“Ermənistan və Azərbaycan arasında ABŞ-də paraflanmış sülh sazişi Azərbaycanın 44 günlük müharibəsi və 23 saatlıq antiterror əməliyyatının diplomatik müstəvidə siyasi qələbəyə qovuşdurulması hadisəsidir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Millət vəkilinin sözləri əsasən, bu hadisənin mühüm əhəmiyyətlərindən biri də odur ki, ilkin razılaşma sülh sazişi heç bir vasitəçi olmadan, ikitərəfli qaydada, ABŞ Prezidentinin iştirakı ilə paraflandı:
“Məsələnin mahiyyəti ondan ibarətdir ki, təqribən 35 il davam edən münaqişə dövründə bu prosesdə sülh adına töhfə vermək istəyən bütün beynəlxalq və milli aktorlar sülhün olmaması üçün əllərindən gələni etmişdilər və sülh adı altında Ermənistanla Azərbaycan arasında münaqişənin daha da dərinləşməsi, heç vaxt həll edilməməsi üçün cəhd göstərmişdilər. Bir il bundan əvvəl paraflanan sənəd Azərbaycan Prezidentinin və Azərbaycan diplomatiyasının böyük zəfəridir və diplomatiya tarixində nadir rast gəlinən təcrübələrdən biridir. Bir il ərzində paraflanmış sənədin imzalanması üçün şərtlərin formalaşdırılması baxımından Azərbaycan əlindən gələni etdi. Blokadanı birtərəfli şəkildə rəsmi İrəvan üzərindən qaldırdıq. Çünki Ermənistanın işğalçılıq siyasəti onun özünü blokadaya məhkum etməsinə gətirib çıxarmışdı. Azərbaycan birtərəfli qaydada ticarət əlaqələrini qismən bərpa etdi və nəticədə Ermənistanda sülhün tərəfdarı olan siyasi düşərgənin yenidən hakimiyyətdə qalması üçün şərtlər formalaşdırmış oldu. Bu müddət ərzində, mühüm nailiyyətlərdən biri Ermənistan və Azərbaycan arasında yaradılmış sərhədlərin delimitasiyası və demarkasiyası komissiyasının delimitasiya və demarkasiya üçün xüsusi standart kimi adlandıra biləcəyimiz ortaq təlimatı yaratması oldu. Beləliklə, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası təcrübəsi də müəyyən bir standarta oturdulmuş oldu”.
Hikmət Babaoğlu bütün bunların nailiyyət olduğunu vurğulayıb:
“Bu, bir qədər də geniş mövzudur. Çünki ötən dövr ərzində, yəni son bir il ərzində Zəngəzur dəhlizinin açılması üçün, amma sadəcə dəmir yolu deyil, paralel nəqliyyat dəhlizi kimi avtomobil yolu, dəmir yolu və fiber-optik kabellər xətti istiqamətində mühüm addımlar atıldı. ABŞ tərəfindən artıq yaradılmış şirkətin rəhbəri təyin edildi. Layihələndirmə işləri aparıldı, başa çatmaq üzrədir. Maliyyə məsələləri hesablandı. Yəni, bir növ Azərbaycandan Azərbaycana maneəsiz getməyin əsas layihələndirmə işləri başa çatdırılmaq üzrədir. Bu, həm də Azərbaycandan Türkiyəyə və Mərkəzi Asiyadan Türkiyəyə sərbəst keçid deməkdir. Bütün bunlar, Azərbaycanın əldə etdiyi tarixi zəfər nəticəsində mümkün oldu və Azərbaycan Prezidentinin qətiyyəti, uzaqgörənliyi və siyasi müdrikliyi sayəsində həyata keçdi. Önümüzdəki mərhələ isə sadəcə Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılması mərhələsidir. Bu da ən qısa müddətdə baş tutmalıdır. Nə qədər tez baş tutsa, bir o qədər regionun xeyrinədir. Çünki Ermənistan tərəfindən unudulmamalıdır ki, regionda hər an revanşist, radikal qüvvələrin ən müxtəlif addımlar atması mümkündür. Bunun baş verməməsi üçün, mənə elə gəlir ki, Ermənistan 2027-ci ili gözləməməlidir. Ən qısa müddətdə Ermənistan öz Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını çıxarmalıdır ki, paraflanmış sənəd imzalarla təsdiq olunsun və regionumuza sülh gəlsin”.
Qeyd edək ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamənin üzərindən bir il keçir. Bu müddət ərzində sülh prosesinin gedişi, Azərbaycanın təşəbbüsləri və regionda baş verən siyasi dəyişikliklər əsas mövzulardan olub. Prezident İlham Əliyevin həyata keçirdiyi sülh siyasətinin ötən bir ildə yaratdığı nəticələr və əldə olunan razılaşmaların Cənubi Qafqazın gələcəyinə təsiri isə danılmazdır.


