
“İsveçrədə verilən sosial yardım Azərbaycanda nazirin aldığı maaşından çoxdur”
“Reketlik də pis iş deyil”
“Zəngəzur dəhlizi bizim olmalıdır”
İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli Modern.az-ın qonağı olub və geniş müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Elbəyi bəy, Vətənə xoş gəlmisiniz. Müşahidələriniz sizə nə deyir: Bakı çoxmu dəyişib?
- Bakı, şübhəsiz ki, dəyişib, özü də müsbətə doğru. Pozitiv şeylər çoxdur. Özümü tənqidi jurnalistikanın nümayəndəsi hesab edirəm. Azərbaycanda tənqid olunası şeylər də, pozitiv şeylər də həddindən artıq çoxdur. Bir-iki gün öncə qohum məni Ağ Şəhərə apardı, oranı maşınla gəzdik, sonra bir yerdə oturub çay içdik. Mən uşaq olanda elə həmin ərazidə yaşamışıq. Evimiz “8-ci kilometr” qəsəbəsində yerləşirdi. Avtobustan indiki Ağ Şəhər tərəfdən keçəndə hamı burnunu tuturdu. Çünki olduqca kəskin iy gəlirdi. O vaxt oraya “Qara şəhər” deyirdilər, indi Ağ şəhər olub. Həqiqətən də, ora çox gözəldir, modern tikililəri var. Təbii ki, ora varlı insanlar üçündür. Amma millətin varlıları da olmalıdır, bunsuz da olmaz. Ağ Şəhər çox yaxşıdır, gələndə gedirik ürəyimiz açılır.
O gün teatra getdim, anşlaq idi, adam əlindən yer yox idi. Mənə dedilər ki, bir ay ərzində satışda biletlər yoxdur. Bakı Musiqi Mərkəzində də adam əlindən yer yoxdur. Çox xoş oldu. Yadıma gəlir, əvvəllər rəhmətlik Bəxtiyar Vahabzadə bilet yollayırdı ki, filan əsərim olacaq, gəl, bax. Mən də böyük məmnuniyyətlə gedib baxırdım. O vaxtlar zal yarısına qədər də dolmurdu, adam təəssüf edirdi. Gözəl əsərlər oynanılırdı, lakin insanlar o əhvalda deyildi ki, gedib nəyəsə baxsınlar. İndi vəziyyət dəyişib.
Mən çox oxuyuram, yazırlar ki, Bakıda gülərüz adam yoxdur. Amma mən bayaq “İçərişəhər” metrosunun qabağındaydım, baxdım insanların əhvalı yerindədir, gülüb, əylənirlər. Kimdənsə nəsə soruşursan, çox mədəni şəkildə cavab verirlər. Belə də olmalıdır. Bakı paytaxtdır, burada yaşayan insanlar buna uyğun davranmalıdır. Xüsusilə gənclər insanları sevindirir. Azərbaycan gəncliyinə mən inanıram, onlar haqda çox maraqlanıram. Tələbələrə dərs deyən professorlar, akademiklər arasında mənim oxucularım çoxdur. Bakıya gələndə onlarla görüşür, gənclər barədə maraqlanıram. Tələbələrin təhsil səviyyəsinin yüksək olduğunu deyirlər. Dövlət də onlara öz diqqətini göstərir. Tələbələr öz üzərlərində çalışırlar. Millətin də qanında 5 manat olanda onun 4 manatını təhsilə qoymaq var. Bunların önəmli olduğunu düşünürəm. Amma xoşagəlməz hallar da var. Biz gələn günü yağış yağdı, şəhəri su basmışdı. Keçidlərin altında su yığılması çox ayıb situasiya idi. 21-ci əsrin ilk rübünü arxada qoyuruq, amma Bakıda belə hallar yaşanır. Belə möhtəşəm ölkənin paytaxtına uyğun vəziyyət deyil. Belə şeylərə diqqət etmək lazımdır. Çünki gələnlərin hamısı dost deyil, düşmən də gəlir, niyə axı onları sevindirirsən? Gözəl işlərimizlə bizi tanısınlar. Ümumi təəssüratım isə xoşdur.
- Azərbaycandan İsveçrəyə köçdükdən sonra qarşılaşdığınız ən böyük çətinliklər nələr idi və onları necə aşmısınız?
- Çətinliklərin öhdəsindən heç gələ bilmədim (gülür…), amma onların müəyyən hissəsini təbii ki, aradan qaldırdıq. Ən böyük çətinlik dil ilə bağlıydı. Düzdür, ora gedəndə ibtidai səviyyədə ingiliscə bilirdim. Amma biz İsveçrədə almandilli ərazidə yaşayırdıq. Alman dilini bilmək şərt idi. Mən İsveçrədə 8 il ərzində ailəmlə birlikdə işləmədim. İşləmək istəyirdim, amma orada belədir ki, işçinin standartı yüksək olmalıdır. Orada belədir ki, nəinki bizim, heç ABŞ-dən gələn adamın da diplomu tanınmır. Ona görə çətinliklərimiz oldu. İşləmədiyim bu səkkiz ildə bəy balası kimi yaşadıq. İki otaqlı evdə qalırdıq. Çünki mən 4 aydan sonra oturum almışdım. Adım beynəlxalq jurnalist təşkilatlarının siyahısında olduğuna görə mənə oturumu tez verdilər. Bakının keçmiş meri Rafael Allahverdiyev də İsveçrəyə gəlmişdi, oturum almaq istəyirdi. Rəhmətlik bizə də tez-tez gedib-gələrdi. O gələndə deputat idi. İki ildən sonra ona oturum verdilər. Mənim adım siyahıda olduğuna görə çox tez verdilər. Mənə qısa müddət ərzində oturumun çox nadir hallarda verildiyini dedilər. Oturum alan insanlarla, almayan insanlar arasında yerlə göy qədər fərq var. Oturum almayan insanların işləmək hüququ yoxdur.
- Hazırda İsveçrədə hansı işdə çalışırsınız, dolanışığınız necədir?
