Fəzail Ağamalı: "Tutduğumuz yola sadiq qaldıq"

GÜNDƏM 24 noy 2020, 16:47

Ana Vətən Partiyasının yaradılmasından 30 il ötür.

 

Demokrat.az xəbər verir ki, bu münasibətlə partiya sədri, millət vəkili Fəzail Ağamalı partiya üzvlərini təbrik edib.

 

Fəzail Ağamalının təbrikini olduğu kimi təqdim edirik:

 

"Dəyərli Ana Vətənçilər!


Bu gün 30 yaşımız tamam olur. Azərbaycan xalqının milli azadlıq və ermeni separatizminə qarşı apardığı mübarizə fonunda siyasi meydana qədəm qoyan partiyamız vətənpərvər və azadlıq mücahidlərinin birgə iradəsinin iafadəsi kimi olduqca çətin, mürəkkəb və şərəfli bir yol keçmişdir.


Azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik, demokratiya və Bütöv Azərbaycan amalına sadiq olan Ana Vətən Partiyası keçən yüz illiyin 90-cı illəriində həm sovet imperiyasına və erməni işğalına qarşı aparılan müharibənin ön cəbhəsində döyüşərək şəhid verir, həm də istiqlalımızın əldə edilməsində geniş miqyas olan mübarizədə xalqımızın önündə addımlayır, həm də milli dövlətçiliyimizin yaradılmasında, bütövlükdə məruz qaldığımız son dərəcə çətinliklərin, ağır durumun aradan qaldırılmasında Heydər Əliyevin ölkəmizin siyasi rəhbərliyinə gəlməsi qütbündə vuruşan, çoxminli soydaşlarımızın arasında yer alırdı. 


Moskvanın canişini və Heydər Əliyevə qarşı düşmənçilik mövqeyi tutan Ayaz Mütəllibovun 1992-ci ilin martında istefasını tələb edən fasiləsiz mitinqin təşəbbüskarı və fəal iştirakçısı olan partiyamız onun istefasından dərhal sonra 1992-ci ilin martın 9-da Azərbaycan Demokratik Qüvvələr Birliyinin yığıncağında Heydər Əliyevin Naxçıvandan Bakıya siyasi hakimiyyətə dəvət olunması bəyanatılə çıxış etdi. Təəssüf ki, AXC-nin aparıcı funksionerlərinin hakimiyyətə gəlmək hərisliyi milli maraqlarımıza xidmət edən niyyətimizin reallaşmasına imkan vermədi. Lakin sonrakı proseslər bizim nə qədər haqlı olduğumuzu bütün çılpaqlığılə ortaya qoydu. Səriştəsiz idarəçilik, hakimiyyət daxilində separatçılıq ölkəmizi fəlakət həddinə çatdırdı, vətəndaş müharibəsi, ölkənin parçalanması reallığa çevrildi. Xalqımız ayağa qalxaraq, Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini kəskin şəkildə, çürüyən və çökən AXC-Müsavat hakimiyyətindən tələb etdi. Biz ənənəmizə söykənərək xalqımızla bərabər olduq və Ulu Öndərimizin yaynında yer aldıq. 


Həmin çətin anlarda Ulu Öndərmizin siyasi kursunun dəstəklənməsi və həyata keçirilməsi uğrunda təşəbbüsümüzlə yaranan və 10-dan artıq siyasi partiyanı ətrafında birləşdirən Məşvərət Məclisi platformasında liderliyimizi nümayiş etdirdik.


1998-ci ildə Ana Vətən Partiyası prezident seçkilərində seçkiləri izləmək məqsədilə ümumrespublika səviyyəli Demokratik Seçki Mərkəzini təsis etdi. Və biz bütün respublika miqyasında məntəqə və dairə seçki komissiyalarında müşahidəçilik institutunu yaratdıq, seçkilərdə müşahidə apardıq və sonda seçkilərin demokratik, azad, şəffaf keçirilməsi, seçkilərdə mütləq səs çoxluğu qazanan  Heydər Əliyev qalib gəldiyi  haqqında Bəyanat verdik və seçkilərin gedişi və nəticələrini şübhə altına almağa çalışanları ciddi arqumentlərlə susdurmağı bacardıq.


