Samir Abasov: "Həmişə futbola təzə qayda gələndə etiraz etmişəm"

İDMAN 26 iyn 2021, 20:38
"Bütün qaydaların dəyişilməsinə əvvəl-axır öyrəşirsən. İlk növbədə çox etirazlar olur, müxtəlif şəxslər etirazlar bildirir. Həmişə futbola təzə qayda gələndə mən də etiraz etmişəm".

Bu fikirləri "Report"a açıqlamasında "Neftçi"nin baş məşqçisi Samir Abasov avrokuboklarda səfər qolu qaydasının ləğvi barədə danışarkən deyib.

43 yaşlı mütəxəssis bildirib ki, belə dəyişikliklərlə öyrəşdikləri futbolun gözəlliyini itirirlər: "Amma öz başımıza gələndə fikirləşirsən ki, bu, həqiqətən lazımdır. VAR sistemi təzə başlayanda buna etiraz edirdim. Fikirləşirdim ki, futbolun gözəlliyini və ritmini öldürəcək. Amma başımıza gələndən sonra gördüm ki, lazımlı şeydir. Keysuke Hondanın Premyer Liqada "Sabah"a vurduğu qol VAR sistemi olsaydı, qeydə alınardı. Səfər qolu qaydası ləğv edilib, bizim kimi klublar top komandalarla üz-üzə gələndə bunun əziyyətini çəkəcəyik. Hardasa ümid etmək olardı ki, səfərdə bir qol vuraraq, evdə yaxşı nəticəyə oynaya bilərdik. Amma yenə də deyirəm, gərək başına gəlsin ki, bunu hiss edəsən".

Abasov Azərbaycan Kubokunda nisbətən zəif komandaların səfər qolu üstünlüyündən yararlandığını sözlərinə əlavə edib: "Nə etmək olar? Buna da öyrəşəcəyik. Bəlkə də fikirləşəcəyik ki, kaş bunu etməzdilər. Amma bəzi oyunlarda da deyəcəyik ki, nə yaxşı ki, bu oldu. Hazırda ətraflı nəsə demək çox çətindir. Yerli və ya yersiz qərar olduğunu zaman göstərəcək. Elə komandalar olub ki, iki oyunda çox yaxşı oynayıblar, amma səfər qolu qaydasına görə mübarizəni dayandırıblar. Xeyirlisi nədirsə, o da olsun. Bu, qərarlara əməl etməliyik".

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Neftçi" I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə qarşılaşacaq. Ölkə çempionu ilk oyununu iyulun 7-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top