- Mən əcnəbilərlə işləyirəm. İşlədiyim müəssisə böyük bir şirkətdir, və Avropanın əksər ölkələrində filialları mövcuddur. İsveçrədə 1 saat işə görə verilən pul minimum təxminən 20 dollardır. Bura gələn əcnəbilərə isə 10 dollar pul verirlər, bu da İsveçrədə qəpik-quruşdur. Bununla 1 qutu siqaret almaq olur. Bəziləri elə bilirlər ki,ora gedən kimi, onlara ev verirlər, aylıq maaş təyin edirlər. Oturum alsan, hə, bu başqa məsələ. Mənə 4 ay ərzində oturum, daha sonra ev verdilər. Hər ay maaş alırdım. Bu, əslində maaş deyil, sosial yardımdır. Oranın sosial yardımı burada bizim nazirin maaşından çoxdur. Ora başqa ölkədir də (gülür…). Mən orada sadə bir adamam. Amma İsveçrə dövlətinin standartları elədir ki, orada sadə adam da yaxşı yaşamalıdır. Ona görə də İsveçrə inkişaf etmiş dövlətdir.
Bir isveçrəli ilə söhbət edirik, deyir, bizdə müəllimlər yüksək maaş almalıdır. Ona mən deyəndə ki, axı burada sıradan ibtidai sinif müəllimi 8000 alır, "yox, biz pulumuzu təhsilə qoymalıyıq. Bütün dünyada ağıllı millətlər pulu təhsilə qoyur. Bizdə də məbləğ artırılmalıdır" cavabını alıram. Hərənin bir dərdi var. Bizdə də təhsil sistemi istənilən səviyyənin çox aşağısındadır. Xüsusilə uşaqların təhsili heç xoşuma gəlmir. Görürəm ki, orta məktəblərdə həm tərbiyəsizlik baş alır gedir, həm də təhsil istənilən səviyyədə deyil. Müəllimlərin maaşı çox aşağıdır. Belə şeylər mənim xoşuma gəlmir. Azərbaycanda təhsil prioritet olmalıdır. Ən aşağı səviyyəli ölkələr olub ki, pulu təhsilə qoyub, 20-30 ilə dünyanın ən aparıcı ölkələrindən birinə çevriliblər. Dünyada bunun praktikası, statistikası mövcuddur. Bizdə də mütəxəssislər var. Sadəcə olaraq iradə olmalıdır.
Mən başa düşürəm ki, müharibədən çıxmışıq. Müharibə isə böyük pul deməkdir. İki top atmaqla müharibə olmur ki... Bunun ən azı təbliğat sahəsi, eləcə də işğaldan azad olunan ərazilərin yenidən qurulması prosesi var. Buna görə də böyük pul kütləsini belə məsələlərə yönəltmək çox çətindir. Amma buna baxmayaraq, mən düşünürəm ki, təhsilə pul tapmalıyıq.
Dolanışıqla bağlı problemim yoxdur. Orada işləməsəm də, gül kimi yaşayaram. Mən, həyat yoldaşım və qızım - üçümüzdə işləyirik. Qızım həm oxuyur, həm də işləyir, onun maaşı bizdən çoxdur. Bağça müdiridir, bu, Azərbaycanda xırda iş kimi görünür, amma İsveçrədə prestijlidir. Məsələn ora İsveçrədə işləyən xaricilərin uşaqları gəlirlər. Bir uşağın aylıq bağçaya getməsi 3000 avroya başa gəlir. Bu çox böyük puldur. Orada belə pullar dövr edir. Mən də xanımım da işləyirik. Köhnə ailə münasibətlərində yaşayırıq.
İsveçrədə kişi ilə qadın ayrı-ayrı yaşayır. Bunun iqtisadi əsasları var. Çünki bir yerdə olanda daha çox vergi ödəyirlər. Ona görə ayrılırlar, kişi və qadın hərəsi öz pulunu versin. Bizdə isə pul ortada olur. Heç mən pulun üzünü görmürəm. Bizim xanım hər şeyi həll edir. Məsələn 10 min avro vergi veririk. Qazanırıq ki, veririk də. Orada hər şey qeydiyyata alınır. Dövlətə veriləsi pul ödənilməyəndə çox böyük problem yarada bilər.
- İndi dönüb geriyə baxanda, özünüzlə bağlı verdiyiniz miqrasiya qərarını necə qiymətləndirirsiniz? İsveçrəyə köçməyə peşman deyilsiniz ki?
- Mən qəti peşman deyiləm. Təbii, fikirləşirəm ki, faktiki öz həyatımı yaşamıram. Qurban olum Allaha, elə bil, mənə təyinat verib ki, mən getməli, yazmalı və jurnalist kimi fəaliyyət göstərməliyəm. Mən onu edirəm. Amma həvəskar jurnalist kimi həftədə 2-3, bəzən də 5 yazı yazıram. Yazmaq istəyirəm, amma mənim vaxtım çatmır, axı həm də işləyirəm. Maddi baxımdan heç bir problemimiz yoxdur. Mənim uşaqlarım, nəvələrim də həvəslə Azərbaycana gəlirlər. Qohum-əqrabalar, dost-tanışlar çoxdur. Mən bura gələndə 2-3 gündən bir, hətta bəzən hər gün haradasa oturub yeyib-içirik. İçki də olur. Amma İsveçrədə olanda 6 ay mən içmirəm, heç yadıma da düşmür. Bilirsən, vaxt olmur e, bütün gün işləyirsən. O mühit İsveçrədə yoxdur. Amma orada da elə şeylər var ki, burada yoxdur. Uşaqlar da təhsil alırlar. Təhsil yüksək səviyyədədir və 96-97 faiz dövlətin nəzarətindədir. Bir sinif otağının dəyəri 100 min dollardır. İsveçrədə heç bir yerdə köhnə mebel görə bilməzsiniz. Hamıısı elə bil ki, sellofandan təzə çıxıb. Ölkənin standartı elədir. Orada köhnə avtobus yoxdur, hamısı təzədir. Avtobusları 2-3 il işlədirlər, sonra kasıb ölkələrə verirlər.
- İsveçrədə hansı statusla yaşayırsınız, ailə üzvlərinizin hamısının vətəndaşlığı var?
-Mənim vətəndaşlığım var. Ailə üzvlərimdən də yalnız qızımın vətəndaşlığı yoxdur. O da bizim səhvimizdən olub. Oranın qaydaları var. 1 ilə qədər, bəlkə də 6 aya vətəndaşlıq alacaq. 5-6 ildir ki, vətəndaşıq.
- 2004-cü ildə Azərbaycanı tərk edəndə demişdiniz ki, ailə üzvləriniz, qohumlarınız təkidlə jurnalistikadan getməyinizi istəyirlər. Amma siz hələ də yazırsınız. Sosial mediada, saytlarda yazılarınız çıxır. Jurnalistikadan niyə gedə bilmədiniz?
