
Azərbaycan ərazisindəki qədim yaşayış məskənlərindən aşkar olunan eksponatlardan ibarət sərgi təşkil ediləcək.
Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 14-16-da “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfrans mədəni irsin ən qədim nümunələrinin qorunması, təbliği, tədqiqi və tanıdılması üçün yeni ideyaların və həll yollarının müzakirəsi məqsədi daşıyır. Eyni zamanda tədbir vasitəsilə beynəlxalq və regional əməkdaşlığı gücləndirmək, mədəni irsin qorunması üçün yeni strategiyalar hazırlamaq və onların tətbiqinə dair mexanizmlər yaratmaq məqsədilə mühüm addımların atılması hədəflənir.
Tədbirdə bir sıra ölkələrdən alimlər, tədqiqatçılar, ekspertlər, eləcə də qeyri-hökumət təşkilatları və media nümayəndələri bir araya gələcək.
Konfransda “Qədim insan məskənləri: mədəni irs bəşəriyyətinin beşiyi kimi”, “Dəyişən iqlim və silahlı münaqişə şəraitində qədim insan məskənləri”, “Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi” mövzuları üzrə panel iclaslar təşkil olunacaq.
Tədbir çərçivəsində mövcud beynəlxalq mexanizmlər və milli səylər nəzərdən keçiriləcək, ən yaxşı təcrübələr və təkmilləşdirilməli sahələr müəyyən ediləcək.
Konfrans çərçivəsində Azərbaycan ərazisindəki qədim yaşayış məskənlərindən aşkar olunan eksponatlardan ibarət sərgidə təşkil ediləcək.
Xarici İşlər Nazirliyi (XİN), Şuşa və Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəlikləri və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) konfransın tərəfdaşı qismində çıxış edirlər.
