Politoloq: "Bu gün Hindistan Ermənistanı silahlandırmağa davam edir"

GÜNDƏM 25 aprel 2025, 11:29
2022-2024-cü illərdə Ermənistanın silah idxalının 43 %-ni Hindistan təmin edib. Bu barədə “Reuters” agentliyi Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna (SIPRI) istinadən məlumat yayıb. SIPRI-nin məlumatına görə, 2022-2024-cü illərdə Ermənistanın idxal etdiyi silahların ümumi həcminin 43 %-i Hindistanın payına düşüb.

Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib ki, bu gün Hindistan Ermənistan kimi təxribatçı bir ölkənin əsas silah ixracatçısına çevrilibdir:

“Hindistanın Ermənistanla hərbi sənaye sahəsində əməkdaşlığını çox yüksək səviyyəyə çatdırdığını görürük. Ermənistanın dövlət olaraq aldığı silahların təxminən yarısına yaxınını Hindistanın təchiz etməsi suallar yaradır. Hindistan 44 günlük Vətən müharibəsi dövründə də obyektiv addımlar atmamışdır”. 

Politoloq əlavə edib ki, Azərbaycan həmişə Hindistanla münasibətlərə xüsusi önəm verib:

“Eyni zamanda biz xatırlayırıq ki, Bakıda tez-tez Hindistan Mədəniyyət Günləri keçirilir, Hindistan filmləri müxtəlif kanallarda və eyni zamanda tədbirlərdə yayımlanır. Azərbaycanın Hindistan kültürünə, ənənələrinə dəstəyinə baxmayaraq, bu gün Hindistan Ermənistanı silahlandırmağa davam edir. Bu da Cənubi Qafqaz regionu üçün ciddi təhdid və risklər yaradır. Biz bölgədə sülh istəyirik. Bütün bunlara baxmayaraq, Hindistan və Fransa kimi ölkələr Ermənistanı silahlandırmaqla vəziyyətin xaosa doğru getməyinə səbəb olur”. 

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top