Avropa Birliyi Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına necə təsir göstərir? — AÇIQLAMA

XARİCİ SİYASƏT 09 iyul 2025, 19:35
Avropa İttifaqının (Aİ) xarici siyasət işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İrəvanda bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında söyləyib ki, Aİ və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıb. Aİ Ermənistana 270 milyon avro vəsait ayırıb.

Politoloq Zeynal Əmrəliyev Demokrat.az-a açıqlamasında deyib ki, səfər çərçivəsində səsləndirilən fikirlər Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivinə, eləcə də Avropa İttifaqının regionda artan rolu fonunda Azərbaycanın bu qurumla münasibətlərinə təsir edir:

“Xüsusilə də, Aİ-nin son illərdə bölgədə nümayiş etdirdiyi qeyri-obyektiv yanaşmalar Azərbaycanla münasibətlərdə inamsızlıq mühiti yaradıb və əlaqələrin zəifləməsinə səbəb olub. Bu baxımdan İttifaqın Ermənistana yüksək səviyyəli siyasi diqqət ayırması və münasibətləri dərinləşdirməyə çalışması regionun ümumi təhlükəsizlik və sabitlik gündəliyində mühüm dəyişikliklərə yol aça bilər. 

Aİ-nin regionda fəallaşmasının arxasında duran əsas amillərdən biri Yaxın Şərqdə, xüsusilə İran-İsrail münaqişəsindən sonra yaranmış təhlükəsizlik boşluğudur”.

Politoloq qeyd edib ki, bu proses Avropa İttifaqını Cənubi Qafqazda möhkəmlənməyə və burada geosiyasi təsir imkanlarını genişləndirməyə sövq edir:

“Eyni zamanda Rusiyanın Ermənistanda artan təsirini zəiflətmək cəhdləri də bu fəallaşmanın əsas səbəblərindən biridir. Məlumdur ki, Rusiyaya bağlı siyasi qüvvələr hazırda Ermənistanda Baş nazir Paşinyan hökumətinə qarşı təzyiqlər göstərir və daxili sabitliyi pozmaq üçün müxtəlif cəhdlər edirlər. 

Avropa İttifaqı isə bu gərginlik fonunda Ermənistanda mövqeyini gücləndirməyə çalışır. Avropa İttifaqının Ermənistanla yaxınlaşması, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinə həm müsbət, həm də mənfi təsir göstərə bilər”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 22:32
Top