Gənc oğlan qəbiristanlıqda tanışına xəsarət yetirdi — TƏFƏRRÜAT

HADİSƏ 24 mart 2025, 12:41
Abşeron rayonunda 2000-ci il təvəllüdlü Abdulla tanışı Qasıma qarşı quldurluq edib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Abdulla 9 dekabr 2023-cü ildə, saat 22 radələrində Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, Səttar Bəhlulzadə küçəsində məhəllədə əvvəldən tanıdığı 1995-ci il təvəllüdlü Qasımla rastlaşıb.

Abdulla Qasımın idarə etdiyi “BMW 318” markalı avtomobilə əyləşərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən köhnə qəbiristanlığın yaxınlığına sürdürüb. Orada tamah niyyəti ilə xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Qasımın həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı olan basqın edib. 

Abdulla yumruqla Qasımın sifətinə vurub və 5200 manat dəyərində olan “BMW 318” markalı minik avtomobilini ələ keçirib. 

Hadisəni törədən Abdullanın barəsində Cinayət Məcəlləsinin 181.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Abdulla ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Qasım onun qonşusu olub və aralarında yaxşı münasibət olub: “Qasımın qardaşı Tural ilə dost olmuşam.

Qasımın pula ehtiyacı olduğundan ona 2000 manat pul verərək kömək etmişəm. Qasım özünə maşın aldı, maddi vəziyyətini düzəltdi. Lakin mənim pulumu qaytarmadı. Qasımla görüşdüm, ona maşın almasına baxmayaraq, uzun müddətdir pulumu qaytarmadığını dedim, pulumu tələb etdim. Qasım da pulu qaytaracağını bildirdi.

Həmin vaxt biz dalaşdıq. Bundan sonra, hadisə yerinə gedərək yenidən dalaşdıq və bir-birimizə vurduq. Ondan maşınını götürərək saxlamağımı istədi, 2-3 gün ərzində pulunu qaytaracağını və sonra maşınını götürəcəyini söylədi. Mənim nə maşını, nə də maşından hər hansı əşyaları götürmək niyyətim olub.

Polisdən zəng gələn kimi maşını apararaq qaytarmışam. Polis zəng edənə qədər qaytarmamağımın səbəbi Qasımla aramızda razılaşmağımız olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, o, işləməyib, aylıq 220 manat pensiya alıb: “Qasıma 2000 manat pulu hadisədən 2 il əvvəl vermişəm. Qasımın pulu qaytarmaması ilə bağlı heç bir yerə şikayət etməmişəm. Sadəcə Qasımın qardaşına söyləmişəm.

Qardaşı da bizim özümüzə aid məsələ olduğunu bildirdi. Qasım taksi fəaliyyəti ilə məşğul olub. Mən həmin gün Qasıma zəng etdim. Onu Binəqədi rayonu, Quşçuluq Massivinə apara bilib-bilməyəcəyini soruşdum. Qasım da cavabında maşında ailə üzvləri olduğunu və apara bilməyəcəyini dedi. Mən də problem olmadığını bildirdim və başqa taksi ilə getdim.

Həmin ərazidə Qasımla rastlaşdım. Maşında ailə üzvlərinin deyil, başqa şəxsin olduğunu gördüm. Qasımdan mənə borcu olduğu halda, niyə məni aldatdığını və qaçdığını soruşdum. Biz mübahisə etməyə başladıq. Bundan sonra Qasıma maşını qəbiristanlığa sürməyi, orada mübahisəmizi davam etdirməyi təklif etdik.

Ətrafda yaşayanları narahat etməmək üçün qəbiristanlığa getdik. Maşında mən və Qasımdan başqa heç kim olmayıb. Qasıma yumruq vurmuşam, Qasım da məni vurdum. Biz dalaşdıqdan sonra Qasım maşını mənə verməyi təklif etdi. Maşının mənim həyətimdə qalmasını istədi, 1 həftə və ya 10 gün ərzində pulu qaytardıqdan sonra maşını götürəcəyini bildirdi”. 

