Azərbaycanın görkəmli alimi vəfat etdi

HADİSƏ 23 may 2021, 16:53
Görkəmli geomorfoloq alim, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Hüseyn Ağamalı oğlu Xəlilov vəfat edib.

Bu barədə AMEA-dan bildirilib.

H.A.Xəlilov 1942-ci il oktyabrın 27-də Fizuli rayonunun Hünküklü kəndində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geoloji coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə bitirib, təyinatla Qazaxıstana göndərilib. Şimali-Qazaxıstan geofiziki ekspedisiyasında baş texnik-geoloq vəzifəsində işləyib və oradan da hərbi xidmətə çağırılıb.

1968-1969-cu illərdə Azərbaycanda Kiçik Qafqaz geoloji-kəşfiyyat ekspedisiyasında geoloq vəzifəsində çalışıb. 1969-cu ildən başlayaraq Azərbaycan EA Coğrafiya İnstitutunun geomorfologiya şöbəsində kiçik elmi işçi, elmi işçi vəzifələrində, 1991-1994-cü illərdə Xəzər dənizi sahillərinin və dibinin geomorfologiyası bölməsində işləyıb, 1994-ildən geomorfologiya şöbəsində tətbiqi geomorfologiya qrupuna rəhbərlik edib. 1997–2004-cü illərdə «Azərbaycan Ensiklopediyası» NPB-də əvəzçiliklə «Coğrafiya qrupunun» rəhbəri, 2004–2009-cu illərdə isə AMEA «Azərbaycan Milli Ensiklopediyası» Elmi Mərkəzində «Coğrafiya, geologiya, geofizika, ətraf mühit və ekologiya» redaksiyasının müdiri vəzifəsində çalışıb. 2015-ci ildən ömrünün sonunadək “Geomorfologiya və təbii risklər” şöbəsinin müdiri olub.

H. Xəlilov 1980-ci ildə «Kiçik Qafqazın şimal-qərb hissəsinin morfostruktur təhlili» mövzusunda namizədlik, 2004-cü ildə isə «Kiçik Qafqazın şərq hissəsi timsalında morfostruktur və paleogeomorfoloji təhlil və relyefin öyrənilməsinin axtarış əhəmiyyəti» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

O, «Qafqazın regional geomorfologiyası», «Azərbaycanın relyefi», «Azərbaycan Respublikasının konstruktiv coğrafiyası» üçcildliyi, «Azərbaycanın paleogeomorfologiyası» monoqrafiyalarının, «İzahlı geomorfoloji lüğət» və «Azərbaycanın təbii ehtiyatları» atlasının, Dövlət mükafatına layiq görülmüş «Azərbaycan Respublikasının Coğrafiyası» monoqrafiyasının 1-ci və 3-cü cildlərinin, «Naxçıvan Muxtar Respublikasının Coğrafiyası» monoqrafiyalarının icraçı müəlliflərindən biri, «Kiçik Qafqazın morfostrukturları» monoqrafiyasının və 200-ədək elmi məqalə və tezislərin müəllifidir.

H.Xəlilov müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Lənkəran Dövlət Universitetində və 1981-ci ildən BDU-nun Coğrafiya fakültəsinin “Fiziki coğrafiya” kafedrasında xüsusi fənlər üzrə magistraturada dərs aparıb. Coğrafiya İnstitutunun Elmi Şurası və Dissertasiya Şurasının üzvü və həmin Şuranın ixtisaslaşdırılmış Elmi Seminarının rəhbəri, son illərdə həm də Ali Attestasiya Komissiyasının “Yer elmləri” bölməsinin eksperti idi. "Kemerovo Dövlət Universitetinin Xəbərləri" və Azərbaycan Coğrafiya Cəmiyyətinin "Coğrafiya və təbii resurslar" jurnalının redaksiya heyətinin üzvü idi./"Report"

Allah rəhmət eləsin!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top