“İpi arvadımın boğazına keçirdi, boğmağa başladı” — İki qardaş dalaşdı

KRİMİNAL 23 yanvar 2025, 14:27
Lənkəranda 1980-cı il təvəllüdlü Tahir Səlimov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Abbasa (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Lənkəran rayonunun  Boladi qəsəbəsində baş verib. Tahir qəsəbədə yerləşən fərdi yaşayış evinin həyətində qardaşı Abbasla şəxsi münasibətlər zəminində, yəni qardaşının onun ünvanına nalayiq ifadələr işlədərək təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı burun nahiyəsinə qəsdən kəlləsi ilə bir dəfə vurub. 

Hadisəni törədən Tahirin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Abbas onun doğma qardaşıdır, onunla təsərüfatları ayrı olsa da, bir evdə yaşayır: “Qardaşım Abbas ailə həyatı qurmayıb, tüfeyli həyat tərzi keçirir, mütəmadi olaraq spirtli içkilər qəbul edib. Mənimlə ev üstündə, mənim ailəli olduğuma paxıllıq etməsi üstündə mütəmadi aralarında mübahisələr olub. Bir neçə dəfə arvadım Cəlalənin adına xoşagəlməz sözlər danışaraq arvadıma böhtan atıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə 6 noyabr 2024-cü ildə, saat 12 radələrində həyətdə təmizlik işləri aparıb: “Bu vaxt Abbas heyətdə oturaraq yeyib-içərkən məndən həyətə özünün tökdüyü zibilləri yığışdırmağımı tələb etdim. Bu zaman Abbas sərxoş olduğu üçün mənə yaxınlaşaraq mübahisə edib, məni söyməyə başladı. Arvadım Cəlalə evdə xörək bişirib, söyüş səslərini eşitdi. Bizə yaxınlaşaraq Abbasın məni söyməsini öz mobil telefonu ilə çəkilişi apardı. Abbas bu vaxtı arvadımda söyməyə başladı. Bu anda qəfildən gözümdən yayınan Abbas əlinə ip götürərək arxadan arvadım Cəlaləyə yaxınlaşdı, ipi onun boğazına keçirdi. Arvadımı boğarkən mən buna görə tez onlara yaxınlaşdım və Cəlaləni qardaşımın əlindən ayırmağa çalışdım. Bu zaman Abbas arvadımı boğmaqda davam etdiyi üçün onu itələdim, onun burun nahiyəsinə qəsdən bir kəllə zərbəsi vurdum. Kəllə Abbasın burnuna dəyəndən sonra onun burnundan qan açıldı. Abbas arvadımı buraxdı, həyətdə çardağın altında olan şkafdan balta götürdü və həmin baltanı uzaqdan mənə atdı. Mən kənara çəkildiyim üçün dəymədi. Törətdiyim cinayət əməlini səmimi etiraf edir, etdiyim əməlindən səmimi peşman olmuşam. Qardaşıma dəymiş ziyanı ödəmiş, onunla barışıq əldə etmişəm. Onun  məndən şikayəti yoxdur”.

Zərərçəkmiş Abbas ifadəsində bildirib ki, təqsirləndirilən Tahir onun qardaşıdır: “Qardaşım ailəlidir, mənimlə birlikdə Lənkəran rayonu Boladi qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. Mənim şəxsi evim olmadığına görə ailə həyatı qura bilməmişəm. Qardaşım da müxtəlif bəhanələr gətirərək məni evdən çıxartmaq istədi. Qardaşımın həyat yoldaşı Cəlalə mənə yersiz bəhanələr ataraq bir neçə dəfə söz-söhbətlər yaradaraq məni evdən çıxartmaq istədi”.

Abbas qeyd edib ki, hadisə günü, təxminən saat 12 radələrində yaşadığı Lənkəran rayonu Boladi qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində olan zaman qardaşı Tahir və həyat yoldaşı Cəlalə ona həyətdən keçən su kanalına niyə məişət tullantıları atmasını bildirib: “Qardaşım mənimlə söz mübahisəsi etməyə başladı. Tahir mənim qolumdan tutaraq həyətdən çıxarmaq istəyən zaman onun üzərinə qışqırdım, məndən əl çəkməsi bildirdim. Bu zaman aramızda söz mübahisəsi baş verən zaman gözləmədiyim anda Tahir baş nahiyəsi ilə burun nahiyəmə bir dəfə qəsdən zərbə endirdi. Nəticədə burnumdan xəsarət alaraq yerə yıxıldım”. 

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Tahirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 yanvar 2025, 19:30
Top