Bakıda nəqliyyat sıxlığı və tıxac problemi paytaxtın əsas gündəlik problemlərindən biri olaraq qalır. Artan avtomobil sayı ilə yanaşı, şəhərin mövcud planlaşdırılması, yaşayış və iş zonalarının yerləşməsi, yol şəbəkəsinin quruluşu və parklanma imkanlarının məhdudluğu nəqliyyat axınına təsir göstərən əsas amillər sırasında yer alır. Bakının 2040-cı ilədək Baş Planında da küçə-yol şəbəkəsinin genişləndirilməsi, ictimai nəqliyyatın inkişafı, metro şəbəkəsinin artırılması və alternativ nəqliyyat imkanlarının yaradılması nəzərdə tutulur.
Digər tərəfdən, yalnız yeni yolların salınması tıxac probleminin uzunmüddətli həlli üçün kifayət etməyə bilər. Şəhərsalma zamanı yeni yaşayış və qeyri-yaşayış obyektlərinin nəqliyyat yükünün nəzərə alınması, ictimai nəqliyyatın əlçatanlığının artırılması və şəxsi avtomobillərdən asılılığın azaldılması da mühüm əhəmiyyət daşıyır.
Bəs Bakıda nəqliyyat sıxlığının yaranmasında mövcud şəhərsalma modelinin hansı rolu var? Şəhərin yol-nəqliyyat infrastrukturu artan nəqliyyat yükünə nə dərəcədə cavab verir və tıxacların azaldılması üçün şəhərsalma baxımından hansı dəyişikliklərin həyata keçirilməsinə ehtiyac var?
Demokrat.az-a bu barədə danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, şəhərsalma baxımından Bakıda yol-nəqliyyat infrastrukturu ilə bağlı əsas problemlərdən biri uzun illər ərzində şəhərin ayrı-ayrı hissələrində plansız və xaotik tikintilərin həyata keçirilməsidir.

Onun sözlərinə görə, bir çox hallarda tikinti prosesində şəhərin ümumi nəqliyyat yükü, yol infrastrukturunun imkanları, parklanma imkanları və həmin ərazidə gələcəkdə yaranacaq avtomobil sıxlığı kifayət qədər nəzərə alınmayıb:
“Bakının baş planının uzun müddət təsdiqlənməməsi də bu problemin formalaşmasına təsir edən əsas amillərdən biridir. İndi isə şəhərin baş planı təsdiqlənib və bundan sonrakı mərhələdə yeni tikinti layihələrinin, yol və nəqliyyat infrastrukturunun həmin plana uyğun həyata keçirilməsi gözlənilir. Bu, şəhərsalma baxımından müsbət addımdır. Əsas məsələ isə bundan sonra həmin planın real şəkildə tətbiq olunması və yeni layihələrə yanaşmada vahid şəhərsalma prinsiplərinin qorunmasıdır.
Təbii ki, Bakının mövcud vəziyyətini sıfırdan qurulan şəhərlərlə müqayisə etmək də düzgün olmaz. Dünyanın bir çox böyük şəhərlərində olduğu kimi, Bakı da müxtəlif tarixi dövrlərdə formalaşıb. Şəhərdə Sovet dövründən qalan yaşayış massivləri, dar küçələr, köhnə yol infrastrukturu və sonrakı illərdə inşa edilmiş yeni, iri yaşayış və biznes binaları bir-birinin üzərinə əlavə olunub. Sıfırdan salınan şəhərdə yol şəbəkəsini və nəqliyyat sistemini əvvəlcədən planlaşdırmaq daha asandır. Mövcud şəhərdə isə artıq formalaşmış tikililər və küçə şəbəkəsi üzərində dəyişiklik etmək daha mürəkkəbdir.
Bu gün Bakıda əsas problemlərdən biri də ondan ibarətdir ki, bəzi ərazilərdə yol infrastrukturu böyük tikililərin yaratdığı əlavə nəqliyyat yükünü qarşılaya bilmir. Məsələn, mərkəzi ərazilərdə hələ də iki-üç avtomobilin çətinliklə hərəkət etdiyi dar küçələrin ətrafında çoxmərtəbəli binaların tikildiyini görürük. Halbuki böyük bir yaşayış binasının inşası həmin əraziyə yüzlərlə, bəzi hallarda isə minə yaxın avtomobilin daxil olmasına və gün ərzində həmin ərazidən çıxmasına səbəb ola bilər.
Əgər yeni yaşayış kompleksi tikilirsə, onun yalnız öz ərazisindəki tikinti məsələsinə baxmaq kifayət deyil. Həmin binada neçə mənzilin olacağı, təxminən neçə sakinin yaşayacağı, neçə avtomobilin istifadə ediləcəyi, avtomobillərin əraziyə hansı istiqamətdən daxil olub-çıxacağı, parklanmanın necə təşkil ediləcəyi və mövcud küçələrin bu yükü qarşılayıb-qarşılamayacağı əvvəlcədən hesablanmalıdır. Əks halda bina istifadəyə verildikdən sonra həmin ərazidə nəqliyyat sıxlığının yaranması qaçılmaz olur.
Ona görə də şəhərsalma ilə nəqliyyat planlaması bir-birindən ayrı götürülməməlidir. Yeni tikinti layihəsinə icazə verilərkən yalnız binanın memarlıq və tikinti parametrlərinə deyil, onun ətraf nəqliyyat sisteminə təsirinə də kompleks şəkildə baxılmalıdır. Hər bir böyük layihə üçün nəqliyyat yükünün əvvəlcədən hesablanması və mövcud yol infrastrukturunun buna nə dərəcədə hazır olduğunun müəyyənləşdirilməsi vacibdir.
Ümid edirik ki, bundan sonrakı tikintilərdə Bakının Baş Planının tələbləri və nəqliyyat infrastrukturu ilə bağlı məsələlər daha ciddi şəkildə nəzərə alınacaq. Artıq şəhərdə nəqliyyatın idarə olunması, ictimai nəqliyyatın inkişafı, yol hərəkətinin optimallaşdırılması və digər istiqamətlərdə müəyyən islahatlar aparılır. Lakin uzun illər ərzində formalaşmış problemin qısa müddətdə tam həlli mümkün deyil.
Əsas məqsəd bundan sonra yeni problemlərin yaranmasının qarşısını almaq, şəhərin mövcud nəqliyyat imkanlarını nəzərə almadan tikintilərə yol verməmək və Bakı üçün uzunmüddətli, dayanıqlı nəqliyyat modelinin formalaşdırılması olmalıdır. Əks halda yeni yollar və əlavə infrastruktur yaradılsa belə, plansız tikinti davam etdiyi müddətdə həmin infrastruktur da qısa müddətdə artan nəqliyyat yükü qarşısında kifayət etməyə bilər”, - deyə ekspert fikrini tamamlayıb.


