Rusiya-Ukrayna münaqişəsi bitir?

DÜNYA 15 may 2025, 19:17
ABŞ Prezidenti Donald Tramp cümə axşamı İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına qoşula bilər. Bu barədə amerikalı lider Ağ Evdə jurnalistlərə bildirib.

Tramp Rusiya və Ukrayna prezidentlərinin birbaşa danışıqlar aparmaq qərarını nikbin adlandırıb və bu görüşün səmərəli olacağına əminliyini ifadə edib.

Politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini birbaşa danışıqlar üçün İstanbula dəvət edib:

“Zelenski bildirib ki, münaqişənin həlli yalnız Rusiya rəhbəri ilə üz-üzə aparılacaq dialoqdan keçə bilər.  Eyni zamanda, Ukrayna tərəfi də bu görüşə maksimum ehtiyatla yanaşır, baxmayaraq ki, münaqişənin sülh yolu ilə həlli üçün təşəbbüslər davam edir. Mümkün İstanbul görüşündə ABŞ-nın prezidenti Donald Trampın da iştirak edəcəyi ehtimal olunur. Tramp tərəflər arasında real bir razılaşma perspektivi yaranacağı təqdirdə, prosesə qoşulmağa hazır olduğunu bildirib. Hazırda onun Yaxın Şərqə səfəri davam edir” 

Politoloq əlavə edib ki, Trampın Türkiyə səfəri də gündəmdədir.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə ölkəsinin sülh danışıqlarına ev sahibliyi etməyə və vasitəçi rolunu üzərinə götürməyə tam hazır olduğunu bəyan edib. Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri bu prosesə əlverişli zəmin yaradır. İndi diqqətlər Putinin və Zelenskinin danışıqlara qatılıb-qatılmayacağına yönəlib. Əgər hər iki lider razılıq verərsə, bu, Rusiya-Ukrayna münaqişəsində dönüş nöqtəsi ola bilər. Əks halda, danışıqların effektivliyi və perspektivi sual altındadır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top