Qüdrət Həsənquliyev: "Həcc ziyarəti üçün tələb olunan vəsaitin toplanması xeyli çətinləşib"

GÜNDƏM 19 may 2025, 10:22
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. 

Demokrat.az
müsahibəni təqdim edir:

- Qüdrət bəy, mayın 25-də Həcc ziyarətinə gedənlər yola düşəcəklər. Hər il Azərbaycana ayrılan kvota azaldılır, sənəd qəbulu vaxtı uzadılır, gedənlərin sayı azalır. Sizcə niyə?

- Allah bütün zəvvarlarımızn dualarını qəbul etsin, xalqımıza kömək olsun! Zəvvarların sayının azalması daha çox dindarlarımızın sosial vəziyyəti ilə bağlıdır. İmkanlı dindarların demək olar ki, hamısı Həcc ziyarətinə artıq gediblər. Yeni şəxslərin varlanması, Həcc ziyarəti üçün tələb olunan vəsaitin toplanması isə xeyli çətinləşib.

Həm də dini maarifçilik artdıqca dindarlar təkrar-təkrar Həcc ziyarətinə getməkdənsə xeyriyyəçiliyə üstünlük verir, həmin vəsaitlə universitetlərdən xaric olunmaq təhlükəsi ilə üzləşmiş 3-4 yoxsul tələbənin təhsil haqqını ödəyirlər, imkansız xəstələrin müalicəsinə yardım edirlər. Özləri isə yerli ziyarətgahlara üz tuturlar.

Qafqaz Müsəlmanları İdarəsi dini maarifçiliklə ciddi məşğul olur, islamda islahatlar aparılmasına öz töhfəsini verir, eyni zamanda Həcc ziyarətini də yüksək səviyyədə təşkil edir. Buna görə Şeyx Həzrətlərinə, idarənin əməkdaşlarına, maarifçi din xadimlərimizə, dini işlərlə məşğul olan dövlət qulluqçularına təşəkkür etməliyik. Zəvvarlarımız Həcc ziyarətinə sağ-salamat gedib-gəlirlər. Onlar arasında yaşlı insanların çoxluq təşkil etməsinə, ziyarət yerlərinin 40-50 dərəcə istidə günəş şüalarından qorunmamasına baxmayaraq, şükürlər olsun ki, ziyarət zamanı zəvvarlarımız arasında dünyasını dəyişənlərin sayı çox məhduddur.

- Azərbaycanda dini turizmin inkişafı üçün nələr etmək olar?

- İlk növbədə sərhədlər açılmalıdır. Bundan başqa, Naxçıvanda müqəddəs kitabımız Quranda adı keçən Əshabi-Kəhf adlanan pir var. Bu günlərdə Leyla və Arzu Əliyevalar həmin piri ziyarət etdilər, onun tanıdılması üçün sosial şəbəkələrdə paylaşmalar etdilər. Naxçıvandan mənə dedilər ki, bundan sonra Bakıdan və digər rayonlardan ora ziyarətə gedənlərin sayında əhəmiyyətli artım olub. Quranda Əl-Kəhf (Mağara) surəsinin 21-ci ayəsində Əshabi-Kəhfin adı çəkilir. Həmin ayədə deyilir: “Beləcə (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu və qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-Kəhfin) məsələsini müzakirə edərək: “Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər”.

Hesab edirəm ki, biz, Əshabi-Kəhfdə Məkkədəki Kəbənin-islamın ən mühüm məscidinin (Allahın evinin) eynisini tikə bilərik. Səudiiyə Ərəbistanı hər il Kəbənin örtüyünü dəyişir və köhnə örtüyü bir müsəlman ölkəsinə bağışlayır. Dost ölkə kimi xahiş edə bilərik ki, birini də bizə bağışlasın.

Müsəlmanlar Allah qarşısında bərabər olsalar da, Məkkədə Kəbənin içərisinə ziyarət üçün yalnız xüsusi imtiyazlı şəxslər buraxılır. Əshabi-Kəhfdəki ikinci Kəbəyə isə hamı buraxılmalıdır. Bu zaman bütün müsəlmanların imkanı olar ki, Yeni Kəbənin içərisinin necə olduğunu görsün və ziyarət etsin. Biz, Yeni Kəbəni bütün müsəlmanlar arasında tanıda bilərik. Çoxsaylı zəvvarları qəbul etmək üçün Naxçıvanda yeni hotellər, sanatoriyalar və istirahət mərkəzləri tikilə bilər. Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenlı Su Müalicəxanası mövcuddur. Təəssüf ki, nə Əshabi-Kəhf, nə də bu yerlər dünyada yaxşı reklam olunub, tanıdılmayıb. Qafqaz Müsəlmanları İdarəsi Naxçıvana yerli və xarici zəvvarların səfərini təşkil edə bilər. Bu, blokada vəziyyətində olan Naxçıvanın inkişafına da ciddi töhfə vermiş olardı.

Azərbaycanın digər bölgələrində də ziyarət yerləri var, sadəcə onlar abadlaşdırılmalı və yaxşı tanıdılmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top