Sabunçuda kişi keçmiş arvadına xəsarət yetirdi

KRİMİNAL 15 may 2025, 15:44
Bakının Sabunçu rayonunda 46 yaşlı kişinin keçmiş arvadı ilə mübahisəsi cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 28-də rayonun Kürdəxanı qəsəbəsində baş verib. 

Ucar rayon sakini, 1979-cu il təvəllüdlü Vüsal həmin gün saat 00:00-da yaşadıqları Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz ev ünvanının yaxınlığında küçədə keçmiş arvadı Lətifənin (adlar şərtdir – red.) işdən evə gec gəlməsi səbəbindən aralarında yaranmış ailə-məişət zəminində mübahisə zamanı qəsdən hər iki əli ilə onun bədəninin sifət, göz nahiyələrinə və qollarına vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, keçmiş həyat yoldaşı Lətifə ilə təxminən 6 il müddətdir Ucar Rayon Məhkəməsinin qərarı ilə boşanıblar: “Lakin bu günə qədər bir ünvanda yaşayırıq. Son zamanlar Lətifə qonşuluğumızda yerləşən evdə xadiməçi kimi işləyir və gec saatlarında yaşadığımız evə gəldiyi üçün aramızda münaqişə baş verib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə martın 28-də Lətifə xadiməçi işlədiyi qonşuluğunda olan evdən gec saatlarına qədər qaldığına görə götürmək üçün arxası ilə həmin ünvana gedib: “Lətifəni küçəyə çağırdıqdan sonra evə getməyini istədim. Lakin Lətifə narazılığını bildirərək işini yekunlaşdırmadığını bildirdi. Bundan sonra aramızda münaqişə baş verdi. Münaqişə nəticəsində hər iki əlim ilə onun sifət, göz nahiyələrinə və qollarına vuraraq döydüm. Daha sonra oradan uzaqlaşaraq yaşadığım evə getdim. Lətifə evə, ailəyə baxmadığı üçün dəfərlərlə aramızda mübahisə yaranıb”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 1000 manat miqdarında cərimə cəzası alıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top