Bizim üçün müstəqilliyimiz, dövlətçiliyimiz və ərazi bütövlüyümüz keçilməz qırımızı xətt olub. Yaşadığımız yüzilliyin əvvəllərində Ulu Öndərimizin səhhətində yaşanan çətinliklər, bir sıra adamların prezident olmaq iştahasını artırmışdı. Bu tip insanlar həm müxalifətdə, həm də iqtidar daxilində özünü göstərməkdə idi.


Müxalifətdə Müsavat başqanı İsa Qəmbər, hakimiyyət daxilində isə prezident Aparatının keçmiş rəhbəri, Ramiz Mehdiyev xüsusilə canfəşanlıq göstərirdi.


Biz hər iki cinaha qarşı ardıcıl, prinsipial və bir  mənalı mövqe nümayiş etdirdik, onlara qarşı hər ikisindən və digər namizədlərdən qat-qat üstün keyfiyyətlərə malik İlham Əliyevin üzərində dayandıq. Biz iki əsas arqumentə söykənirdik.


Birincisi, Heydər Əliyevin dövlətçilik xəttinin və siyasi kursunun varisliyi;


İkincisi, İlham Əliyevlə millət vəkili olduğum zaman kəsiyində onunla təmaslarımızdan aldığım unudulmaz təəssürat - dərin bilik, güclü məntiq, liberal baxışlar sistemi, qarşısıalınmaz vətənpərvərlik, xalqımıza sonsuz bağlılıq və konyukturadan tam uzaq praqmatik yanaşma tərzi, keçdiyi yolun və aldığı fundamental təhsilin – intellektin sintezini özünəməxsus və təkrarsız  reallaşdırmaq kimi yüksək təşkilatçılıq istedadı. 


Əslində, bu nəticəyə 2003-cü ilə qədər gəlmişdim və qənaəti İlham Əliyevin fəaliyyətini əks etdirən 12 cildlik kitabda ortaya qoymuşduq.


2003-cü ildə partiyamızın 3-cü qurultayında ölkə miqyasında ilk olaraq İlham Əliyevin namizədliyini irəli sürdük və onun qələbəsi uğrunda ümumxalq mübarizəsində yer aldıq və qalib gəldik. 


Bu günə qədər müqəddəs bildiyimiz yolla - dövlətçiliyimizin möhkəmlənməsi, milli istiqlalımızın qorunub saxlanılması və ərazi bütövlüyümüzün təmin olunması uğrunda geniş və çoxqütüblü cəbhədə böyük fədakarlıqla vuruşan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevlə birlikdəyik. Milli iftixarımız olan Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev düz 17 il yağı, yırtıcı, vandal Ermənistan və onu himayə edən dövlətlərlə ölkəmizi qələbəyə aparan, əyilən qəddimizi düzəldən, zədələnən  qürurumuzu və milli mənliyimizi özümüzə qaytaran son döyüşə bütün zərgər dəqiqiliyilə hazırlaşırdı.


Və bu da iftixar doğuran sonluq: 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün döyüş meydanında düşmənin belini qıran, saxta erməni dövlətinə ağır və ölümcül zərbələr vuran, Vətən Müharibəsindən qalib çıxan, həm də bütövlükdə region və Dünya miqyasında erməni separatizminin kökünü kəsən siyasi və diplomatik bacarıq, sərkərdəlik istedadının təntənəsi!


Əziz Ana Vətənçilər!


Gəlin etiraf edək ki, olduqca vacib və lakonik şəkildə Sizə ünvanladığım bu bayram təbrikində partiyamız həqiqətən xidmət etdiyi siyasi kursun xoş təəssüratını yaşamaqdadı.


Çətin, ağrılı-acılı anlar yaşasaq da, dövlətimizin və xalqımızın qazandığı uğurların içərisində yer aldıq, dahi, milli dövlətimizin banisi, tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyev və Dünya şöhrətli prezident, xilaskar, Milli iftixarımız, Ali Baş Komandanımız İlham Əliyevlə birgə olduq, tutduğumuz yola sadiq qaldıq, antidövlətci qüvvələrin bütün şirnikləndirici təklifləri rədd etdik.


Bütövləşən yolumuz uzundur və uzun olduğu qədər müqəddəsdir. Yolumuz davam edir.


Bu yolun uğur faktoru İlham Əliyevdir. Onunla birgə addımlamaqdan şərəfli nə ola bilər ki!?


Bayramımız, 30 yaşımız mübarək!"

 

Demokrat.az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top