- Mənim ən böyük problemim budur. Mən rasional düşünən adamam. Yaxşı bir fikir var: “Jurnalistika mənə heç nə vermədi, amma həyatı öyrətdi”. Oğlum mənə deyir ki, ata, sən bütün gün nəsə yazırsan, buna görə nə qədər pul verirlər? Deyirəm ki, mən buna görə pul almıram. O, isveçrəlidir də, pulsuz nəsə iş görülə biləcəyinə inanmır. Onun məntiqinə görə pulsuz bu iş görülməz, get, başqa işlə məşğul ol, pul qazan(gülür…).
Mənim xanımım da yazmağımı istəmir. Vəziyyətim belədir ki, hökumət də yazmağımı istəmir, çünki onları tənqid edirəm. Düzdür, arada dəstəkləyirəm də. Ailə üzvlərim də düşünür ki, yazamasam yaxşıdır. Bir özüm təkidlə yazıram. Ona görə yazıram ki, yazmasam, mən mövcud olmuram. Mövcud olmaq üçün mütləq yazmalıyam. Rəssam şəkil çəkmirsə, deməli, rəssam kimi yoxdur, jurnalist də yazı yazmırsa, araşdırmırsa, artıq jurnalist kimi mövcud deyil. Mən yox olmaq istəmirəm, var olmaq istəyirəm (gülür…).
Mənim daxilimdə tələbat var ki, bunu etməliyəm. Həm də mən eləməyəndə, heç kəs etmir. Qərb mediasını oxuyuram Azərbaycanla bağlı maraqlı bir material olsa da, onu vermirlər, heç yada düşmür. Bizdə jurnalistika çox bərbad vəziyyətdədir. Çünki jurnalistikada pul yoxdur. Yaxşı maaş verə bilmirlər. 1000 manatla yazı olar, jurnalist bununla yaşaya bilər? ABŞ prezidentlərinin birinə gəlib deyirlər ki, qapıda iki nəfə var: Afrika dövlətlərindən birinin prezidenti, bir də “Nyu York Times” qəzetinin gənc müxbiri. Prezident deyir ki, gənc jurnalist gəlsin. Yəni “Nyu York Times” qəzetinin jurnalisti olamq senator olmaq kimi bir şeydir. Amerika standartlarında jurnalistə belə dəyər verilir. Düzdür, onlar da “reketlik” edirlər, amma lap da bayağı formada yox. Bəzən yoldaşım gənclərin mənimlə maraqlanmadıqlarını deyir. Deyirəm ki, niyə maraqlasınlar? Onların mənimlə maraqlanması onların da gələcəyini itir. O niyə elə yaşasın ki? O fikirləşir ki, necə etsin, biraz pul qazanıb rahat yaşasın. Mən heç kəsi qınamıram, hər kəs həyata bir dəfə gəlir, hamı da yaxşı yaşamaq istəyir. Elə olmalıdır ki, insan yaxşı işləməli, həm də yaxşı istirahət etməlidir.
- İsveçrədə jurnalist kimi fəaliyyət göstərməyin üstünlükləri və çətinlikləri nələrdir?
- İsveçrə elə bir ölkədir ki, orada siyasi mübarizə o səviyyədə deyil. Çoxpartiyalı sistemdir. Bir ölkənin ki, prezidenti olmaya nə olar? Orada rotasiya ilə hər il biri rəhbər gəlir. Amma o da özü qərar verə bilməz. Gərək müzakirə ilə yekun qərar alınsın. Zürix şəhərində polis idarəsi yaratmaq istəyirlər, bunun üçün təxminən 600 milyon xərclənməlidir. Həmin məsələni referenduma çıxarırlar. İnsanlar da deyirlər ki, istəmirik. Üstündən 2-3 il keçir bir də referenduma bu məsələni çıxarırlar. Camaat yenə deyir ki, yox-yox lazım deyil. 18 ildən sonra dedilər ki, tikmək olar. İndi polis idarəsi istifadəyə verilib. Amma bunun çatışmayan tərəfləri də var. Elə məsələlər var ki, qısa müddətdə olmalıdır. Bir adam qərar verməlidir ki, bu olsun. Demokratiyanın belə mənfi tərəfləri də mövcuddur. İsveçrə də saytlar bizdəki kimi deyil. Orada qəzetlər 1 milyon tirajla çıxır. Qəzeti də əhaliyə pulsuz paylayırlar. Qəzetlər reklam hesabına yaşayır. Orada da jurnalistlər ABŞ-dəki kimi çox pul almırlar. Orada jurnalistlər təxminən 7-8 min pul alırlar. İsveçrəli üçün bu, qanedici deyil. Məni qane edər, amma isveçrəlilər çox maaş almağa öyrəşiblər. Mən hazırda 5000 alıram. Xanımımın maaşı 6, bəzən də 7 min olur. Orada normal isveçrəlinin maaşı 7000-dən başlayır. 20-30 min, hətta daha çox da alanlar var. Xanımım da mənimlə eyni sahədə çalışır, lakin o eyni halda tərcüməçi kimi də işləyir. Alman dilindən Azərbaycan dilinə və Türkiyə türkçəsinə tərcümələr edir.
- Azərbaycan jurnalistikasında sizi narahat edən ən ciddi problemlər hansılardır?
-Mən İsveçrədə müxalifyönümlü jurnalistlərlə söhbət etmişəm. Orada da narazı olanlar çoxdur. Bzim baxışımıza görə İsveçrə ideal ölkədir, həqiqətən də, bu belədir. Amma yerli isveçrəlilər arasında o sistemə etiraz edənlər də var. Jurnalist mənə izah etdi ki, İsveçrədə bir firmanı tənqid etmək olmaz. Səbəbini isə belə izah etdi ki, orada yerli qəzeti təmsil edən bir jurnalist tənqidi material verdikdən sonra həmin firma qəzetdə reklam vermir. Bir, iki firma gedir, nəhayət, qəzet deyir ki, yox, firmaları tənqid etmək olmaz, pul gedir. Bir reklam orada 20-50 min arası dəyişir. Yaşadığım bələdiyyənin haradasa 4-5 min əhalisi var. Mən Zürixdə Hava Limanının yanında yaşayıram. Orada “Mercedes” bələdiyyə qəzetinə reklam verir. Halbuki burada cəmi 5000 insan yaşayır. İsveçrədə belədir. Amma orada da jurnalist istədiyini yaza bilmir. Tənqidçi jurnalist nəsə yazanda qəzetin pulu kəsilir. İsveçrədə “Vots” qəzeti var, həftədə bir dəfə çıxır. Qəzetin baş redaktoru da, sıravi işçisi də eyni maaşı alır. Qəzetə İsveçrə xalqı şüurlu şəkildə pul verərək onu yaşadırlar ki, heç olmasa, bir müstəqil qəzet olsun onların istədiklərini yazsın. Müstəqil qəzet saxlamaq hətta İsveçrədə də asan deyil. Qəzet elə bir şeydir ki, ona həm maddi, həm də digər təzyiqlər olur.
