Bu şəxslərə verilən güzəştli mənzillər əllərindən alına bilər — AÇIQLAMA

SOSİAL 25 iyun 2025, 12:17
"Müxtəlif kateqoriyalara məxsus olan insanlara güzəştli mənzil hüququ tanınır. Bu istiqamətdə bir neçə dəfə şəffaflığın pozulması və qeyri-qanuni hadisələr baş verib. Bununla bağlı müvafiq hüquq mühafizə orqanları cinayət işinə başlayıb və nəticələr ləğv olunub. Görünür ki, bu məsələlər müzakirə edilib və müəyyən dəyişikliklər edilib".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.

Ekspert bildirib ki, vətəndaş hər hansı kateqoriyaya aid olduqda öz hesabına sosial mənzili əldə etməklə bağlı öhdəlik götürür:



"Əvvəllər nəticə əldə olunduqdan sonra krediti ilə ödəniş vasitəsi dəyişərək ipoteka kreditinə keçilirdi. Mövcud dəyişiklik bunun qarşısını alacaq. Vətəndaş əvvəldən öz hesabına ödəyəcəyini bildirsə, sonradan ona əlavə imtiyazlar verilməyəcək. 

Məsələn, vətəndaşın aid olduğu hallar və kateqoriya sonradan ləğv edilsə, hüquqları əlindən alınır. Məhkəmə yolu ilə vətəndaşın həmin kateqoriyaya aid olmadığı, sənədlərdə saxtakarlıq, qeyri-qanuni nəticələr müəyyən edilə bilər. 

Düşünürəm ki, əvvəllər MİDA tərəfindən verilən müxtəlif kateqoriyalara məxsus şəxslərin sənədlərinin qanuni olub-olmaması müəyyən edilə bilər. Ola bilər ki, müxtəlif vasitələrlə həmin kateqoriyalara düşdüyünü iddia edən şəxslər var və məhkəmə qaydasında onların hüquqları ləğv oluna bilər".

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top