Putinin qəzəbinə gələn azərbaycanlı milyarder: İsgəndər Xəlilov kimdir?

DÜNYA 29 iyul 2025, 10:02
Rusiyada hədəfə alınan nüfuzlu biznesmen və milyarderlərdən biri də Azərbaycan əsilli oliqarx İsgəndər Xəlilovdur. Azərbaycanda doğulub-böyüyən və çoxşaxəli biznesə malik olan iş adamının Moskva-Bakı arasında son 1 aydır böyüyən gərginlik səbəbilə hədəfə çevrildiyi deyilir. Xəlilov Bakının mərkəzində yerləşən ilk böyük iş mərkəzinin sahibi olan iş adamı kimi yaddaşlarda qalıb və 1998-ci ildə “İSR Plaza”nın istifadəyə verməsi ilə xüsusilə tanınıb. İş adamı yalnız bu layihə ilə yox, həm də “Mister Tibot” və “Ramstor” kimi məşhur layihələrə sahib olması ilə tanınır. Bundan başqa, milyarder ilk vaxtlar “McDonalds” şəbəkəsinin də sahibi idi. Sonradan mülkiyyətin yenidən bölüşdürülməsi prosesində bəzi iri şirkətlər əlindən çıxdı.

Həmçinin, Xəlilovu 3 ölkədə “böyüyən sahibkar” da adlandırılır. Belə ki, 1995-ci ildə yaratdığı “İSR” Şirkətlər Qrupunun Azərbaycan, Rusiya, Türkiyə və İsveçrədə ofis və filialları fəaliyyət göstərir. Onun biznes imperiyasının əsas hissəsi Rusiyada yerləşsə də, oliqarxın Azərbaycandakı fəaliyyəti kifayət qədər gözə çarpır. “Hilton Baku Hotel”in sahibi kimi o bu mehmanxanaya ümumilikdə 140 milyon dollar vəsait yatırdığını açıqlayıb. Müsahibələrinin birində milyarder Azərbaycanda olan bir sıra obyektlərinin adını sadalayıb: “Hilton Bakı”, “Park İNN”, “Ramstore” hipermarketi, Bakı Əyləncə Mərkəzi, ISR-Plaza, “Mc.Donald’s”, “NİKOİL” bankı, “Nərgiz” Ticarət Mərkəzi, “Toyota Center”, Bakı Tikiş Fabriki, Neftçala Yod Zavodu, Zaqatalada fındıq, Göyçayda, Lənkəranda, Qubada, Əli Bayramlıda, Xaçmazda meyvə şirəsi zavodları…

Bu məlumatlar bir qədər köhnə ola bilər. İddialar var ki, İ.Xəlilovun nəzarətindəki iri obyektlər artıq əl dəyişib. Amma o, hələ də iqtisadi qüdrətini qoruyub saxlaya bilib.

İsgəndər Xəlilov 1955-ci il dekabrın 9-da Bakı şəhərində anadan olub. Kifayət qədər imkanlı ailədə böyüyüb. 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, 1984-cü ildə isə Moskva Hüquq Akademiyasını bitirib. Bir müddət Bakı şəhərinin müəssisələrində ixtisası üzrə işləyib.

1988-ci ildən 1991-ci ilə qədər “LUKoyl” şirkəti prezidentinin məsləhətçisi olub. 1991-ci ildə “LUKoyl” – Azərbaycan” Neft Şirkətinin direktorlar şurasının sədri seçilib. 1996-cı ildən 2000-ci ilə qədər “LUKoyl”- Türkiyə” nümayəndəliyi İdarə Heyətinin rəhbəri vəzifəsini tutub.

İsgəndər Xəlilov nəyə görə Rusiyanın hədəfinə çevrildi? Putin hakimiyyəti azərbaycanlı milyarderləri nə üçün sıxışdırır?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiya hakimiyyətinin bu ölkənin ərazisində yaşayan azərbaycanlıları hədəf almasının səbəbi olduqca sadədir:
 

“Rusiya Azərbaycanın müstəqil siyasət aparmasını, yeni reallıqlar yaratmasını və ərazi bütövlüyü ilə suverenliyini təmin etməsini qəbul edə bilmir. Digər dövlətlər kimi Azərbaycana qarşı da keçmiş imperiya ambisiyaları və təkəbbürü ilə yanaşır, habelə təzyiq göstərərək öz istəklərini qəbul etdirməyə çalışır. Lakin Azərbaycan buna müqavimət göstərir və müstəqil siyasətində hər hansı bir güzəşt etməyəcəyini açıq şəkildə bəyan edir. Bu səbəbdən, Rusiya tərəfindən təyyarəmizin vurulmasından sonra yaranan gərginlik fonunda, rəsmi Moskva ardıcıl olaraq təxribatçı addımlar atıb. Həmçinin, media məkanımıza kiber hücumların təşkil edilməsi, millət vəkilimizin Rusiyadan deportasiya olunması və son aylar azərbaycanlılara qarşı ciddi diskriminasiya siyasətinin həyata keçirildiyini müşahidə edirik”.

Oqtay Qasımov

Politoloq qeyd edib ki, ilk hədəf olaraq Rusiyada yaşayan və orada fəaliyyət göstərən böyük iş adamları seçilib:

“Rusiyada hesab edilir ki, məhz onların əmlaklarının ələ keçirilməsi vacibdir. Azərbaycan diasporasının önəmli üzvləri olan bu şəxslərin zəiflədilməsi, orada yaşayan 100 minlərlə insanın həyatına və onların hüquqlarına ciddi təsir göstərə bilər. Bunun gözdağı olaraq da dəyərləndirməsi də mümkündür. Rusiya hakimiyyətinin əsl mahiyyəti əksər hallarda kriminal xarakter daşıyır. Bu mənada 2000-ci illərin əvvəllərində yəhudi əsilli iş adamlarına qarşı həyata keçirilən repressiyalar və onların sıradan çıxarılması, əmlaklarının ələ keçirilməsi prosesi xatırlanmalıdır. Bunun ardınca, 2008-ci ildən sonra gürcülərə qarşı aparılan siyasət də yaxşı yadımızdadır. Hazırda isə azərbaycanlılar eyni diskriminasiya ilə üzləşirlər”.

O.Qasımov əlavə edib ki, hədəfdə yalnız İsgəndər Xəlilov deyil, digər Azərbaycan əsilli milyarderlər, böyük iş adamları və biznes şəbəkələrinin rəhbərləri də mövcuddur:

“Xatırlasaq ki, bir müddət öncə keçmiş Federasiya Şurasının sədri Sergey Mironovun Baş Prokurorluğa müraciətində də məhz iri kapital sahibi olan azərbaycanlıların hədəfə alınması ilə bağlı qeyd olunub. Yəni, Rusiya hakimiyyətinin mahiyyətindən doğan bir addım olaraq, oliqarxlara qarşı təzyiqlərin aparılması həmin oliqarxların Azərbaycan hakimiyyəti ilə münasibətlərini pozmağa yönəlib. Bu narazılıqdan istifadə edərək isə Rusiyanın Azərbaycana təzyiqi artırması mümkündür. Lakin hesab edirəm ki, bu planlar baş tutmayacaq, çünki Azərbaycanın Rusiyanın bu təxribatçı addımlarına qarşı müqavimət göstərmək və cavab vermək imkanları qalmaqdadır. Azərbaycanın güclü və müstəqil siyasəti, bu cür təzyiqlərə qarşı dayanıqlı olmasına şərait yaradır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 iyul 2025, 18:22
Top