DİN, FHN və Daxili Qoşunların əməkdaşlarını videoya çəkən şəxs polisə hücum çəkdi — Şok təfərrüat

HADİSƏ 25 fev 2021, 10:46
Masallı rayonunda polis əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunan 1976-cı il təvəllüdlü Ruslan Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ruslan Şükürov yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 19 iyun 2020-ci il il tarixli, 208 nömrəli qərarına əsasən Masallı rayonunda mövcud karantin rejminin tələblərinə nəzarət edilməsi məqsədilə Masallı rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin baş dövlət avtomobil müfəttişi, polis kapitanı Şəmşir Kərimov, post patrul xidməti bölüyünün polis nəfərləri İldırım Dadaşzadə, Fuad Ağayev, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kiçik giziri Nicat Abdullayev və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Lənkəran şəhəri N saylı hərbi hissəsinin müddətdən artıq xidmət hərbi qulluqçusu Orxan Bayramlının 10 iyul 2020-ci il tarixdə, saat 10 radələrində rayonunun Musaküçə kəndindəki 1 saylı stasionar postda xidmət apararkən tibbi maskadan istifadə etmədən yol kənarında dayanıb özünə məxsus olan “Xiomi-Redmi” markalı mobil telefonun kamerası ilə polis əməkdaşlarının və hərbi qulluqçuların xidmətini qanunsuz olaraq videoya çəkərək xidmət aparan şəxslər barəsində əsassız və xoşagəlməz şərhlər verib.

Şəmşir Kərimov ona yaxınlaşıb tibbi maskadan istifadə etmədiyi üçün irad bildirərək çəkilişi dayandırıb, qanunsuz hərəkətlərinə son qoymasını və ərazidən kənarlaşmasını tələb edib.

O, hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşı Şəmşir Kərimovun qanuni tələbinə tabe olmayaraq, zor tətbiq etməklə müqavimət göstərərək, sonuncunun sinəsindən tutub dartmaqla onun əynindəki formasının düyməsini, həmçinin əli ilə sol çiynindəki paqonunu qoparmaqla, yumruqla sifət və bədəninin müxtəlif nahiyələrinə, eləcə də, təpiklə sağ qarın nahiyəsinə vurub.

İstintaq orqanı tərəfindən Ruslan Şükürovun barəsində Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə ittiham elan edilib.

Masallı rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Ruslan Şükürovun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.

Onun cəzanın icrası yaşadığı yer üzrə Masallı rayon icra və probasiya şöbəsinə həvalə edilib, cəzaçəkmə müddətinin əvvəlinin həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilib.

Hökmdən narazı qalan prokuror Valeh Şabanov apelyasiya protesti verib. Prokuror Ruslan Şükürovun barəsində həbslə olan cəza növünün təyin edilməsini istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti təmin olunmayıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top