Azərbaycanla birgə ictimai diplomatiya mexanizmimiz dezinformasiyaya qarşı gücümüzü birləşdirəcək

XARİCİ SİYASƏT 19 fevral 2025, 11:30

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Azərbaycan ilə Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda Bakıda keçirilən dəyirmi masa iştirakçılarına məktub ünvanlayıb.

Demokrat.az xəbər verir ki, onun məktubunu Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Cihangir Alptekin İşbilir səsləndirib.

Məktubda 2020-ci ilin 10 dekabrında “Türkiyə ilə Azərbaycan arasında Media sahəsində Strateji Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” xatırladılaraq bunun kommunikasiya və media sahəsində iki ölkə arasında hərtərəfli yol xəritəsi olduğu diqqətə çatdırılıb:

“Geridə qalan müddət ərzində biz həm Türk Dövlətləri Təşkilatı, həm İslam Əməkdaşlıq Təşkilatı, həm də ikitərəfli əlaqələr çərçivəsində dəfələrlə görüşlər keçirmiş, əməkdaşlığımızı daha da gücləndirmək üçün səylərimizi birləşdirmişik”.

F.Altun 2021-ci ildə Birgə Media Platformasının ilk iclasında “İctimai diplomatiya”, “Beynəlxalq media”, “Strateji kommunikasiya”, “Təhsil”, “Qanunvericilik və tənzimləmə”, “Rəqəmsallaşma və beynəlxalqləşmə” komitələrinin yaradılmasına diqqət çəkib.

“Bu mənada, institusionallaşmış birgə ictimai diplomatiya mexanizmimiz işimizin keyfiyyətini artıracaq, xüsusilə dezinformasiyaya qarşı mübarizədə gücümüzü birləşdirəcək. Bu kontekstdə dünya ictimaiyyətinin düzgün məlumatlandırılması böyük əhəmiyyət kəsb edir”, – o vurğulayıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri yekun olaraq bildirib ki, 2025-ci il martın 4-də Bakıda “Daha ədalətli dünya mümkündür” adlı panel və dəyirmi masa toplantısı da keçiriləcək:

“Birgə media platformamızın 2024-cü il üçün fəaliyyətinin qiymətləndiriləcəyi və gələcək proqnozların müzakirə olunacağı bu toplantının faydalı olacağına ümid edirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 fevral 2025, 22:58
Top