Abdulla bildirib ki, həmçinin, maşını verməyi ilə bağlı Qasım problem yaratmayacağını deyib: “Biz razılaşdıqdan sonra Qasım mənimlə deyil, taksi ilə getdi. Mən də Qasımın maşınını sürərək Binəqədiyə getdim. Mənim sürücülük vəsiqəm olmayıb. Maşını apararaq həyətimdə saxlayacaqdım. Mən Binəqədiyə əmimoğlugilə getdim. Maşını da onların həyətində saxladım.

Oraya hansı saatda getdiyimi xatırlamıram. Polisdən zəng gəldikdən sonra maşını Binəqədidə bir yerə apararaq saxladın və polisə həmin yerə gedərək götürmələrini bildirdim. Mən maşından maqnitofon götürmüşəm. Qasım əvvəldən həmin maqnitofonu mənə hədiyyə edəcəyini bildirmişdi və qəbiristanlıqda çıxararaq mənə verdi. Mən maqnitofonu Kamran adlı dostuma hədiyyə edəcəkdim. Kamran Masazırda yaşayır. Maqnitofonu heç kimə satmamışam. Qasımla razılaşmalarımıza baxmayaraq, Qasımın məndən şikayət etməsinin səbəbini bilmirəm.

Mənim Qasıma 2000 manat borc pul verdiyimi onun qardaşı Tural və digər ailə üzvləri, həmçinin öz dostum Rəvan bilir. Maşını götürməkdə məqsədim Qasımın pulunu qaytarması olub. Mən özümü yalnız Qasımla dalaşdığım üçün təqsirli bilirəm. Mən özüm də xəsarət almışam, dişim qırılıbş Lakin bu barədə şikayət etməmişəm. Mən 2-ci qrup əliləm. Əvvəllər Qasımla münasibətlərim yaxşı olub. Onunla düşmənçiliyimiz və ya ədavətimiz olmayıb”. 

Məhkəmədə təqsirləndirilən Abdullanın ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətlər müəyyən edilib. Bu səbəbdən məhkəmədə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. O, həmin ifadəsində göstərib ki, anası və nənəsiylə birlikdə Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivindəki evlərində yaşayıblar, subaydır, 2-ci qrup əlildir və buna görə də işləmir:

“Zərərçəkmiş Qasımı 7-8 il olar ki, qardaşı Turalın vasitəsi ilə tanımışam. Biz hər ikimiz qonşuluqda olan məhəllədə yaşayırıq. 2023-cü ilədək onlarla münasibətim yaxşı olub. Həmin gün saat 21:30-da yaşadığım evdə olarkən Qasıma zəng edərək məni öz maşını ilə Binəqədi şosesi, “Söyüdlər” məhəlləsində yaşayan qohumlarımgilə aparmasını xahiş etdim.

Qasım da ailə üzvlərimin maşınında olduqlarını və maşınının nasaz olduğunu bildirdi, məni apara bilməyəcəyini söylədi. Bundan sonra evdən küçəyə çıxdım və taksiyə minib qohumlarımgilə gedərkən Qasımın avtomobili ilə küçədə dayandığını və avtomobilin içərisində 4 nəfərlə oturduğunu gördüm.

Taksini saxladaraq yola saldım və Qasımın maşınına yaxınlaşaraq məni nə üçün aldatdığını dedim, maşınında olan tanımadığım şəxsləri yerə düşürdüm, özüm qabaq oturacaqda əyləşdim. Dərhal yumruqla Qasımın sifətinə bir yumruq vurdum, aramızdakı narazılıqla bağlı söhbət etmək üçün maşını Saray qəbiristanlığının yanına sürməsini tələb etdim.

Qasım isə həmin yerdə söhbət etməyimizi xahiş etsə də,  ona qarşı çox acıqlı olduğu üçün təkidlə maşını Saray qəbiristanlığına sürməsini tələb etdim. O, da sürdü. Həmin yerə çatdıqdan sonra da avtomobilin açarını götürdüm və Qasımı yumruqla vuraraq yerə düşməsini tələb etdim.

