Ekspert: “Abituriyentlərlə aparılan maarifləndirmə işləri qeyri-kafi səviyyədədir”

SOSİAL 11 iyun 2025, 12:08
2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində çalışan kişi müəllimlərinin sayı 19 930 nəfərdir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, onlardan 1781 nəfəri ibtidai sinif müəllimidir. 

Qeyd edək ki, hazırda Azərbaycanda 150 mindən çox müəllim var.

Təhsil eksperti Ramin Nurəliyev Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda ümumtəhsil məktəblərində kişi müəllimlərin sayının az olması illərdir ictimai və peşəkar dairələrdə müzakirə olunan və gündəmdə olan bir problemdir:



“Statistik məlumatlara əsasən, təhsil müəssisələrində qadın müəllimlərin üstünlük təşkil etməsi tədris prosesində gender balanssızlığı yaradır və bu, xüsusilə oğlan şagirdlərin inkişafına birbaşa təsir edə bilər. Gənc oğlanların ali təhsil mərhələsində pedaqoji ixtisaslara maraq göstərməməsi əsas səbəblərdən biridir. Onların böyük bir hissəsi müəllimliyi aşağı maaşlı və sosial status baxımından cəlbedici olmayan sahə kimi görür. Bu da onların digər sahələrə yönəlməsinə gətirib çıxarır. 

Abituriyentlərlə aparılan maarifləndirmə işləri qeyri-kafi səviyyədədir. Müəllimlik ixtisası təkcə peşə deyil, cəmiyyətin formalaşmasında, milli-mənəvi dəyərlərin ötürülməsində əsas rolu olan müqəddəs bir missiyadır. Bu ideya gənclərə aşılanmadığı üçün onlar bu peşəyə məsuliyyətlə yanaşmırlar. Pedaqoji fakültələrdə tədris keyfiyyətinin aşağı olması, tədris proqramlarının praktiki bacarıqları inkişaf etdirməyə yönəlməməsi tələbələrin müəllimliyə həvəsini daha da azaldır. Nəticədə, universiteti bitirən məzunlar Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanına hazırlaşmaq üçün əlavə repetitor və kurslara ehtiyac duyurlar. Bu isə ali təhsilin effektivliyini şübhə altına alır”.

Ekspert qeyd edib ki, aşağı əməkhaqqı, sosial təminatların zəifliyi, yaşamaq və işləmək şəraitinin yetərsizliyi kişi müəllimlərin bu peşədən uzaqlaşmasına səbəb olur:

“Xüsusilə də ailə dolandıran kişi müəllimlər üçün bu sahədə çalışmaq maddi baxımdan cazibədar deyil. Dövlətin təqdim etdiyi bəzi güzəştlər məsələn, ucqar kəndlərdə çalışanlara dəstək proqramları mövcud olsa da, bu, problemin köklü həllinə kifayət etmir. Müəllimlik peşəsini nüfuzlu, hörmətli və strateji peşə kimi cəmiyyətə tanıtmaq üçün maarifləndirici kampaniyalar, filmlər, sosial çarxlar və motivasiyaedici layihələr həyata keçirilməlidir. 

Nəticə etibarilə, bu çoxşaxəli problemin həlli yalnız bir istiqamətli yanaşma ilə mümkün deyil. Dövlət siyasəti, ali təhsil sistemi, media və ictimai təşkilatlar birlikdə çalışaraq pedaqoji ixtisaslara, xüsusilə oğlanların bu sahəyə cəlbinə dair uzunmüddətli strategiyalar həyata keçirməlidir. Əks halda, gələcəkdə təhsil sistemimizdə ciddi peşə və gender boşluqları yaranacaq”.


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top