İrəvan Azərbaycana qaytarıla bilərmi?

XARİCİ SİYASƏT 15 aprel 2021, 08:30
Prezident İlham Əliyev aprelin 14-də, ADA Universitetində dünyanın nüfuzlu ekspertləri və beyin mərkəzləri təmsilçiləri ilə görüşündə təkcə Qarabağ həqiqətlərini dilə gətirməklə kifayətlənmədi, həmçinin dünyanın nəzər-diqqətini Ermənistan adlı dövlətin əslində qondarma olduğuna, tarixi Azərbaycan torpaqlarında yaradıldığına yönəltdi.

Tədbirin gedişində həm də aydın oldu ki, artıq illər öncəki kimi, beynəlxalq aləm nəinki müasir dövrlə bağlı, həm də keçmişlə əlaqədar həqiqətlərimizdən xəbərsiz deyil. Elə ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldzun Azərbaycan Prezidentinə sual ünvanladığı zaman Ermənistanın nəinki Azərbaycana, həmçinin Türkiyənin şərq hissəsinə iddialar irəli sürməsini “xülya və məsuliyyətsiz, olduqca təxribatçı davranış” və “ağılsızlıq” olaraq qiymətləndirməsi də maraqlı məqam oldu. Amerikalı alim onu da təsdiqlədi ki, İrəvan və bugünkü Ermənistan Respublikasının digər bölgələrinin tarixi Azərbaycan torpaqları adlandırılması tarixi həqiqətə əsaslanır.

Prezident İlham Əliyev isə beyin mərkəzlərinin təmsilçiləri ilə görüşdə məsələyə tam təfsilatlı şəkildə aydınlıq gətirdi, həm də geniş auditoriyanın bilməsi üçün: “Mən deyəndə ki, Zəngəzur qədim Azərbaycan torpağıdır, bu, həqiqətdir. Zəngəzur 1920-ci ildə Ermənistana verilmişdir - 101 il əvvəl. Ondan əvvəl o torpaq bizə məxsus idi. Onların bu gün Sevan adlandırdığı Göyçə gölünün ətrafında azərbaycanlılar yaşayıblar. Bu da bir həqiqətdir. XX əsrin əvvəlindəki xəritələrə baxsanız Sevan deyil, Göyçəni taparsınız. İrəvanla bağlı da məsələ eynidir. Onlar İrəvanın tarixi hissəsini məhv ediblər. Bunlar hamısı faktlardır. Azərbaycanlılar orada yaşamışlar, o cümlədən mənim ulu babalarım. Bunlar hamısı faktlardır, lakin bu bizim ərazi iddiasında olmağımız anlamına gəlməməlidir. Bilmirəm bunu eşitmisiniz, yoxsa yox, mən demişəm ki, biz oraya qayıdacağıq. Ancaq mən demədim ki, biz oraya tank üzərində qayıdacağıq. Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik”. Dövlətimizin başçısı onu da bildirdi ki, biz tariximizi yadda saxlayacağıq, ancaq Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur.

Dövlətimizin başçısının Azərbaycanın İrəvan hədəfi ilə bağlı dedikləri kifayət qədər diqqət çəkdi və bu, Ermənistanda kifayət qədər rezonans doğurdu. Qarabağa dil uzadanlara bir daha xatırlama oldu ki, onlar bölgədə yaşamaq istəyirlərsə, xəstə iddialardan əl çəksinlər. ADA-dakı mükəmməl çıxışı ilə Prezident ölkəsinə, xalqına milli hədəf göstərdi. Düzdür, bu gün tarixi torpaqlarımızla bağlı məsələlərin reallaşması nəzəri cəhətdən mümkün görünmür. Amma bir çoxlarımız üçün 8 ay öncə Şuşanın işğaldan azad edilməsi də mümkün görünmürdü. İndi bir çoxlarımızı bu sual düşündürür: İrəvanın geri qaytarılmasının hüquqi yolları varmı? Üstəlik, İrəvan 99 illik müqavilə ilə Ermənistana verilib, yanaşması da var.

BAXCP-nin sədr müavini, politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin ADA Universitetində keçirilən konfransda peşəkar və təcrübəli diplomatların, dünyanın nüfuzlu tədqiqat mərkəzlərinin rəhbərlərinin və aparıcı mütəxəssislərinin suallarına cavablarında səsləndirdiyi fikirlər, Azərbaycanın işğaldan azad edilmiş əraziləri, regional və qlobal geosiyasi proseslər, rəsmi Bakının baxış bucağı ilə bağlı bütün məqamların, həm də ən incə detallarınadək gün işığına çıxmasına imkan yaradır: “Məhz bu baxımdan, Prezident İlham Əliyevin ətraflı, ciddi tarixi faktlara söykənən, arqumentləşdirilmiş, açıq, birmənalı və ətraflı cavablarının şərhə ehtiyacının olmadığı qənaətindəyəm”.

