Dünya liderlərinin Prezidentə ünvanladığı məktublar...

GÜNDƏM 25 may 2021, 22:45
Azərbaycan beynəlxalq miqyasda güclü mövqeyə malik, nüfuzu daha da möhkəmlənən ölkəyə çevrilib

Müstəqilliyinin 30-cu ilini yaşayan Azərbaycan dövləti bir neçə gündən sonra 28 May-Respublika Gününü qeyd edəcək. Ölkəmizin arxada qalan dövrdə nələrə nail olduğunu, dünya çapında hansı mövqedə qərarlaşdığını daha aydın şəkildə görmək baxımından Respublika Günü münasibəti ilə xarici dövlət başçıları tərəfindən Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarında yer alan fikirlər xüsusi əhəmiyyət daşıyır. 

Dünya liderlərinin Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubları ölkəmizin, onun rəhbərinin dünyada olan çəkisini, nüfuzunu göz önünə sərgiləyir. Bu məktublar sıradan təbrik məktubları deyil. Onların məzmununa diqqət yetirdikdə Azərbaycanın müstəqilliyinin 30-cu ilinə təkcə regionda deyil, bütövlükdə dünyada 

- çəkisi və rolu əhəmiyyətli dərəcədə artan, 
- mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi, həmçinin mühüm qurumlara sədrlik edən,
- qlobal iqtisadi və humanitar layihələrin müəllifi və icraçısı olan,
- bütün sahələrdə sürətli tərəqqiyə imza atan, 
- öz resursları, iqtisadi rezervləri bahasına istənilən sınaqdan cıxa bilən,
- güclü iqtisadiyyata malik, iqtisadi inkişaf baxımından heç bir beynəlxalq maliyyə qurumundan, ölkədən asılı olmayan, 
- bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayan, dünyaya öz inkişaf modellərini təqdim edən, 
- sayı o qədər də çox olmayan kosmik ailənin üzvünə çevrilən,
- milli maraqlarının müdafiəsində və Qarabağ münaqişəsini çözüb tarixi ədalətin bərpa edilməsində uğur qazanan dövlət kimi daxil olması mesajlarının yer almasının şahidi oluruq. Bu dünyanın Azərbaycana baxış bucağı, verdiyi yüksək dəyərdir. 

Təbrik məktublarında Azərbaycan Prezidentinin fəaliyyətinə verilən yüksək qiymət onun dünyada nüfuzunun, mövqeyinin daha da yüksəlməsinin, ölkəmizin beynəlxalq münasibətlər sistemində önəmli aktyora çevrilməsinin göstəricisidir.

Ötən illərdə siyasi və iqtisadi potensialı yüksələn bugünkü Azərbaycanla əməkdaşlığın daha da inkişaf etməsi dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatlarının marağındadır. 

Bu xüsusda ABŞ-ın yeni prezidenti Baydenin təbrik məktubundakı mesajlar mühüm əhəmiyyət kəsb edir. Təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində Azərbaycanla birgə səylərin önəmindən bəhs olunan məktubda ABŞ prezidentinin ötən il Cənub Qaz Dəhlizinin işə salınması, bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfəni qeyd etməsi xüsusi xətlə keçir: “Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir”. 

ABŞ prezidenti Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyi də xüsusi qeyd edərək, minnətdarlığını çatdırıb.
Azərbaycanın dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə oynadığı rol isə Almaniya prezidenti Ştaynmayerin məktubunda önə çəkilib: “Biz son 29 ildə hökumətlərimiz və xalqlarımız arasında münasibətlərimizi daim genişləndirmiş və inkişaf etdirmişik. Ümid edirəm ki, biz qarşılıqlı anlaşmanı və etimadı daha da gücləndirməyə nail olacağıq. Bizi, həmçinin dünyada COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimiz birləşdirir”. 