İndi görün Azərbaycanda jurnalistikanın vəziyyəti necədir? Heç bu barədə danışmağa dəyməz. Mən oxuyuram ki, jurnalistlər “reketlik” edirlər. “Reketlik” də pis iş deyil. Mən, əslində buna pis baxmıram. Amma arqumentlə gedəsən. Burada pis olan odur ki, rüşvət alırlar. Lakin jurnalistika, araşdırma filan var. Eləsi də var ki, küçə-küçə düşüb deyir, mənə beş manat ver. Ən biabırçısı odur. Təəssüf ki, Azərbaycanda belələri daha çoxdur.
- Əgər Azərbaycan mediasında istədiyiniz şərait olsaydı, geri qayıdardınızmı?
- Mənim bir vəkil dostum var, həmişə deyir, sən neçə ildir getmisən, amma hələ də buradasan. Həmişə buranı düşünüb yazdığımı deyir. Mən təəssüf edirəm ki, bu ölkədən getmək məcburiyyətində qaldım. Öz həyatımı yaşamadım, elə bil ki, başqasının həyatını yaşayıram. Pula, ailəni dolandırmağa görə başqa işlə məşğul oldum. Başqa variant yoxdur. İsveçrə də elə ölkədir ki, orada pul olmadı yaşamaq mümkün deyil. Yüksək maaş alırıq. Amma ailədən bir nəfər işləməsə, dolanışıq çətin olur. İkisi də işləyəndə başqa ölkələr gəzməyə gedirsən. Bir adam işləyəndə qənaət etmək barədə düşünürəsən, o da mənim xoşuma gəlmir. Qənaət haqda düşünürsənsə, deməli, nəsə düz getmir. İstədiyim kimi media mühiti olsa, məmnuniyyətlə gəlib işləyərdim. Mən çox istərdim ki, Azərbaycana gəlim, burada öz işimlə məşğul olum. Hesab edirəm ki, mən istəyən mühit yaxın gələcəkdə olacaq.
- Sizin üçün “azad jurnalistika” nə deməkdir?
-Azad jurnalist deyəndə bir insanın dövlətçiliyə bağlı olduğunu düşünürəm. Azad jurnalist Azərbaycan dövlətinə, mədəniyyətinə, dilinə, adət-ənənələrimizə uyğun jurnalistika ilə məşğul olandır. Azad jurnalist təvazökar olmalıdır, yəni mənəm-mənəmlik yaxşı deyil. Üzdə olan adamların davranışı cəmiyyətə müsbət enerji ötürməlidir. Yəqin ki, bəzi aktyorları, aktirisaları, xüsusilə də müğənniləri müşahidə etmisiniz. Onlar cəmiyyətə, xüsusilə də, gəncliyə son dərəcə mənfi təsir edir. Biabırçı şeylər olur. Yəni milli dəyərlərimizə zidd məsələlər var. Əlində qələm olan adam milli - dəyərlərin, maraqların və dövlət maraqlarının marağında olmalıdır. Mən belə başa düşürəm. Yoxsa Qərbdən və ya İrandan, Rusiyadan alınan pullara görə Azərbaycanın maraqlarına arxa çevirmək azad jurnalistika deyil. Mən xaricdə yaşayıram. Qərbin o qədər fondları var ki, mən də pul alaram, nələrsə edərəm, erməniləri də tərifləyərəm (gülür…). Axı mən buna görə yaşamıram. İnsan sadəcə pula görə də yaşamır. Elə şeylər var ki onu etmək olmaz.
Amma mən görürəm ki, bəziləri bu və ya digər dövlətlərin maraqlarına görə, müəyyən təmanna müqabilində Azərbaycanın milli maraqlarına arxa çevirir. Bu insanlar təhlükəlidir. Çünki bunlar Azərbaycana problem yaradırlar. Azərbaycanın istər siyasətçisi, istərsə də jurnalisti ölkəmizə bağlı olmalıdır. Qərbə, Rusiyaya və ya İrana boylanan siyasətçi, jurnalist, hər hansı qələm sahibi bizə gərək deyil, o problem yaradır. Kimlərsə, tutaq ki, Azərbaycanla Rusiya arasında mədəniyyət mübadiləsi üçün nələrsə edirsə, bu yaxşıdır. Amma o mübadilə Rusiyanın milli maraqlarının Azərbaycanda təminatına yönəlibsə, bu, artıq təhlükədir. Ona yol vermək olmaz. Belə şeylərdən qaçmaq lazımdır. Jurnalistika ideoloji sahədir, burada boşluq ola bilməz. Jurnalistikada olanlar vətənpərvər olmalıdır.
- Ən yaddaqalan müsahibəniz və ya reportajınız hansı olmuşdu? Onun sizdə yaratdığı təsir nədən ibarət idi?
- Mənim yaddaqalan müsahibələrim çox olub. AzTV-nin bir sədri vardı - Nizami Xudiyev, o mənə dərs deyib. Parlament müxbiriydim, o da deputat idi. Onunla görüşdüm, dedim nə var nə yox. O da mənim “Yeni Müsavat”da işlədiyimi bilirdi. Dedi ki, “mən səndən heç gözləməzdim. Gedib sən də qoşulmusan o avaralara. Gəl mənim yanıma sənə kömək edim”. O vaxtda bizim üçün ideologiya çox önəmliydi, nə danışırsan biz müxalifətçiyik (gülür…). Mən ona dedim ki, “Yeni Müsavat” üçün müsahibə ver. Dedi ki, yox, sən gedib bizim düşmənlərimizə qoşulmusan. Axırı bunun saqqızını oğruladım, bizə müsahibə verdi. Müsahibəni yazdım. Səhəri günü qəzetdə müsahibə çıxdı, “bomba” kimi partladı, aləm qarışdı bir-birinə. Rəhmətlik Heydər Əliyev sədrə zəng edib ki, bu nədi, sən nə danışmısan (gülür…). Sədr də deyib ki, cənab Prezident elə olmayıb, belə olub. O daha sonra baş redactor - Rauf Arifoğluna zəng edib ki, bunu nə edək, məni işdən çıxaracaqlar. Rauf Arifoğlu da deyib ki, düzəliş edək. Sədr də deyib, “düzəltmək nədir, elə edək ki, heç mən müsahibə verməmişəm, müxbir havadan yazıb”. Axırda hərlədilər-fırladılar mənim boynuma qoydular ki, mən guya uydurmuşam. Belə əcaib bir hadisə yaşanmışdı (gülür…).