Dövlət başçısının İrəvanla bağlı söylədiklərinə və bunun Ermənistanda ciddi narahatlıq doğurduğuna gəldikdə isə E.Mirzəbəyli hesab edir ki, bu, Ermənistanda yaşayan insanların uzun illərdən bəri saxta tarixlə böyüdüklərindən, bu ölkədə aparılan ultramillətçi, neofaşist təbliğatdan irəli gəlir: “100 ildən çoxdur ki, müalicəsi tapılmayan ”erməni xəstəliyi"nin yaratdığı şizofrenik sarsıntılar Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsinin düşüncəsinin Bilişsel təhrifinə məruz qalması, onları sağlam düşüncədən məhrum edib və təəssüf ki, hələ də reallıqlarla yox, miflərlə, əfsanələrlə yaşayırlar. Ermənistan adlı dövlətin yerləşdiyi ərazilər Azərbaycan türklərinin tarixi Vətənidir. Həm də bunun üçün eramızdan əvvələ, hansısa Mesrop, yaxud Petrosun uydurduğu nağıllara deyil, yaxın tarixə müraciət etmək lazımdır. Əslində Prezident İlham Əliyev İrəvanla bağlı səsləndirdiyi fikirlərində bütün məqamlara aydınlıq gətirib və qeyd edib ki, Ermənistan da daxil olmaqla, heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur. Amma tariximizi də unutmayacağıq. Azərbaycanda göz açan hər kəsin qan yaddaşında tarixi Azərbaycan torpaqlarının sərhədləri əks olunmalıdır. Biz tarixdə ədaləti ilə bərqərar olan böyük dövlətlər, imperiyalar quran və bu dövlətlərdə yaşayan xalqları himayə edən, qoruyan bir millətin varisləriyik".

Politoloq qeyd etdi ki, SSRİ-nin mövcud olduğu dönəmdə düşünən başlarımızı baltalayaraq, bizi tariximizlə bağlayan bütün körpüləri uçurmağa çalışıblar, amma bacarmayıblar: “İkinci Qarabağ müharibəsində əldə etdiyimiz Zəfər qanımızdakı genetik kodların açarı rolunu oynayıb, bizi özümüzə qaytarıb. Əldə etdiyimiz Zəfər bizim növbəti dirilişimizdir. Ruhumuz ayaqdadır və bu kinetik enerjini daha da böyütməyimiz, daha da güclənməyimiz üçün tarixi torpaqlarımızın sərhədlərini əbədi olaraq yaddaşımıza həkk etməliyik. Millətin strateji hədəfləri olmalıdır və Prezident İlham Əliyev də bütöv Azərbaycan xalqına strateji hədəflərini nişan verir, həm ideoloji, həm də siyasi lider kimi böyük dövlətlər qurduğumuz, yaşatdığımız zamanların mənəvi mirasını bu günümüzə daşıyır, tariximizdəki böyük dövlət adamlarının ümumiləşdirilmiş obrazı ilə çıxış edir”.

İrəvan Türk Cümhuriyyətinin (İTC) başqanı Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a dedi ki, Azərbaycan Prezidenti İlham Əliyev ADA-dakı konfransda Azərbaycan dövlətinin bir milli müəssisə kimi gələcək siyasi istiqamətlərini və hədəflərini açıq ortaya qoydu: “Biz son iki yüz ildə bir xalq olaraq itirdiklərimizin bərpası və milli varlıq və dəyərlərimizin reabilitasiyası və onun torpaq, Vətən şəklində geri qaytarılması üçün milli hədəfimizə malik olmalıyıq. Bizə qarşı olan güclərə, fərqi yoxdur bu kimdir, hansı milli qrupa aiddir, mübarizə üçün aydın siyasi və ideoloji konsepsiyaya malik olmalıyıq. Mən həmişə o fikirdə olmuşam ki, 30 il ərzində Qarabağın geri alınması üçün Azərbaycan cəmiyyəti hər şeyi etmişdi, tək bircə adam tapa bilməzdin ki, bu işğalla barışsın. Son zamanlar, xüsusən İrəvan Türk Cümhuriyyəti ortaya çıxandan sonra mən Azərbaycan cəmiyyətinin bu ideyaya inandığını və ona dəstəyini müşahidə edirəm. Prezident bir neçə dəfə dilə gətirmişdir ki, İrəvan, Göyçə, Zəngəzur və digər Qərbi Azərbaycan əraziləri tarixi Azərbaycan torpaqlarıdır və biz ora dönəcəyik. Dünənki toplantıda bu fikri fərqli şəkildə ifadə etsə də, bu, gələcək ideoloji fəaliyyətimizdə ana xəttin nə olacağının ən yaxşı ifadəsi oldu”.

