
Türkiyədə son baş verən hadisələrdən sonra lirə sürətlə dəyər itirməyə başlayıb. Bununla yanaşı, ekspertlər sözügedən valyutanın son iki ilin ən pis həftəsini başa vurduğunu deyir. Belə ki, dollar lirəyə qarşı 0,50% bahalaşaraq 38,0134 lirəyə yüksəlib. Həftənin əvvəlindən itkilər 3,7% təşkil edib. Digər tərəfdən, Azərbaycanda Türkiyə məhsullarına, özəlliklə geyimlərinə olan maraq hər kəsə bəllidir. Lirə ilə bağlı vəziyyətin ölkəmizdən də yan keçməyəcəyi bildirilir. Xüsusilə ucuzlaşmanı gözləyən vətəndaşlar kifayət qədərdir.
Lirənin ucuzlaşması Türkiyədən ölkəmizə gətirilən malların qiymətinə təsir edəcəkmi?
Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, türk lirəsinin ucuzlaşması uzun müddətdir, davam edir:
“Sadəcə indi Türkiyədə siyasi proseslər fonunda lirə sürətlə dəyər itirir. Bu, bir tərəfdən Türkiyə məhsullarının ixracını genişləndirməyə stimul yaradır. Lakin digər tərəfdən ölkə daxilində inflyasiyanın sürətlənməsinə, qiymətlərin artmasına, bahalaşmanın genişlənməsinə və vətəndaşların həyat tərzinin pisləşməsinə gətirib çıxarır. Əlbəttə Türkiyə Azərbaycanın qarşılıqlı iqtisadi, ticarət əlaqələrinin olduğu üç ölkədən biridir. Ölkəmizdə türk məhsullarına tələbat olduqca böyükdür. Amma bundan əvvəl də lirə ilə bağlı vəziyyət Azərbaycana gələn Türkiyə mallarının kəskin ucuzlaşmasına səbəb olmayıb”.

Pərviz Heydərov
İqtisadçı bildirib ki, bu, bilavasitə ölkəmizə idxal olunan məhsullar üzrə gömrük prosedurları, rüsum və vergilərlə izah oluna bilər:
“Əslində bir sıra məhsullar üzrə ölkəmizə idxalın genişlənməsi o qədər də arzuolunan hesab edilmir. Odur ki, sözügedən məhsulların ucuzlaşacağını gözləməyə dəyməz. Lirənin hədsiz dərəcədə dəyər itirməsinin Türkiyə iqtisadiyyatına mümkün mənfi fəsadlarını nəzərə alsaq, qarşısının alınması daha yaxşıdır. Çünki belə durum bizim üçün də sərfəli hesab olunmur”.