Mən o müəllimimi çox sevirdim. Çünki o türkçü idi. Sovet vaxtından türkçülük davası edən adam olub. Ona görə dedim ki, əgər işdən çıxaracaqlarını deyirsə, mənə görə onu niyə işdən çıxarsınlar? Onunla razılaşdım. Qulu Məhərrəmlini də bu işə qatmışdı. Qulu Məhərrəmli ilə qohumuq. Nəsə dedim ki, müsahibə olmayıb. Burada önəmli olan nədir? Bir müsahibədir də. Onun təsiri gör, necə olur ki, bütün respublika, prezident də daxil olmaqla ayağa qalxır. Bizim yazdığımızın təsirini deyirəm. Anamın vəfatı zamanı şair Nəbi Xəzri də gəlmişdi. Onunla həmsöhbət olduq. Mən ondan nə vaxtsa müsahibə almışdım. O da müsahibədə əsərlərinin əlində qaldığını, axırıncı kitabını nəbilim neçənci ildə çıxardığını deyib. Heydər Əliyev də bunu oxuyub, bunun kitablarının küliyyatını buraxdırıb (gülür…). Nəbi müəllim də deyir ki, özümə borc bildim ki, gəlim sənin yanında olum. O vaxt jurnalistikaya, mətbuatda gedən yazılara da belə reaksiya verilirdi. Bundan başqa qazaxlı məşhur bir aşıq vardı. O da mənə bir müsahibə vermişdi, pul-parasının olmadığını, Qazaxda qaldığını demişdi. Rəhmətlik Heydər Əliyev ona prezident təqaüdü təyin etdi. Mənə zəng edib təşəkkür etmişdi. Sadəcə bir müsahibə alıram, onun da nəticəsi gəlib bura çıxır. Jurnalistika ilə o vaxt dövlət rəsmiləri də maraqlanır, reaksiya verirdilər. İndi də yəqin ki,nələrsə olur. Amma o səviyyədə deyil.
- Siz daha çox siyasətdən yazırsınız. Azərbaycan siyasi səhnəsində nələrin dəyişməsini istərdiniz?
- Azərbaycan siyasi landşaftı ürəkaçan deyil. Bizim müxalifətimiz son dərəcə zəifdir. Müxalifət arasında didişmələr var, bunun da kökü 90-cı illərə gedib çıxır. O vaxtdan indiyə qədər hələ də didişirlər, ortaq məxrəcə gələ bilmirlər. Birinin sözü digərinin boğazından keçmir. Çox biabırçı vəziyyət var. Mənim İsveçrədə seçki hüququm var, amma heç maraqlanmıram. Çünki onların hamısı təmiz adamlardır. Orada siyasətçi nə rüşvət alır, nə də rüşvət verir. Mən daha fikirləşmirəm ki, bu partiya təmizdir, o biri yox. Hamısı təmizdir. Sadəcə hər hansı məsələnin həlli ilə bağlı müxtəlif üsul təklif edirlər. Cüzi fərq var. Bizdə isə vəziyyət pisdir. Mən məsələn Hakan Fidandan yazmışam. Türkiyədə təkcə hakim Ədalət və İnkişaf Partiyası daxilində Ərdoğanı əvəz edə biləcək ən azı 3-4 nəfər var. Türkiyə ümumilikdə nə qədər siyasətçi çıxarda bilər demirəm. Var yetərincə siyasətçi. Çünki siyasi mübarizə mövcuddur. Zaman, siyasi proseslər bunları cilalayır, müəyyən formaya salır, siyasi liderə çevirir.
Arzu edərdim ki, Azərbaycanda da 4-5 partiya olsun, amma ciddi partiya olsun, ciddi siyasi mübarizə getsin. Abırlı şeylər olsun. Yoxsa hərə qohum-əqrabasını başına yığıb mən partiya qurdum deməsin. Azərbaycan bu mərhələni də keçməlidir. Məsələn ABŞ-da iki əsas partiya var, dünya dağılmır ki. bizim ölkəmizdə heç kəs deyə bilməz ki, AXCP ilə Müsavat partiyaları arasında hansısa ideoloji fərq var. Klassik Xalq Cəbhəsi Partiyası ilə Müsavat arasında hansı ideoloji fərq var? İdeoloji olaraq fərq yoxdur. Mən başa düşürəm ki, Azərbaycan Demokrat Partiyası ilə YAP arasında böyük ideoloji fərqlər mövcuddur. Azərbaycanda sadaladığım partiyaların ideologiyası eyni şeydir də, müsavatçılıq ideologiyasına söykənir. Amma liderlik davası gedir. Biri deyir ki, Əli Kərimli ağıllı adamdır, digəri də eyni sözü isa Qəmbər barədə deyir. Arzu edərdim ki, siyasi müstəvidə dünya standartları səviyyəsində müəyyən proseslər olsun.
- İsveçrə çox bahalı ölkədir, bildiyimizə görə qiymətlər də yüksəkdir. Orada da kasıblar var?
