"İlham Əliyevlə Vladimir Putin arasında baş tutan telefon danışığı mühüm əhəmiyyət daşıyır" — ŞƏRH

GÜNDƏM 08 oktyabr 2025, 19:29
"Azərbaycan və Rusiya liderlərinin birbaşa təmasları iki ölkə arasındakı münasibətləri müəyyən edən əsas amillərdən biridir. Bu baxımdan Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı mühüm əhəmiyyət daşıyır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

"Bundan əvvəl hər iki dövlət başçısı Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Çində qısa müddətli görüş keçirmiş, bir-biriləri ilə səmimi şəkildə salamlaşaraq ayrılmışdılar. Həmin səfər zamanı Azərbaycan–Rusiya münasibətləri ilə bağlı ayrıca görüş keçirilməmişdi.

Daha sonra Putin Azərbaycan lideri ilə görüşdüyünü, bunu yüksək qiymətləndirdiyini və iki ölkə arasındakı mövcud problemlərin də həll ediləcəyinə ümidvar olduğunu bildirmişdi. İndi isə, Prezident Putinin doğum günü münasibətilə İlham Əliyevin ona zəng etməsi bu birbaşa dialoqun davamı kimi qiymətləndirilə bilər".

O bildirib ki, son aylarda Azərbaycan–Rusiya münasibətlərində gərginlik tendensiyası müşahidə olunurdu:

"Lakin iki Prezident arasında baş tutan bu təmas, həm siyasi, həm də diplomatik səviyyədə vəziyyətin normallaşmasına imkan yarada bilər.Şübhəsiz ki, mövcud situasiya uzun müddət bu gərginlikdə davam edə bilməz. Azərbaycan və Rusiya arasındakı münasibətlərin tədricən normallaşması, əməkdaşlıq və tərəfdaşlığın bütün istiqamətlər üzrə bərpası hər iki tərəf üçün ən səmərəli variantdır.Yəqin ki, Prezident İlham Əliyev və Prezident Vladimir Putin bu telefon danışığı zamanı ikitərəfli münasibətlərin gələcək inkişaf istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparıb və yaxın dövrdə Azərbaycan–Rusiya əlaqələrinin inkişafı üçün konkret yol xəritəsinin müəyyənləşdirilməsi imkanı əldə ediblər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 oktyabr 2025, 20:29
08 oktyabr 2025, 20:11
Top