“Şokolad testi” — Bir təcrübənin izi ilə…

MARAQLI 03 yanvar 2025, 23:45
Bəzən öz arzu və istəklərimizə nail olmaq üçün müxtəlif yollara baş vururuq. Bəs, lazım gəlsə, bu arzu və istəklərimizdən imtina edə bilərikmi? Ya da lazım gəlsə, bu arzu və istəklərimizi təxirə sala bilərikmi? Və nəhayət son sual, əgər təxirə sala biləriksə, bunun bizim üçün faydaları nələrdir?
Bu suallara cavab tapmaq üçün Stanford Universitetinin psixoloqu Valter Mişel bir təcrübə apardı. Bunun üçün, o, universitet müəllimlərinin uşaqlarından ibrət bir qrup təşkil etdi və yaşları orta hesabla 4 olan bu uşaqlara cürbəcür şokoladlar təklif etdi. Ancaq V. Mişel şokoladları verməzdən əvvəl uşaqlara: “Əgər kim 15 dəqiqə səbir etmək istəsə, ona iki şokolad verəcəyəm. Yox əgər kim 15 dəqiqə səbir etmək istəməsə, ona bir şokolad verəcəyəm”, - dedi.
Və V. Mişel otaqdan çıxar-çıxmaz uşaqlardan bir qrupu əllərini masaya uzatdılar və masadan bir şokolad götürdülər. Digər qruq isə oyun oynayaraq 15 dəqiqə gözlədilər və 15 dəqiqə sonra mükafat kimi iki şokolad aldılar. Beləliklə, bu təcrübənin bir nəticəsi kimi uşaqlar “səbirli” və “səbirsiz” olmaqla iki qrupa ayrıldılar.
Əlbəttə ki, Valter Mişelin “Şokolad testi” adlandırdığı bu test burada başa çatmadı. Və o bu uşaqları uzun müddət nəzarətdə saxladı. Bu uşaqlar yetkinlik yaşına çatdıqda isə onların sosial mövqeləri arasında ciddi bir fərq olduğu ortaya çıxdı. Belə ki, “səbirlilər” qrupu (onlar qrupun üçdə ikisini təşkil edirdilər) sosial baxımdan daha aktiv idilər. Onlar həyatın çətinliklərindən qorxmur, həmçinin stress vəziyyətinə düşmürdülər. Özlərinə çox inandıqları üçün həyatda daha mübariz idilər. Digər tərəfdən, “səbirlilər” təşəbbüskarlıqları ilə də o birilərindən fərqlənirdilər. Üstəlik, 4 yaşlarında göstərdikləri “əzmkarlıq” məsləsəsində də hələ də birinci idilər. Fikirlərini daha sərbəst ifadə edir, diqqqətlərini daha asan toplayırdılar. Üstəlik, bütün işlərində planla və məntiqlə hərəkət edirdilər. Digər tərəfdən, intellekt imtahanlarında əldə etdikləri intellekt faizləri də o birilərindən ən azı 20 faiz çox idi.
“Səbirsizlər” qrupu isə (onlar qrupun üçdə birini təşkil edirdilər) sosial baxımdan daha passiv idilər. Sosial həyatda da özlərini doğrultmaqda çətinlik çəkirdilər. Onlar qətiyyətsiz, heç nə ilə qane olmayan, inadkar, qısqanc, əsəbi, stress qarşısında inamlarını itirən gənclər olmuşdular. İnsanlara çox çətin inanırdılar və istədiklərini əldə etməyəndə şikayət edirdilər. Üstəlik, əksəriyyəti artıq çəkidən əziyyət çəkirdilər. “Səbirlilər” qrupu fikirlərini daha dəqiq ifadə etsələr də, “səbirsizlər” qrupu bu keyfiyyətdən də məhrum idilər...
Deməli, bir məqsədə çatmaq üçün bəzən arzu və istəklərimizdən imtina etməyi, bəzən də arzu və istəklərimizi təxirə salmağı bacarmalıyıq. Çünki bu, eyni zamanda, özünənəzarət qabiliyyətimizin də inkişaf etməsi deməkdir. Üstəlik, bu, psixoloji bir qabiliyyət kimi həyatda uğur qazanmağımız üçün də çox vacibdir. Ona görə də, kiçik yaşlarımızdan bu qabiliyyəti beyinimizə qızıl hərflərlə yazmalıyıq.
Bir sözlə, bəzən kiçik bir hissinə hakim olmağı bacaran bir insan bütün həyatına da hakim olmağı bacara bilər... (yeniavaz.com)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top