“Rusiyanın imperiyasayağı siyasət yürütməsi göstərdi ki...” — Deputat

GÜNDƏM 30 iyun 2025, 11:52
“Fevral ayından etibarən Azərbaycan informasiya məkanına kiber hücumların edilməsi, Milli Məclisin deputatının Rusiya ərazisinə buraxılmaması göstərir ki, münasibətlərdə bir çox açıq qalan suallar var”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib. Onun sözlərinə görə, 2022-ci il fevralın 22-də Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə kifayət qədər strateji xarakter daşıyırdı və bir çox məsələləri özündə ehtiva edirdi:



“Sənəddə iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, təhsil və sosial sahələrdə yaxınlaşması xüsusi olaraq vurğulanırdı. O qeyd edib ki, sənəd həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyəti əks etdirirdi.

AZAL-a məxsus təyyarənin Qroznı üzərində vurulması gərginliyin artmasına səbəb oldu və strateji tərəfdaşlıqla bağlı bir çox müddəaların yenidən nəzərdən keçirilməsi zərurətini yaratdı. Sonrakı mərhələdə Rusiyanın davranışları, daha çox imperiyasayağı siyasət yürütməsi göstərdi ki, törətdikləri əməllərə görə üzr istəmək kimi addımları arxa plana atırlar. Bu da gərginliyin yaranmasına gətirib çıxarır”.

Deputat sonda bildirib ki, Yekaterinburqda baş verən hadisələr Rusiyanın dövlət orqanları və Kreml barədə çox ciddi suallar doğurur və iki ölkə arasında gərginliyin dərinləşməsində maraqlı olan güclər bu vəziyyətdən istifadə etməyə çalışırlar.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top