- Orada da kasıblar var. İsveçrəyə gəlsəniz, kimlərinsə körpünün altında yatdığını görə bilərsiniz. Gələn adam o niyə elədi bilmir. Yaxud Almanniyada mərkəzi küçəninin bu başından o başına 10 dilənçi düzülüb. Şok olarsınız. Azərbaycanlılar elə bilirlər ki, Almaniya İsveçrədən üstündür. Belə bir streotip var. Amma Almanlar İsveçrədə işləməyə çalışırlar. Çünki İsveçrədə maaş ən azı iki dəfə çoxdur. İsveçrədə körpünün altında yatanlar narkomanlardır, özlərinə nəzarət hissini itiriblər. Dövlət də buna mümkün olan yardımı edib və edir. Bu insanlar dövlətin yardımından şüurlu şəkildə imtina edirlər. Etiraz əlaməti olaraq bunu edirlər. Biz ailədə üç nəfərik - mən, həyat yoldaşım və oğlum. Üçümüzə görə tibbi sığortaya təxminən 1100-1200 avro veririk. Allah eləməsin mən burada xəstələnsəm, İsveçrədən vertolyot gəlib məni aparacaq. Mənim tibbi sığortamda bu var. İsveçrə varlı ölkədir. Buna görə əlavə pul ödənilir. Bahalıq var, amma adamlar orada dolanırlar. Ac adam yoxdur. Mən 8 il işləmədim. O müddət ərzində ətim də, kartofum da, soğanım da oldu. Yemək və paltar haqda düşünməmişəm. Orada insanlar düşünürlər ki, hansı son model maşını sürə, hansısa ölkəyə gedib istirahət edə bilər. Yoxsa gedib ət aldım, ya paltar aldım bunlar göstərici deyil. Bunlar primitiv şeylərdir. Adam gərək bunlar barədə düşünməsin, yoxsa heyif olur. Nə desən, hər şey var. Həm də, bəli, bahalıq var. Sizin sözünüzə qüvvət turist gəlib, mən də avtobusdayam. Mənim də biletim var, o da avtobusda, qatarda, metroda hər yerdə keçir. Turist İsveçrədə qayda-qanun necədir bilmir, iki dayanacaq getmək istəyirdi. Bu zaman pul ödəmək istəyəndə sürücü ona 10 frank verməli olduğunu bildirdi. Turist şoka düşür ki, 10 frank nədir, iki stansiya gedəcək.Yəni oranın elə xüsusiyyətləri var. Amma biz orada neçə ildir yaşayırıq, buna görə də nəsə alanda ucuz alırıq. Bilirik ki, bu ölkədə nə vaxt qiymətlər düşür, hansı saytlardan sifariş edib ucuza almaq olar. Xanım elə şeylərin mütəxəssisidir. Buna görə də bizim üçün çətinlik olmur.
- Xaricdə yaşayan bütün şəxslər sizin kimi deyil. Məsələn ictimai platformalarda söyüş söyüən blogerlər var, onlar barəcə nə düşünürsünüz?
-Təəssüf edirəm ki, onlar söyüş söyürlər. Abırlı işlə məşğul olmurlar. Amma başa düşməliyik ki, bu mexanizm necə işləyir? Bunlar Qərbin müxtəlif qrant təşkilatlarından vəsait alırlar. O vəsait hesabına yaşayırlar. Mən indi hansısa qrant layihəsinə gedib pul istəsəm, səbəbini soruşacaqlar, deyəcəm ki, “İlham Əliyev sağ olsun, yaxşı siyasət yeridir, Qarabağı ermənilərdən təmizləyib. Mənə pul verin İlham Əliyevin siyasətini dəstəkləyirəm” deyəcəm. Onda deyəcəklər ki, “sənin başın xarabdır, belə şeyə də pul istəyərlər. İşinlə məşğul ol”. Amma mən Azərbaycanın erməniləri Qarabağdan qovduğunu, onların orada yaşamalı olduğunu desəm, ağıllı adamdı deyib pul verəcəklər. Qərbdə pulu belə şeylərə verirlər. Qərb etnik azlığa, LGBT-yə filan pul ayırır. Həmin blogerlər də bu və ya digər formada Qərbə bağlıdır, burada başqa şeylər də var. Azərbaycanda müəyyən klanlar söyüşlə məşğul olan mərkəzlərə müraciət edir və pul verirlər. Bir qrup digərini vurmaq üçün ondan istifadə edir. Mexanizm belə işləyir. Bu da reket jurnalistikanın bir formasıdır, sadəcə xaricdən idarə olunur. Belə şeylər olsun istəməzdim. Azərbaycan hökuməti xaricdə yaşayan siyasətçiləri, jurnalistləri başlı-başına buraxıb. Onları narahat edən həmin adamların söyüş söyməsidir.
Amma sən buna qədər onlarla danışıb, dərdləri maraqlandın? Məsələn mən İsveçrədə yaşayıram, nəyə görə AZƏRTAC-ın oradakı müxbiri təyin olunmayım. 22 ildir burada yaşayıram, dili bilirəm. Məndən yaxşı oranı kim bilə bilər? Amma bizim iqtidarın yanaşması belədir ki, olmaz, o bizi tənqid edir. Kiminsə qohumunu müxbir təyin edirlər. O da dili də, İsveçrəni də bilmir. Buna görə də bizim jurnalistika yaman gündədir. Onlar da gedib Qərbin qrant dairələrindən pul alır. Digərləri görür ki, bunun maşını var, onlar da bu yolla getməyə başlayırlar. Azərbaycan hökuməti söyənlə söymənin fərqini bilmir. Onlar üçün önəmli olan bunların susmasıdır. Bunlar da susmur. Vəziyyət belədir. Məsələn “Meydan TV” və ya “Sevinc Osmanqızı TV” var. “Sevinc Osmanqızı TV” erməniləri açıq şəkildə dəstəkləyir. Onun atasını ermənilər öldürüb. Deyir ki, Bakıda erməni poqromları olub. Məndə təəssüf doğurur ki, bunlara xeyli adamlar baxır. Mənfi olan budur ki, bu tip şeylərə baxan adamlar o düşüncəyə yaxınlaşır. Ona adaptasiya olurlar ki, bu elə belədir. 2000-ci ildə Şuşada da, Xankəndi də jurnalist kimi olmuşam. Azad olandan sonra Şuşaya getdim, tam başqa bir şeydir. Bu insanlar fərqli düşünürlər. Bilirsiniz beyinləri yuyulur. Uşaqları elə böyütməliyik ki, onlar düşünsünlər ki, biz Azərbaycanı xilas etməliyik. Onlar da bu gün edə bilməsələr də, sabah edəcəklər. Bəzi şeylər xoşumuza gəlmir. Amma nə fransız, nə ingilis burada gəlib bizə öz iradəsini diqtə edir. Buranın sahibi bizik. Bizim iradəmiz keçərlidir. Önəmli olan budur. İradəmizin üzərində bir şey yoxdur. İndi bizə təzyiq edirlər. Bu da təbiidir. Hərdən fikirləşirəm ki, İsveçrə dünyanın ən varlı ölkəsidir, niyə Azərbaycan İsveçrə kimi olmasın. Hərdən fikirləşirəm ki, bizim insanlarımızın intellektual potensialı onlarınkından da üstündür.
- İsveçrədə azərbaycanlılar çoxdurmu və onlarla bir araya gələ bilirsinizmi?