Q.Çaxmaqlı əlavə etdi ki, İTC də bizim tarixi ərazilərimizi geri qaytarmaq üçün hüquqi yollarla mücadilə verməyi məqbul sayır: “Ancaq tarixi gedişat və ortamda şübhəsiz ki, mübarizənin digər üsulları da istisna olunmur. İrəvanın verilməsi hər hansı müqavilə ilə olmayıb. İrəvan şəhəri 29 may 1918-ci ildə Azərbaycan Milli Şurasının bir protokolu ilə Ermənistana verilib. 99 illik müqavilə-filan yoxdur. Həmin protokolun ləğv edilməsi ilə bağlı İTC Millət Şurası adından Azərbaycan Milli Məclisinə məktub yazmışıq. Bu protokolun etibarsız sayılmasına nail olacağıq”. Q.Çaxmaqlı qeyd etdi ki, digər torpaqların, məsələn, Zəngəzurun Ermənistana verilməsinin də heç bir hüquqi əsası yoxdur: “O dövrdəki İnqilab Komitəsinin bir ərazini başqa bir oluşuma verməsinin ixtiyarı yox idi. Eləcə də Nüvədi kəndinin 1929-cu ildə heç bir əsas olmadan Zəngilan rayonunun ərazisindən çıxarılıb, Ermənistanda yaranan bir rayonun tərkibinə qatılması qanunsuz qərardır. Bu kəndin geri qaytarılması prosudurlarını öyrənirik və bununla bağlı İrəvan Türk Cümhuriyyətinin bəyanatı da yayılıb”.

İTC başqanı aradan qaldırılması vacib olan digər tarixi ədalətsizliklərə də diqqət çəkdi: “1947-ci ildə Stalinin imzası ilə SSRİ Nazirlər kabinetinin verdiyi qərar, yəni Ermənistan Respublikasında yaşayan 100 minlərlə əhalinin yenə heç bir əsas olmadan Azərbaycanın ilan mələyən çöllərinə köçürülməsi qərarı da ləğv edilməli və əhalimizin öz vətənlərinə geri dönüşü təmin olunmalıdır. Ermənistan SSR və müstəqil Ermənistan tərəfindən verilən bir sıra qanunsuz qərar və qanunlar əhalimizin geri dönüşünü təmin edəcək hüquqi tutalqalar olacaq. Ərazilərimizin geri alınması və oraya əhalimizin köçürülməsinin bir yolu da, bəli, Ermənistanın Azərbaycana vurduğu zərərə görə kompensasiyaların yerinə torpaq verməsidir. Bu variant da beynəlxalq səviyyədə Ermənistanı məhkum etməkdən keçir. Mən torpaqlarımızın geri alınmasına inananlardanam və bu iş mübarizə ilə olur, prezidentimiz dediyi kimi, demirik ki, tankla, topla edəcəyik. Modern dünyanın qəbul etdiyi elə sivil mübarizə üsulları var ki, qətiyyətli mübarizə nəticə verə bilər. İrəvan Türk Cümhuriyyəti də həmin milli və müqəddəs hədəfləri reallaşdırmaq üçün meydandadır”.

Ermənilər kifayət qədər narahat olub. 44 günlük savaşadək bəlkə də Azərbaycandan səslənən bəyanat və xəbərdarlıqlara o qədər də ciddi reaksiya vermirdilər, “Ohanyan səddi”nə arxayın olaraq. Amma “Qarabağ Azərbaycandır” bəyanatının qısa vaxt ərzində reallaşmasından sonra İrəvan, Göyçə, Zəngəzurla bağlı mesajları təşvişlə qarşılayırlar. Bir sıra hallarda özləri də etiraf edirlər: belə getsə, tezliklə Azərbaycan əsgəri İrəvanın qapısında olacaq, deyərək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top