Deputat: "Ermənistan hələ də fərqli güclərin təsiri altında qərar verir"

GÜNDƏM 27 iyl 2021, 16:18
“Azərbaycan Respublikası digər ölkələrdən, xüsusilə Ermənistandan fərqli olaraq hansısa dövlətin, yaxud qurumun təsirində deyil. Azərbaycan müstəqil və milli maraqlarına uyğun xarici siyasət kursunu müəyyənləşdirib və bu istiqamətdə ciddi addımlar atmaqdadır. Ermənistanın qızışdırıcı faktların ortaya çıxması, həmçinin revanşist qüvvələrin və güclərin var olması və xarici qüvvələrin bu dövləti bir vasitə kimi istifadə etməsi bir daha göstərir ki, Ermənistan hələ də başqa güclərin təsirindən çıxa bilməyib”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib. 

O, Azərbaycan prezidentinin xarici siyasətinin milli maraqlara əsaslandığını və Ermənistanın xarici güclərin təsiri altında addımlar atmasının sülhü yubatdığını bildirib:

“Parlament seçkiləri bitsə və nəticələr müəyyənləşsə də, Ermənistanda fərqli qüvvələrin, ölkələrin maraqlarını himayə edən güclər arasına tarazlıq yaranmayıb. Bu baxımdan, bu ölkədə ciddi problem davam etməkdədir. Bunu Ermənistanın zaman-zaman Kəlbəcər və digər sərhəd bölgələrindən Azərbaycan mövqelərini atəşə tutmasından da görürük. Təəssüf ki, bu səbəblə bir hərbi qulluçumuzu da itirdik. Görünür, Ermənistan hələ də fərqli güclərin təsiri altında qərar verir. Bu baxımdan, Azərbaycan prezidentinin çıxışı zamanı verdiyi mesajlar böyük əhəmiyyət daşıyır. Azərbaycan xarici siyasətdə müstəqildir və mövqeyi bəllidir. Bu yaxınlarda təmaslar zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də “Qarabağ münaqişəsi” ifadəsini işlətmədi. Bu, Azərbaycanın və ona olan mövqenin əyani təzühürüdür”.

Deputat vurğulayıb ki, Ermənistana əsas təsiredici qüvvələrdən biri hesab olunan Fransa prezidentinin bu ölkəyə, o cümlədən regiona gözlənilən səfəri Azərbaycanın maraqları və mövqeyi əsasında reallaşmalıdır:

“Ermənistanın bu addımları fonunda Fransa prezidenti Emmanuel Makronun bölgəyə səfəri müəyyən suallar doğurur. Əslində, bu səfərlə bağlı konkret qərar da verilməyib. Sülhə, yaxud münaqişənin həllinə müsbət təsir göstərəcək şərait yaranacağı təqdirdə bu səfər baş tutacaq. Azərbaycan prezidentinin vurğuladığı bir fikir var, artıq bölgədə Qarabağ problemi deyilən anlayış yoxdur. Biz artıq post-münaqişə dövrü ilə bağlı danışırıq. Bu baxımdan, Azərbaycan dövlət başçısının mövqeyi aydındır. Azərbaycana və bölgəyə səfər edəcək və ya etməyi planlaşdıran hər bir dövlət başçısı bu amilli ciddi nəzərə almalıdır. Prezident həm ölkədəki media mənsublarına, həm xarici ölkə və təşkilatlarına necə ifadə edibsə, Azərbaycanın xarici siyasət kursu da o istiqamətdə davam edəcək. Ölkəmizin milli maraqları bu istiqamətdə ən yüksək səviyyədə qorunacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top