Təbii qaz itkilərinin idarə olunmasında qabaqcıl texnologiyalardan istifadə olunur — “Azəriqaz”ın baş direktoru

İQTİSADİYYAT 04 mart 2025, 09:16
“Azəriqaz” İstehsalat Birliyi olaraq 40 minə yaxın qeyri-əhalinin də olduğu 2 milyon 600 minə yaxın abonent xidmət göstəririk. Şəbəkə infrastrukturunun idarə olunması və itkilərin azaldılması məqsədilə qabaqcıl  standartlara uyğun yeniliklər tətbiq olunur.

Demokrat.az “İki sahil”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Azər Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkilatçılığı ilə “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda keçirilən bugünkü ictimai müzakirəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, “Azəriqaz” təbii inhisarçıdır, ona görə də, beynəlxalq təcrübədə olduğu kimi, onun fəaliyyəti dövlət qurumu tərəfindən müəyyən edilən tənzimləmələrə uyğun olmalıdır.

“Qazın alışı və satışı tarifləri, habelə göstərdiyimiz xidmətlərin standartları bu tənzimləmələrə daxildir. Bu kontekstdə, strategiyamız üç əsas komponentdən ibarətdir: tənzimləyici mühitin təkmilləşdirilməsi, biznes səmərəliliyinin təmin edilməsi və rəqəmsallaşma sayəsində təşkilati strukturun optimallaşdırılması. Şəbəkəmizin yaşının 65-dən çox olduğunu  nəzərə alaraq, biz yeni standartlara uyğun şəbəkə infrastrukturunun qurulmasına xüsusi diqqət yetiririk. Bu, həmçinin itkilərin azaldılması məqsədini də güdür. Köhnə şəbəkəmizdə hələ də itkilər mövcuddur və bu itkilərin daha effektiv şəkildə idarə edilməsi üçün SOCAR-ın da dəstəyi ilə yeni texnologiyaların tətbiqi istiqamətində işlər aparırıq. Transformasiya proqramımızın tərkib hissəsi olaraq təbii qaz şəbəkənin klasterlərə bölünməsi, ölçü qovşaqlarının yenilənməsi kimi strateji təşəbbüslər icra olunur. Avropanın aparıcı qazpaylama operatoru “İtalgas” şirkəti ilə birgə Picarro texnologiyası vasitəsilə sızmaları aradan qaldırılması, eləcə də Yaponiyanın “Mitsui and Co” şirkəti ilə karbon emissiyalarının azaldılmasına imkan verəcək layihələr həyata keçiririk. Bu sahədə atacağımız addımların ən vacib istiqamətlərindən biri Birliyin maddi-texniki bazasının gücləndirilməsi və şəbəkə infrastrukturunun yenilənməsidir. Eyni zamanda, enerji səmərəliliyinin artırılması və digər prioritet layihələrin icrası üçün professional və təcrübəli kadrların yetişdirilməsi də bizim üçün önəmli məsələlərdəndir. Ayrıca, rəqəmsallaşma və məlumatların düzgün idarə edilməsi istiqamətində də ciddi addımlar atılmaqdadır”, - deyə A.Məmmədov əlavə edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top