Deputatdan sərt açıqlama: “Rusiya sülhməramlıları öz missiyasından kənara çıxır”

GÜNDƏM 14 dek 2020, 13:22
“Rusiya sülhməramlılarının missiyası bölgədə sülhü təmin etməkdən və münaqişəyə, qarşıdurmaya və hər hansı xoşagəlməz hadisələrə yol verməməkdən ibarətdir. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, biz Rusiya sülhməramlılarının öz missiyasından kənara çıxdığının şahidi olmaqdayıq”.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Razi Nurullayev deyib.

Millət vəkilinin sözlərinə görə, necə ola bilər ki, Azərbaycan tərəfinin bir milyona yaxın  məcburi köçkünü olmasına baxmayaraq, Rusiya  tərəfi ancaq həmin ərazilərə erməniləri qaytarıb, yerləşdirmək və onların təhlükəsizliiyni təmin etməklə məşğuldur. “Baxmayaraq ki, zamnında Xankəndində 15 minədək azərbaycanlı yaşayıb. Xocalıda tamamilə azərbaycanlılar yaşayıb. Amma azərbaycanlıların qaytarılması barədə bir addım da atılmır və işlər görülmür. Rusiya sülhməramlılarının işi ancaq oradan gedən erməniləri  geri qaytarmaqdır. Rusiya sülhməramlıları sanki az qala İrəvanda ev-ev gəzib demək istəyir ki, kim Qarabağdan çıxıbsa, geri qayıtsın, biz onun orada təhlükəsizliyini təmin edəcəyik. Rusiya sülhməramlılarının vəzifəsi bu deyil”, - millət vəkili qeyd edib.

Rusiya sülhməramlılarının  öz səlahiyyət həddi aşaraq özlərinə yeni xəritələr müəyyən etməsinə gəldikdə isə millət vəkili bildirib ki,bu, onların səlahiyyətinə aid olan məsələ deyil:

“Birincisi, xəritə noyabrın 10-da imzalanmış sənədə əsasən müəyyən edilməlidir. İkincisi, Azərbaycan suveren ölkədir və bura Azərbaycan ərazisidir. Ona görə də Rusiya sülhməramlıları gündə bir xəritə cızıb, "burada mən post qoyub, sakitliyi belə təmin edəcəyəm" deməsinin  heç bir əsası yoxdur. Ona görə də bu addımları ilə Rusiya sülhməramlıları Azərbaycan insanının gözündə neytrallığını itirməkdədir”.

Millət vəkili hesab edir ki, bu  cür xoşagəlməz hadisələrin qarşısını almaq üçün Ağdamda  Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi prosesinin sürətləndirmək lazımdır:

“Yaranmış durumu prosesi sürətləndirməyi zəruri edir. Çünki ciddi nəzarətə ehtiyac var. Türkiyə tərəfinin nəzarəti olarsa, belə xoşagəlməz halların qarışısı zamanında alınar. Əgər Rusiya sülhməramlılarının  öz missiyasından kənara çıxma halları baş verməsəydi,  Azərbaycan tərəfi ciddi narahatlığını dilə gətirməzdi. Hesab edirəm ki, Azərbaycan bundan sonra  burada Türkiyə tərəfinin rolunun artırılması istiqamətində  işləri  sürətləndirilməsi baxımından əlindən gələni etməlidir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top