Hacıqabul rayonunda “2 iyul – Azərbaycan polisi günü” qeyd edildi — FOTOLAR

SİYASƏT 02 iyul 2025, 13:03
02 iyul 2025-ci il tarixində Hacıqabul rayonunda Polis işçilərinin peşə bayramı günü qeyd edildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, həmçinin veteran və təqaüddə olan polislər iştirak edirdi.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzdülər. Daha sonra tədbir Rayon Polis Şöbəsinin iclas zalında davam etdirildi. İlk olaraq Azərbaycan Respublikası Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun peşə bayramı münasibətilə şəxsi heyətə ünvanladığı təbrik məktubu oxundu.

Tədbirdə çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov polis əməkdaşlarını Peşə Bayramı münasibətilə təbrik edərək bildirdi ki, bu gün Prezident  cənab İlham Əliyevin rəhbərliyi ilə Daxili İşlər orqanlarında aparılan uğurlu islahatlar sayəsində ölkəmizdə əmin-amanlığın, sabitliyin qorunmasında Azərbaycan polisinin şərəfli, fədakar əməyi, xidməti əvəzsizdir. Rayon rəhbəri onu da qeyd etdi ki, may ayında rayon ərazisinə yağan  intensiv yağışlar nəticəsində Pirsaat çayının daşması səbəbindən yaranan seldə həyatını təhlükəyə ataraq rayon sakinini xilas edən polis nəfəri Muradbəyli Yunis Natiq oğlunun peşə fəaliyyəti polis məsuliyyətinin nümunəsidir. Yorğunluğa, çətinliklərə baxmayaraq peşə fəaliyyətlərini layiqincə yerinə yetirən polis şərəfini hər şeydən üstün tutur. Azərbaycan polisi öz dövlətinə sədaqətdə ən yaxşı nümunədir. Rəhbər çıxışı zamanı Ulu öndər Heydər Əliyevin Azərbaycan polisinin dövlətçiliyimizin sadiq köməkçisi və qulluqçusu adlandırdığını vurğuladı. 

Tədbirin gedişində Hacıqabul rayon İcra Hakimiyyəti başçısı tərəfindən xidməti zamanı fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərmanlar təqdim edildi.

Tədbir zamanı rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri çıxış edərək polis əməkdaşlarına  bayram təbriklərini çatdırdılar. Hacıqabul rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov çıxış edərək tədbirdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirdi və şəxsi heyəti peşə bayramı münasibətilə təbrik etdi.

Tədbirin sonunda qonaqlar və polis əməkdaşları Polis Şöbəsinin ərazisində yerləşən idman zalına baxış keçirdilər, burada yaradılmış şəraitlə tanış oldular.















 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top