Elman Nəsirov: “Allah insana cəza verəndə, əvvəlcə ağlını əlindən alır”

GÜNDƏM 09 fev 2021, 09:48
Milli Məclisin deputatı Vahid Əhmədov müsahibəsində bir sıra məmurların və sabiq məmurların korrupsiya ilə məşğul olduqları, milyardlarla sərvət toplayıb harınlamalarından danışıb. Bu zaman deputat bildirib ki, hətta həmin şəxslər o qədər harınlayıblar ki, ölkədə dövlət çevrilişi etmək sevdasına da düşüblər. Vahid Əhmədovun bu barədə fikirləri böyük ictimai rezonans doğurub. Hakim Yeni Azərbaycan Partiyasından da məsələyə reaksiya verilib. 

YAP-ın komissiya sədri, deputat Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, əgər Azərbaycanda dövlət çevrilişi etmək niyyətinə düşən sabiq məmurlar və ya hazırda vəzifədə olanlar varsa, deməli, həmin insan və ya insanlar tamamilə ağlını itirib: “Allah insana cəza verəndə əvvəlcə ağlını əlindən alır. Ancaq ağlını itirmiş məmur çevriliş iddiasına düşə bilər. Kimlərsə bu fikrə düşüblərsə, məgər bilmirlər, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında elə bir Azərbaycan dövləti formalaşıb ki, o, heç bir zaman indiki qədər güclü olmayıb? Bunun arxasında böyük mətləblər dayanır, çox ciddi əməli addımlar, nəticələr dayanır. Bu gün Azərbaycan xalqı birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir, ona inanır, ona etimad göstərir. Bir dövlət ki, 44 gün ərzində düşmənin 30 ildə yaratdığı istehkamları darmadağın edib işğalçını çökdürdü, Qarabağı işğaldan azad etdi, deməli, bu dövlət çox güclü dövlətdir. Bu dövlətin güclənməsində, qələbənin  əldə edilməsində həlledici faktor Ali Baş Komandan və Azərbaycan Ordusudur.

Eyni zamanda burada heç kimin unutmayacağı olduqca vacib bir faktor da var ki, o, xalq-hakimiyyət birliyidir. Xalq öz Ali Baş Komandanının arxasında dayanır, onun istənilən təşəbbüsünü, addımlarını birmənalı şəkildə dəstəklədi və dəstəkləyir. Arxasında xalqın gücü olan liderə qarşı hansı məmur dövlət çevrilişi etmək istəyinə düşə bilər? Ancaq və ancaq ağlını itirmiş adam bu fikrə düşər. Yaxud da hansısa xarici qüvvələrin təsiri altına düşən bu istəyə düşə bilər. Bu cür fikrə düşən inanmıram ki, olsun, əgər varsa belə, görünür, o, reallıq hissini tamamilə itirib. Azərbaycanda dövlət çevrilişi etmək qeyri-mümkündür. Həm yuxarıda dediyim faktlara, həm də Azərbaycanın müvafiq xüsusi xidmət orqanlarının ayıq-sayıqlığına görə qeyri-mümkündür. Müvafiq dövlət orqanları hər zaman fəaliyyətdədir”.

Deputat bununla belə, vurğuladı ki, şübhəsiz heç bir dövlət arxayın yaşamamalıdır, o cümlədən də Azərbaycan: “Təbii ki, biz gücləndikcə, buna sevinənlər də çoxdur. Amma eyni zamanda güclənməyimiz, torpaqlarımızı azad etməyimiz, Ermənistanı diz çökdürməyimiz bizi sevməyənlərin yuxusuna haram qatır. Revanşist qüvvələr təbii ki, Azərbaycan dövlətini zəiflətmək istəyərlər. Eyni zamanda ermənipərəst beynəlxalq siyasi dairələr ölkəni zəiflətmək üçün adətən başlayırlar müxtəlif təzyiq və təhididlərə. Azərbaycanı istəməyən həmin qüvvələr çox maraqlıdır ki, Azərbaycanda bir güclü ”beşinci kolon" formalaşsın və Azərbaycanı qarışdırmaq üçün ondan istifadə etsinlər. Amma Cənab Prezidentin bir ifadəsi var, deyir ki, Azərbaycan o qədər güclüdür daxildən bizə heç bir təhdid, təhlükə ola bilməz. Bizə təhdid və təhlükələr xaricdən ola bilir. Ermənipərəst beynəlxalq siyasi dairələr çalışırlar Azərbaycanda qarışıqlıq yaratsınlar. Bu da nəticə verməyəcək. Kimlər ki, həmin xarici dairələrin toruna düşüb Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərəcək, o adamların sonu yaxşı olmayacaq. Xaricdən daxildə kimlərə qarmaq atıldığı ya atılması istisna deyil. Ona görə də hesab edirəm ki, Azərbaycanda həmin xarici dairələrin əlində alət olan və dövlət çevrilişi etmək istəyinə düşən  məmur, qruplaşma, siyasi qüvvə tapılsa, deməli, onlar tamamilə ağıllarını itiriblər və öz sonlarını gətirərlər. Kimlər ermənipərəst siyasi dairələrin toruna düşsə, Azərbaycanda çaxnaşma, qarışıqlıq salmaq niyyətinə düşsə, vay onların halına. Belələri dövlətinə, xalqına qarşı satqındır, xəyanətkardır. Satqına, xəyanətkara qarşı isə ən sərt cavab verilir. Xalqımız ayıq-sayıqdır, öz dövlətinin, öz Prezidentinin yanındadır. Bu cür monolit birliyin olduğu dövlətə heç kim güc gələ bilməz".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top