və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü, tarixi ədaləti bərpa edib. Azərbaycanın haqq işi beynəlxalq hüquqa söykənir. Bu reallığı dəyişməyə edilən cəhdlər məhvə məhkumdur. 

“Görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq. Çünki buna ehtiyac yoxdur”- deyən Azərbaycan Prezidenti müsahibəsində Rusiyanın Azərbaycanın narahatlığını nəzərə almasının zəruriliyini vurğulayıb: 

“Çünki nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib, - onların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir, - buna baxmayaraq, Ermənistan ordusu tamamilə darmadağın edilib. Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar”.

Prezident digər qonşu dövlət İranla bağlı suala cavabında isə rəsmi Bakının gözləntilərini qısa şəkildə ifadə edib: “Bu ölkədə indi yeni rəhbərlik hakimiyyətə gəlib. Onların bölgə ilə bağlı siyasəti formalaşmaqdadır. Hələ ki, təyinatlar olmayıb. Əlbəttə ki, həm Azərbaycanla, həm də qonşu ölkələrlə bağlı ilkin bəyanatlar müsbətdir. Ancaq əlbəttə, vaxt lazımdır ki, yeni rəhbərlik bu məsələ və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz siyasətini ortaya qoysun. Biz bunu gözləyirik”.

Təbii ki, İranla bağlı jurnalistin sualı təsadüfən ortaya çıxmayıb. İrandan Ermənistana silahların ötürülməsi ilə bağlı həm müharibə dövründə, həm də son zamanlar yenidən məlumatlar dövriyyəyə buraxılmaqdadır. İranın tutarlı, bütün söz-söhbətə nöqtə qoyan mövqeyi isə ortada yoxdur. Bütün bu məlumatlara ən tutarlı cavab rəsmi Tehranın Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz qəti siyasətini ortaya qoyması ola bilər və rəsmi Bakının gözləntisi də bu istqamətdədir. 

Azərbaycanın digər region ölkələri Türkiyə və Gürcüstanla münasibətləri isə olduqca müsbətdir. Xüsusilə qardaş Türkiyə ilə münasibətlər dünya miqyasında qardaşlıq nümunəsinə çevrilib, iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələr daha da intensivləşib.Vətən müharibəsində Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi, Prezident Rəcəb Tayyib Ərdoğanın dəstək bəyanatları, həmçinin müharibədən sonra yeni mərhələyə qədəm qoyan əlaqələr əbədi birliyə çevrilib. Türkiyədə bu yaxınlarda baş vermiş təbii fəlakətin aradan qaldırılmasında Azərbaycanın verdiyi hərtərəfli dəstək və yardım bu birliyin əməldə öz əksini tapmasının daha bir bariz nümunəsi oldu.  

Mövcud mənzərə Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsində daha çox Rusiyanın, İranın ortaya mövqe qoymasını diqtə edir. Əsasən də Qarabağda sülhməramlı missiya yerinə yetirən, Ermənistanın ən yaxın müttəfiqlərindən olan Rusiya üçtərəfli Bəyanatın icrası ilə bağlı səylərini daha da gücləndirməlidir. Zəngəzur dəhlizinin və digər yolların açılması, daha sonra ticarət əlaqələrinin bərpası, uzunmüddətli sülhün təmin edilməsinə ciddi töhfələr verə bilər.
 
Rəsmi Bakının açıq mövqeyi ortadadır. Ermənistanla sülh müqaviləsi imzalansın, Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Bu cavaba verilməli olan müsbət cavab isə geçikir. Əvəzində revanşist meyllər, bu meyllərə dəstək faktları ortaya çıxır. Prezident İlham Əliyev bunun böyük yanlışlıq olduğunu bildirib: 

“Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Hesab edirəm ki, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq”.


Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top