- İsveçrədə azərbaycanlılar o qədər də çox deyil. Bir araya gəlməyimiz də müşküldür. İdeoloji olaraq müxtəlif cəbhələrə ayrılmışıq. Burada olduğu kimi orada da bir-birimizi qəbul etmirik. Bu da bir bədbəxçilikdir. Bir müsbət tərəfimiz var ki, bir-birimizin xeyir və şər işində iştirak edirik. Bu da bizim milli dəyərlərdən irəli gəlir. Bu da müsbət məsələdir. Qarabağ məsələsindən sonra vəziyyət biraz dəyişilib. Ermənilərin bir vahid ideologiya ətrafında birləşməsi üçün genosid məsələsini ortaya atmışdılar. Onlar da istədiklərinə nail oldular. Ermənilə dünyanın hər yerində birdirlər. Biz də Qarabağ itkisi ətrafında milləti birləşdirməyə çalışdıq. Düşünürəm ki, müəyyən uğur qazandıq. Qarabağ ağrısı bizi birləşdirdi. Qarabağı almışıq, amma alası yerlərimiz çoxdur. Mən düşünürəm ki, heç olmasa minimum Zəngəzur dəhlizi bizim olmalıdır. Olmaması mümkün deyil. Türk dövlətlərinin quru yolu olmalıdır. Hazırda bu quru yolunun olmaması böyük boşluqdur və bu bizə ağır başa gələ bilər. Tutaq ki, Türkiyədə nəsə çaxnaşma olur, yunanlarla dalaşırlar biz də ordu göndərməliyik.Və ya Qazaxıstan Rusiya nəsə edir Türk ordusu Azərbaycadan keçib getməlidir. Bunları nəzəri baxımdan deyirəm. Bizim belə manevr imkanlarımız olmalıdır.
- Bəs orada erməni diasporu hansı gücdədir?
- İsveçrədə də erməni diasporu olduqca güclüdür. İsveçrədə “Azpetrol”un haradasa 160, ya 170 yanacaqdoldurma məntəqəsi var. Onlar Qəddafinin oğluna məxsus idi. O vaxt Qəddafini vurandan sonra bizimkilər ağıllı tərpənib oranı aldılar. Çox böyük əməliyyatdır. Buradakılara baxmayın, İsveçrədə bir yanacaqdoldurma məntəqəsi filan qədər pul deməkdir. Ermənilər orada mətbuatda təbliğat aparırlar ki, “Azpetrol” burada ildə 50 milyard pul qazanırlar. Mən əminəmm ki, bu şişirdilmiş məbləğdir. Amma söhbət milyardlardan gedir. Ermənilər SOCAR şirkətinə qarşı kampaniya aparırlar. Bizim bəzi bisavadlarda gedib ona dəstək verirlər ki, SOCAR pulu yeyir. Onlar gedib ermənilərin əlində alət olurlar.
- Mühacirətdə yaşamaq insanın kimliyinə necə təsir edir? Milli kimliyi uzaqda yaşatmaq çətindir?
- Çətindir. Mənim iki qız nəvəm var. Bura onların 10 illik yubileyini qeyd etmək üçün gəlmişik. Onlar Azərbaycan dilində çətin danışır. Oğlum isə rahat və ədəbi dildə danışır (gülür…). Qızlar isə elə bil ki, alman dilindən tərcümə edib danışırlar. Bizim qonşuluğumuzda türklər var. Onlarla bir ev kimiyik, gəlib-gedirlər, uşaqlar bir yerdə oynayır. Burada evin açarını türklərə buraxıb gəldik. Qürbətdir də, çətin olur.
- Azərbaycan üçün darıxanda bunu necə ötüşdürürsünüz?
- Elə də ciddi darıxma hissi olmur. Mən bura gələndə 1 həftə 10 gündən sonra Bakıya gələndə 10-15 gündən sonra İsveçrə üçün darıxırdım. İsveçrədə də elə şeylər var ki, onun dadı başqadır. Məsələn orada yediyin şokoladın dadı, buradakı ilə eyni deyil. Oğlum bir dəfə burada snikers alıb. Deyir ki, ata bunun heç dadı yoxdur, niyə belədir. Başa düşmür ki, buradakı ilə İsveçrədəkinin tərkibi eyni deyil. Görüntü eynidir, amma tərkibi fərqlidir. İsveçrənin də öz cəhətləri var. Vacib məsələ ondan ibarətdir ki, biz İsveçrədə qala bilərik, amma təki Azərbaycanda hər şey yaxşı olsun, ürəyimiz istəyən kimi olsun. Məsələn gənc tələbələr var. Adama xoş gəlir. Elə yerlərdə oxuyurlar ki… Biri var Eynşteynin dərs dediyi universitetdə təhsil alır.
- Azərbaycanın gələcəyi ilə bağlı sizi ən çox nə ümidləndirir, nə narahat edir?
-Vallah, mən Azərbaycanın gələcəyini parlaq görürəm. Azərbaycan bütövləşəcək. Güneylə Qüzey birləşəcək. Düşünürəm ki, biz Türkiyə ilə birləşəcəyik. Orta Asiyadakı Türk dövlətləri, Rusiyanın daxilindəki türklər birləşəcək. Bu sadəcə mif deyil, nə zamansa baş tutacaq. Biz bu işə başlayanda -90-cı illərdə rəhmətlik Əbülfəz Elçibəy meydanlara çıxırdı. Bir dəfə ona yaxınlaşdım, dedim ki, bəy, Orta Asiyadan bizə niyə kömək etmirlər onlar da türkdürlər də. Mənə dedi ki, buna zaman lazımdır. Zaman gəldi çıxdı. Bu yaxınlarda türk dövlətlərinin yunan Kiprində səfirlik açmasını eşitdim, mənə pis təsir etdi. Gərək bu addımı atmayaydılar, yanlış bir şeydir. Dünən bir akademik dostumla söhbət edirdik, mənə dedi ki, “belə olmayacaq, yəqin ki, Şimali Kipr Türk Respublikasını da tanıyacaqlar”. Görək də. Amma mən əminəm. Bu, elə bir şeydir ki, sənin, mənim, Ərdoğanın, İlham Əliyevin ideyaası deyil. Türkçülük siyasi, iqtisadi baxımdan o qədər mühüm məsələdir ki, liderlər o xətti götürməyə məcburdurlar. Çünki o hamıya xeyirdir, hər kəsi birləşdirir. Məsələn Türkiyə ilə Azərbaycan əl-ələ verdi Qarabağ məsələsi həll oldu. Türkiyənin də problem həll olundu, onun ən böyük problem erməni problemidir. Ermənilər Türkiyəyə sərhədi açması üçün yalvarır. Türkiyə də deyir ki, yox, get Azərbaycan açsın sonra gələrsən.
