Qadağa öncəsi QAÇAQAÇ — Bu il neçə nəfər qohumu ilə evlənib? (ARAŞDIRMA)

GÜNDƏM 23 may 2025, 13:23
Azərbaycanda son illər əvvəlki illərlə müqayisədə nikah sayı azalsa da bu ilin ilk rübündə evlənənlərin sayı artıb.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin birinci rübündə 11 min 206 nikah qeydə alınıb.

Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə nikahların sayı 4,0-dan 4,4-ə qədər artıb.

Evlənənlərin sayının birdən-birə artmasının səbəbini bəziləri bu ilin iyul ayında qüvvəyə minəcək qohum evliliklərinin qadağasında görürlər. Bildiyimiz kimi, Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa iyulun 1-dən qüvvəyə minəcək.

Ötən gün Milli Məclisdə çıxış edən deputat Adil Vəliyev də qohum nikahlarını qadağan edən qanunun qəbulundan sonra qohumlar arasında sürətlə evlənənlərin olduğunu bildirib:
 
“İyul ayının birindən bu dəyişiklik qüvvəyə minir. Lakin elə faktlar olur, görürürk ki, insanlar bu dəyişikliyə hazır deyillər. Bir il ərzində insanların çoxu qohum evliliyi ilə bağlı o son vaqona minmək üçün sürətli şəkildə evləndilər”.

Bəs bu il qohumlar arasında nə qədər nikah qeydə alınıb?

Dövlət Statistika Komitəsindən (DSK) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qohumlar arasında bağlanılmış nikahların sayına dair məlumatlar illik dövriliklə işlənilir:

“2023-cü ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən rəsmi qeydə alınmış qohumlar arasında bağlanılmış nikaha daxilolma hallarının sayı 1935, 2024-cü ildə isə 2034 olub”.

Qurumun cavabından aydın olur ki, bu ilin birinci rübündə artan evlilik sayının qohum evliliyi ilə əlaqədar olub olmadığını bilmək üçün ilin sonunu gözləmək lazımdır.

Bəs bu sahədə sosioloqlar tədqiqatlar aparırmı? Həqiqətən nikahların sayında qohum evliliklərinin payının olması mümükündürmü?

Mövzuya münasibət bildirən sosioloq Mail Yaqub Bizim.Media-ya bunun mümkün olduğunu deyib:

“Bu artım o qədər də yüksək deyil, cüzi artımdır. Mümkündür ki, bunun da rolu olsun. Amma ümumilikdə Azərbaycanda bir tərəfdən nikahların ayı azalıb, digər tərəfdən boşanmaların sayı artıb. Bu, həyəcan təbilidir və ciddi məsələdir. Bununla mütləq aidiyyatı orqanlar məşğul olmalıdır. Çünki bu məsələ geniş zaman kəsiyində ölkənin ziyanına işləyəcək. Azərbaycanda bir ana üçün düşən övlad sayı 1,6-dır, heç 2 də deyil”.

Sosioloq ümumilikdə sosial tədqiqatlarla bağlı durumun yaxşı olmadığından şikayətlənib:

“Azərbaycanda tədqiqatların vəziyyəti bərbaddır. Ümimiyyətlə, Azərbaycanda sosiologiyanın tədrisi, sosiologiya elminin vəziyyəti nə yerdədir? Ölkədə insanlar sosiologiyanın dəyərini bilirlərmi? Sosioloq ciddi tədqiqat aparıb bunu hansısa dövlət qrumuna sata bilirmi ki, onda bir stimul yaransın. Amerika, Avropa ölkələrində sosioloqlar dövlətin köməyidir, büdcənin formalaşmasında onların da rolu var. Təəssüf ki, bizdə sosiologiyanın dəyəri, əhəmiyyəti bilinmir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top