“İzvestiya” nəşri Hadrutdan reportaj hazırlayıb


QARABAĞ 07 may 2021, 00:26
Qarabağ müharibəsində Hadrut qəsəbəsi uğrunda döyüşlərdə məğlubiyyət Ermənistanda xüsusi rezonans doğurmuşdu. Hakimiyyət bunu erməni xalqından bir müddət gizlətməli olmuşdu. Çünki müharibə günlərində Ermənistan cəmiyyəti real vəziyyətlə tanış deyildi, durumun nə dərəcədə acınacaqlı olmasından xəbərsiz qalmışdı.

Demokrat.az
Bizimyol.info-ya istinadla xəbər verir ki, Rusiyanın “İzvestiya” qəzeti Xocavənd rayonunun yaşayış məntəqəsindən reportaj hazırlayıb. Məşhur nəşrin əməkdaşları Hadrut Azərbaycana qaytarılandan sonra ora gedən ilk jurnalist qrupunun tərkibində yer alıb.

“İzvestiya” reportaja onunla başlayıb ki, qəsəbədə hələ heç kim yaşamır. Azərbaycanlıların evlərini zəbt etmiş ermənilər buradan gedib. Gözə azərbaycanlı hərbçilər dəyir. Onlar daha çox hərbi texnika üçün yolları təmizləyiblər. “İzvestiya”nın əməkdaşları qeyd edir ki, azərbaycanlılar buradakı erməni kilsəsinə də toxunmayıb.

Səfər plan üzrə baş tutmayıb. Jurnalistlər Kuropatkino kəndinə baş çəkməliymiş. Amma yollarda minaların çoxluğu onlara mane olub.

“Minaaxtaranlar dayanmadan işləyirdi. Ora getmək təhlükəli sayılırdı. Buna görə Hadruta dönmək qərarı verildi”.

“İzvestiya” yazır ki, qəsəbə uğrunda iki həftəyə yaxın qızğın döyüşlər gedib. Azərbaycan Ordusu istəyinə oktyabrın 9-da çatıb. Amma Ermənistan israrla yaşayış məntəqəsini əldən verməsini təkzib edirmiş.

“Azərbaycan oktyabrın 16-da Hadrutun mərkəzindən video paylaşmalı oldu. Döyüşlərin olduğu görünmürdü. Hər yerdə Azərbaycan bayraqları dalğalanırdı. Elə həmin gün Hadrutun işğaldan azad olunduğu tarix sayılır”.

Politoloq Nicat Hacıyev “İzvestiya”ya deyib ki, Azərbaycan qəsəbəyə nəzarəti daha əvvəl ələ keçirib, amma əhaliyə oranı tərk etməyə şərait yaradılıb. Bu isə oktyabrın ortalarına qədər çəkib: “Təxminən 90 yaşı olan bir qadın və bir kişi gedə bilməmişdi. Onlar əvvəlcə Bakıya tibbi yardım üçün gətirildi. Sonra Ermənistana göndərildilər”.

Xarici İşlər Nazirliyinin nümayəndəsi Elşad İsgəndərov “İzvestiya”ya deyib ki, qəsəbədəki dağıntılar qızğın döyüşlərin nəticəsidir. O, hər şeyə, hətta erməni kilsələrinə də həssas yanaşdıqlarını bildirib. Bunun bariz nümunəsi kimi Bakının mərkəzindəki erməni kilsəsini göstərib. Elşad İsgəndərov bildirib ki, əksinə, ermənilərdən fərqli davranış görüblər. Onlar Azərbaycanın mədəniyyət nümunələrinin dağıdılması və erməniləşdirilməsi haqda daha çox düşünüb: “67 məsciddən 63-ü dağıdılıb. Qafqaz Albaniyasından qalan onlarla mədəniyyət abidəsi məhv edilib”.

“İzvestiya”nın əməkdaşları Hadrutda evlərin çoxunun damının sıradan çıxdığını yazır. Evlərin şüşələrinin əksəri sınıb. Apteklərdən birinin üzərinə azərbaycanlılar “Həyat” yazmağa imkan tapıb.

“Sürücüdən uşaq bağçasının yanında saxlamağı xahiş edirik. Qəribə sakitlik var. Qəsəbənin altı aydır sakinləri yoxdur. Hərçənd, buranın tamamilə insansız qaldığını demək olmaz. Azərbaycanlı hərbçilər bir az aralıda futbol oynayır”.

“İzvestiya” Hadrutdan gedən ermənilərin çoxunun Xankəndiyə üz tutduğunu qeyd edir. Politoloq Qrant Mikaelyan əksərində bura qayıtmaq ümidinin qalmadığını bildirir.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top