- Zəngilan işğaldan azad olunandan sonra siz də doğulub boya-başa çatdığınız bu rayonu ziyarət etmişdiniz. Ata-baba yurduna ayaq basanda hansə hisslər keçirmişdiniz, sizə ən çox nə təsir etmişdi?
-Mən Şuşaya getdim. Şuşa mənim üçün Zəngilandan da önəmlidir. Yerliçilik hissi o qədər də qabarıq deyil. Amma Zəngilana, filan getdik. Hər yer xaraba qoyulmuşdu. Orada uşaq olanda çıxmışam. Uşaqlığımla bağlı nəsə xatırlaya bilmərəm. Biz xanımımla eyni kənddənik. Onların evini elə dağıdıblar ki, evin fundamenti yoxdur. Özülü də söküb dağıdıblar. Nə qədər evdə var hamısını eyni şəkildə söküblər.
- Elbəyi bəy, uzun illərdir Azərbaycandan kənarda yaşayırsınız. Sizi motivasiya edən əsas dəyərlər hansılardır?
-Mən görürəm ki, Aəzrbaycan da, Türkiyə də güclənir. Orta Asiya dünya siyasətində ciddi rol oynayır. Avropa İttifaqı, Çin və Rusiya arasında Orta Asiya üzərində mübarizə gedir. Burada dominant olmaq istəyirlər. Türklərdə də dədə-babadan belə siyasət var ki, bütün tərəflərlə işləyirlər, ortaq maraqlar tapıb, anlaşmağa çalışırlar. Hamıdan özü üçün istifadə etməyə çalışırlar. Mən düşünürəm ki, yeganə düzgün yol budur. Şirvanşahlar dövləti 600 il ərzində o siyasi sistem üzərində davam etdi. Ən önəmlisi də mən düşünürəm ki, Türkiyə ilə Azərbaycan bir yerdə olsa, heç bir problem olmaz. Ortaya çıxan problemləri də həll etmək asan olar.
- Kiçik yaşlı bir oğlunuz var. Onun gələcəkdə kim olmağını, hansı sahədə fəaliyyət göstərməyini arzulayırsınız?
- Onun hansı ixtisası seçəcəyinə mən qarışmaram. Mənim oğlumun adı Atilladır. Avropada bu ad məşhurdur, çünki onlar adın mənası bilirlər. İntellektual uşaqdır. Onların məktəbləri də çox yaxşıdır. İngilis dilini də yaxşı bilir. Alman dilində təhsil alır. Anası ilə bütün günü qırğındır. Bu da onun 5 almalı olduğu fənndən 4 alması ilə bağlı olur. Mən isə buna elə də fikir vermirəm, deyirəm uşaqdır da 5 almayıb, 4 alıb. Onun mütləq universitet oxumasına da önəm verirəm. Amma oxuyacaq, hiss olunur ki, intellektual uşaqdır. Gərək uşağın özündə də ola. Qızım təhsilini davam etdirir. 3 də uşağı var. İşi-gücü də var. Sosiologiya üzrə oxuyur. Bu ixtisas İsveçrədə çox önəmli sahədir.
- Vətəndə olanda kimlərlə görüşürsünüz, vaxtınızı necə keçirisiniz, hansı dostlarla ünsiyyət əhvalınıza təsir edir?
- Gəlirəm, söhbət edirik. Bəzən hökumətin çox üzdə olan adamları ilə görüşürük. Bu haqda yazmıram. İstəmirəm ki, kimsə “gəldi, görüşdü, şəklini də paylaşdı” desin. Amma sağ olsunlar mənim yazdıqlarıma dəyər verirlər, görüşürlər, mən onları eşidirəm. Dünən bir yoldaşla söhbət edirik. Mənim də bilmədiuyim şeylər var. Ermənilərlə danışıqların hansı yerdə qaldığını soruşdum. İndi biz mətbuatdaa bu barədə oxuyuruq, amma aysberqin görünməyən tərəfini bilmək istədim. Mənə hər şeyin yaxşı olduğunu bildirdilər. İşləri sürətli həyata keçirmək olmur. Çünki belə olan halda Ermənistanda problem yaranır, Paşinyana problem yaranır. Ona görə də işləri mərhələli şəkildə, uzada-uzada həyata keçiririk. Ermənilərlə də elə bir problemin olmadığını deyirlər. Bəzən müharibə filan olacaq deyirlər, yazırlar. Mən də yazıram, müharibə zad olmayacaq.
- Səhv eləmirəmsə, bu ilin mayında 65 yaşınızı qeyd edəcəksiniz. Bu yaşda özünüzü necə hiss edirsiniz? Qocalıqdan qorxmursunuz?
-Qocalıqdan qorxmuram. Allah nə ömür verirsə, yaşayırıq. Özümü heç qoca da hiss etmirəm. Mən aktiv adamam, idmanla məşğul oluram. Hər gün 1 saat qaçıram. Siqaret çəkmirəm, sipirtli içki içmirəm. İçki içirəm dostlarla, amma az alkoqol qəbul edirəm. Sağlam həyat tərzinə üstünlük verirəm. Sağlam yaşamaq yaxşıdır da, yoxsa get, kiməsə əziyyət ver.
- Azərbaycana həmişəlik olaraq köçmək haqqında düşünürsünüz?
- Azərbaycana nə vaxtsa, köçəcəyik. Amma bura köçüb-köçməyəcəyim elə önəmli bir məsələ deyil. Vacib olan Azərbaycanda hər şeyin yaxşı olmasıdır. Məsələn, mən İsveçrədə nəsə oxuyanda görüm ki, burada çox şey yaxşıdır. Onları görmək istərdim. Yoxsa mən burada da, orada da qala bilərəm. Burada qalmaq imkanım da yoxdur. Uşaqlar balacadır. Üç nəvəm, bir oğlum var. Mən orada olmalıyam. Onları məktəbə aparıb-gətirmək lazımdır.
- Yəqin ki, bir neçə gündən sonra İsveçrəyə qayıdacaqsınız. Burdan nə aparmağı düşünürsünüz?
-Buradan Azərbaycanın naz-nemətindən nə varsa, aparırıq. İsveçrədə dostlarımız var ki, Azərbaycandan qayıdanda özü ilə ət gətirirlər. İsveçrədə də ət satırlar da. Amma bu deyir, yox, Azərbaycandan gələn ətin dadı bir başqadır. Bu mənada Azərbaycana məxsus kəklikotu kimi şeylər aparırıq. Qonşulara gedəndə bal aparırıq.