Çin Xalq Respublikasının sədri Si Cipenin məktubunda da Azərbaycanla birgə səylər, əldə olunan nəticələr vurğulanır: “Ölkələrimiz hər iki tərəfin əsas maraqlarına aid məsələlərdə bir-birini dəstəkləyir. “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir, COVID-19 pandemiyasına qarşı birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə olunub. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram”.

Prezident İlham Əliyevə bu günə qədər ünvanlanan digər məktublarda da əməkdaşlığın daha da inkişafı, dünyada gedən proseslərdə ölkəmizin artan rolu vurğulanır.  
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev: “Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Zati-alinizin qətiyyətli liderliyi və müdrik siyasəti sayəsində daha da inkişaf edib, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirib və regionun lider ölkəsinə çevrilib. Həmçinin Türk Şurasına daimi dəstəyinizi məmnuniyyətlə qeyd edərək bildirmək istərdim ki, Sizin sədrliyinizlə Bakıda keçirilən Türk Şurasının 7-ci Zirvə görüşünün, habelə COVID-19 pandemiyasına həsr olunmuş ilk fövqəladə Zirvə görüşünün nəticələri təşkilatımızın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və regional müstəvidə daha da cəlbedici platformaya çevrilməsinə təkan verib. Bu Zirvə görüşlərindən sonra təlimatlarınıza uyğun olaraq Türk Şurası çərçivəsində çoxşaxəli əməkdaşlıq istiqamətləri daha da genişlənərək enerji, kənd təsərrüfatı, səhiyyə və miqrasiya sahələrini də əhatə edib”.

Niderlandın Kralı Villem-Aleksandr: “COVID-19 virusuna qarşı mübarizə istiqamətində birgə səylərimizi davam etdirməklə yanaşı, həm Sizə, həm hökumətinizə, eləcə də bütün Azərbaycan xalqına güc, cəsarət və cansağlığı diləyirəm”.

Gürcüstanın Prezidenti Salome Zurabişvili: “Gürcü və Azərbaycan xalqları öz dövlətçiliklərini bərpa etmək üçün bir çox çətinlik və faciələrdən keçiblər, lakin bu gün ölkələrimiz qürurla güclü və azad dövlət qurmaqda davam edirlər. Fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfəmi verməyə hazır olduğumu bir daha bildirirəm”.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin: “İƏT Azərbaycan Respublikası ilə sıx əlaqələri yüksək qiymətləndirir və məqsədi İslam dəyərlərinin birgə təşviqi olan qurumun fəaliyyətinin dəstəklənməsi işində ölkənizin rolunu təqdir edir. İƏT üzv dövlətlərin ümumi dəyərlərinin təbliği və ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam etdirəcək. Ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə İslam fəaliyyəti üçün yeni üfüqlərin açılmasına dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcək”.

Bunlar Azərbaycan Prezidentinə ünvanlanan məktubların bir qismində yer alan önəmli mesajlardır. Şübhə yoxdur ki, qarşıdakı günlərdə Prezidentə göndəriləcək digər məktublarda da eyni yanaşma, xətt xüsusi çəkiyə malik olacaq.

Çünki danılmaz faktdır ki, İlham Əliyev 17 ildən artıq prezidentlik dövründə dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərə imza ataraq, Azərbaycanı beynəlxalq aləmdə güclü mövqeyə malik, nüfuzu daha da möhkəmlənən ölkəyə çevirib. 30 ildir davam edən işğala son qoyaraq Qarabağ torpaqlarını işğaldan azad edib, bölgədə yeni reallıq yaradıb. Və bunu dünya yaxından izləyir, dəyərləndirir.

Arxada qalan dönəmdə Azərbaycan çeşidli təzyiqlərlə, siyasi çəkişmələrlə üzləşsə də İlham Əliyev bütün bunlara rəğmən bir addım olsun belə geri durmadı, dövləti daha da güclü formada şəkildə gələcəyə-müstəqilliyinin 30-cu ilinə daşıdı, müstəqil siyasət apararaq, dövlətin, xalqın maraqlarını təmin etdi.

Əməkdar jurnalist
Elman Babayev

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top