Qasım da yerə düşdükdən sonra maşından yerə düşdüm və sükanın arxasına keçmək istəyəndə Qasım yenə mənə yalvardı, maşınını ona qaytarmağımı söylədi, mənim sükanın arxasına keçməyimə mane olmağa çalışdı. Mən də yumruqla onun sifətinə bir zərbə vurdum və maşının sükanı arxasına əyləşdim. Qasıma maşınını geri almaq istəyirsə, 2000 manat pul verməsini tələb etdim.

Həmin vaxtı cibimdə olan istifadə etdiyim bank kartın nömrəsini Qasıma dedim, pulu həmin kartın hesabına göndərdikdən sonra gələrək maşını maşınını apara biləcəyini söylədim”. 

Abdulla qeyd edib ki, daha sonra maşını sürərək Binəqədi rayonu istiqamətində hərəkət etməyə başlayıb: “Bir neçə saat həmin avtomobillə Binəqədi rayonu ərazisində gəzdikdən sonra Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları mənə zəng etdi, Qasımın məndən şikayət etdiyini, yəni onun maşınını əlindən aldığımı bildirdilər.

Qasımın maşınını götürmədiyimi söylədim. Polis əməkdaşı da bölməyə gələrək izahat verməyimi tələb etdim. Sonra gedərək izahat verəcəyimi dedim, telefonu söndürdüm. Bundan sonra polisin məni və maşını axtaracağını hiss etdim. Qasımın maşınını Binəqədi qəbiristanlığının yanına sürərək orada kimsəsiz yerdə saxladım və maşının salonundakı maqintafonu əlimlə dartaraq yerindən çıxardım.

Sonra salondakı kiçik yük yerini, arxa yük yerini və mühərrik hissəsini açaraq özümlə götürmək üçün hər hansı qiymətli əşya axtarmışam. Lakin münasib heç nə tapa bilmədim və maşını Binəqədi rayonu Fövqəladə Hallar idarəsinin inzibati binasının yaxınlığına sürərək orada saxladım və maşındakı maqintafonu götürərək əynimdəki gödəkçəmin altında gizlətdim.

Saat təxminən 6 radələrində oradan taksi ilə Xırdalan şəhərinə yaşadığım evə getdim və maqintafonu həyətdəki göyərçin damında gizlətdim. Ertəsi günü həmin maqnitafonu gizlətdiyim yerdən götürərək Xırdalan şəhəri ,AAAF-Park yaşayış kompleksinin yaxınlığında küçədə dayanan tanımadığım taksi sürücüsünə 50 manata satdım və əldə etdiyim pulu həmin günü şəxsi ehtiyaclarına xərclədim.

Həmin vaxtı mənim yanımda başqa heç kim olmayıb, tək olmuşam. Həmin avtomobildən bir ədəd maqintafondan başqa heç nə götürməmişəm”.

Zərərçəkmiş qismində ifadə verən Qasımın sözlərinə görə, onun Abdullaya 500 manat borcu olub: “Borca görə, maşımı Abdullaya vermişəm və borcu qaytardıqdan sonra maşınını geri alacağımı bildirmişəm. Abdulla maşınındakı maqnitofonu və bəzi hissələri söküb. Buna görə armızda mübahisə yaranıb. Mən də şikayət etmişəm”.

Daha sonra zərərçəkmiş şəxs ifadəsinin davamında göstərib ki, əslində hadisə başqa cür cərəyan edib: “Hadisə günü Abdulla mənə zəng etdi və onu bir ünvana aparmağımı xahiş etdi. Mən də həm aparmaq istəmədiyim, həm də maşını xarab olduğu üçün Abdullaya onu apara bilməyəcəyimi və evə getdiyimi bildirdim.

Bundan sonra evimə çatana yaxın Abdulla qabağımı kəsdi, evə getmədiyim və maşın işlədiyim halda onu dediyi ünvana niyə aparmadığımı və aldatdığımı soruşdu. Məni vurdu və maşına mindi. Həmin vaxt mənim maşınımda bir sərnişin də olub. Lakin həmin şəxs maşından düşərək getdi.

Abdulla maşına mindikdən sonra, maşını sürməyimə göstəriş verdi və yolu göstərərək Saray qəbiristanlığına getdik. Qəbiristanlıqda dalaşdıq, Abdulla məni vurdu və maşını götürərək getdi”. 
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Abdulla 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top