Kazino biznesi ölkəyə bunları qazandıracaq — ARAŞDIRMA

GÜNDƏM 30 iyul 2025, 18:15
“Son dövrlər Azərbaycanda kazino sektorunun leqallaşdırılması ilə bağlı ictimaiyyət və media arasında geniş müzakirələrin artdığı müşahidə olunur. Bu sahədə beynəlxalq təcrübə sübut edir ki, düzgün hüquqi və sosial çərçivələr daxilində tənzimləmə aparılarsa, kazino fəaliyyəti həm daxili iqtisadiyyat, həm də xarici turizmin inkişafı üçün mühüm impuls verə bilər”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, həmçinin Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyib.



Onun sözlərinə görə, dünya praktikasında kazinolar təkcə əyləncə obyekti kimi yox, həm də turizm infrastrukturunun və xidmət klasterlərinin əsas sütunlarından biri kimi qəbul olunur:

“Macao, Singapur, Gürcüstan və BƏƏ kimi ölkələrdə formalaşan təcrübələr göstərir ki, kazino mərkəzlərinin ətrafında lüks hotellər, spa kompleksləri, konfrans mərkəzləri, ticarət zonaları və nəqliyyat şəbəkəsi sürətlə inkişaf edir.

Hüquqi və sosial mexanizmlər vacibdir

Bu sahənin idarə olunması üçün beynəlxalq meyarlara uyğun olaraq lisenziyalaşdırma, gəlir vergisi (15–35%), müstəqil maliyyə yoxlaması, yaş məhdudiyyəti (21+), özünü istisna sistemləri, reklamla bağlı məhdudiyyətlər və sosial məsuliyyət fondlarının tətbiqi mühüm əhəmiyyət daşıyır. Belə yanaşma həm şəffaf və tənzimlənən biznes mühiti formalaşdırır, həm də ictimai rifahın qorunmasına töhfə verir".

Ekspert bildirib ki, kazino fəaliyyəti sadəcə tək obyektlə məhdudlaşmır – o, ətrafında formalaşan turizm klasterinin əsas mərkəzinə çevrilir. Bakı, Xəzəryanı ərazilər, Quba–Şəki zonaları bu baxımdan “İnteqrə olunmuş kurort” modelinin tətbiqi üçün əlverişli sayılır:

"Bu model çərçivəsində kazinolardan əlavə spa, konfrans, sağlamlıq, kənd turizmi və golf sahələri ilə inteqrasiya mümkündür. Nəticədə bu, mövsümi yox, ilboyu davamlı turist axınına səbəb olur və regionlarda məşğulluğun artmasına təkan verir".

Ekspertin sözlərinə görə, təcrübələr göstərir ki, effektiv şəkildə idarə olunan kazino sektoru ölkəyə ildə 200–300 milyon ABŞ dolları həcmində əlavə turizm gəliri qazandıra bilər:

"Bu, Azərbaycanın yüksək gəlirli turistlər üçün cazibədarlığını artıraraq Rusiya, Türkiyə, İran, Qazaxıstan və Körfəz ölkələrindən gələn qısamüddətli, amma yüksək xərcli ziyarətçilərin axınını gücləndirə bilər". 

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top